"Ermənilərin əsas məqsədi aeroportu ələ keçirmək idi"

Baxış sayı:
5842

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Azərbaycan səfiri yazır: XX əsrin Xocalı faciəsi... unudulmazdır” sərlövhəli məqalə dərc edilib.
Muxalifet.az xəbər verir ki, məqalələrdə qeyd edilir ki, ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb.
Müəllif bildirir ki, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Bununla yanaşı, ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş qətliamdan bəhs edilərək bildirilir ki, həmin gecə çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişlər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. Yazıda qeyd edilir ki, bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi.
Müəllif diqqətə çatdırır ki, bu təcavüz zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal olunmuş digər ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək onların bir qismi öldürülüb və şikəst edilib.
Xocalı faciəsi ilə bağlı təkcə əcnəbilər deyil, eyni zamanda, ermənilərin özlərinin etdikləri etiraflar da mövcuddur. Jurnalist Tomas de Vaalın “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında göstərildiyi kimi, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan öz etiraflarında deyib: “Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik”.
Vurğulanır ki, Xocalı hadisəsindən sonra bir çox dünya KİV-ləri ermənilərin təkcə Azərbaycan xalqına qarşı deyil, ümumiyyətlə, insanlıq əleyhinə yönəlmiş cinayəti işıqlandırıblar.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı Sərəncamda deyilir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
2008-ci ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası başlanılıb. Onlarla ölkədə dəstək qazanmış kampaniyanın məqsədi bu faciənin gələcəkdə təkrarlanmaması üçün Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılmasıdır.
Xocalı soyqırımını Pakistan, Meksika, Kolumbiya, Sudan, Peru, İordaniya, Honduras, Panama, Rumıniya, Cibuti, Çexiya, Serbiya, Bosniya və Herseqovina, Cibuti və Şotlandiyanın qanunverici orqanları və ABŞ-ın 20-dən çox ştatı tanıyıb. Bütün dünya Ermənistanın təcavüzkar siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsi üçün səylərini səfərbər etməli, Azərbaycan xalqı ilə onun hüquqlarının bərpa edilməsi naminə həmrəylik və dəstək göstərməlidir.