Ermənistan və Qarabağa 100 milyon dollar ayrılması təklif olundu

ABŞ-ın nümayəndələr palatasının 35 üzvü, Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədri Frank Pallonenin Ermənistan və işğal altında olan Qarabağa 100 milyon dollar ayrılması çağırışına dəstək verib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 100 milyonun 6 milyonunun işğal altında olan Qarabağda minadan təmizləmə fəaliyyətlərinə sərf ediləcəyi iddia edilir.
"Daha 4 milyon vəsait isə Reys Engelin təkliflər proqramı üçün sülhə hazırlığa sərf edilə bilər", - deyə Amerika erməni milli komitəsindən (ANCA) bildirilib.
Həmçinin qeyd olunur ki, bu vəsaitin 60 milyon dollar həcmi Ermənistana ayrılmalıdır. Həmin vəsaitin 10 milyon dolları iqtisadi yardım, 20 milyon dolları suriyalı qaçqınlar üçün nəzərdə tutulur.
Konqresmenlər, həmçinin nümayəndələr palatasının qəbul etdiyi Azadlığa Dəstək Aktına əməl edilməsinə dair çağırış ediblər. Həmin sənədin 907-ci düzəlişinə əsasən ABŞ-ın Azərbaycana hərbi yardım etməsi qadağan edilir.
Qeyd edək ki, ötən il də ABŞ Nümayəndələr Palatasının 37 üzvü Konqresin erməni məsələləri üzrə komissiya qrupunun həmsədri Frenk Palonun 2019-cu maliyyə ilində Qarabağ və Ermənistan üçün 70 milyon dollar ayrılmasına dair çağırışına qoşulub.
Komitə minadan təmizləmə və əlillərə yardım üçün 6 milyon dollar, sülhə dəstək üçün 4 milyon dollar, Ermənistana isə 30 milyon dollar məbləğində yardım xahiş edirdi. Ermənistana ayrılacaq yardımın 10 milyonu hərbi yardım kimi, 20 milyon dolları Yaxın Şərqdən gələn qaçqınların qəbul edilməsi üçün nəzərdə tutulurdu.
Bununla yanaşı, konqresmenlər Azərbaycana ayrılan istənilən yardımı dayandırmaqla, ərazilərin minalardan təmizlənməsi və atəşkəsin pozulmasını qeydə alan cihazların əldə edilməsi və quraşdırılması məqsədilə işğal altında olan Qarabağa 10 milyon dollar məbləğində yardımın edilməsini xahiş edirdilər.
Qeyd edək ki, bu çağırışı dəstəkləyən şəxslər ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika erməni milli komitəsinin maliyyə təsiri altında olduqlarını dəfələrlə öz əməlləri ilə sübut ediblər. Bu addımın və ayrılacaq məaliyyə vəsaitinin hansı şərtlər altında həyata keçiriləcəyi ABŞ Konqresinin müvafiq etik komitələri tərəfindən araşdırılmalıdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında”, “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” qanununun müddəalarını kobud şəkildə pozmuş ABŞ Konqresinin nümayəndələr palatasının üzvü Frank Pallonenin adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.