Evindən narkotik tapılan şəxsin SƏMİMİ ETİRAFLARI: Çəkənəm, heç kim bilmirdi... - VİDEO

Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sərək kəndi ərazisində əməliyyat keçiriblər.
Kənd sakini Fərhad Əliyev 29 q. narkotik vasitə olan qurudulmuş marixuananı satarkən saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan külli miqdarda narkotik aşkarlanaraq götürülüb.
Ziya Rüstəmov - Müstəntik: "Saxlanılan şəxsin yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman feyxoa ağacının altında, torpağa basdırılmış iki ədəd 3 l-lik balonda 548 q narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Həmçinin evin saxlanc yeri kimi istifadə edilən otağında 1 ədəd ağ rəngli sintetik torbanın içərisindən ümumi çəkisi 5 kq-dan artıq olan marixuana aşkar edilərək götürülüb".
Fərhad Əliyev - Saxlanılan şəxs: "Nəşə çəkənəm. Həyətimdə əkib qurutmuşdum. Balona yığıb, ağacın dibinə basdırdım. 8 ədəd qutuda da öz yataq otağımda qoymuşdum, heç kim bilmirdi. Polis əməkdaşları gəlib məni tutdu".
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.