“Fəxrəddin Aboszodə siyasi məhbus ola bilməz”

Ermənistanın xüsusi xidmət orqanlarının agenti olan Fəxrəddin Abbasov (özünü Aboszodə kimi qələmə verir-red.) ötən həftə Rusiyadan Azərbaycana deport olundu və Azərbaycan DTX-si onu hava limanında həbs etdi. Çünki Fəxrəddin Abbasov Azərbaycana qarşı törətdiyi cinayətlərə görə 2018-ci ilin yayında onun barəsində cinayət işi başlanmış və Səbayel Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Onun barəsində beynəlxalq axtarış elan edilmişdi. 2018-ci ilin sentyabrında isə o, Rusiyada saxlanılmışdı. Təbii ki, xəyanətkar əməllərinə görə Fəxrəddin Abbasov qanun qarşısında cavab verməlidir. Hər kəs onu vətən xaini kimi tanıyır. Lakin xaricdəki bir-iki havadarları öz maddi və fərdi maraqları naminə onun müdafiəsinə qalxmağa çalışır, onu az qala “siyasi məhbus” elan edirlər. Vətənə xəyanət etdiyinə görə Azərbaycan vətəndaşlığından çıxarılan və Hollandiyada separatçılıqla məşğul olan, Ermənistanın agentinə çevrilən Ələkrəm Hümmətov artıq özünün bir tayı olan Fəxrəddin Aboszodənin müdafiəsinə qalxıb. O da bəllidir ki, ötənlərdə bəzi beynəlxalq, ermənipərəst təşkilatlar Ə.Hümbətovu, habelə Azərbaycanda hətta terror törətdiyinə görə həbs edilən şəxsi belə “siyasi məhbus” elan etmişdilər. Bu, hüquq müdafiəçiləri arasında ciddi mübahisələr doğurmuşdu. Anti-Azərbaycan bəyanatları ilə tanınan, erməni agenti Fəxrəddin Abbasovu da “siyasi məhbus” siyahısına salmağa cəhdlər edilə bilərmi? Səadət Bənəniyarlı: “Biz onu siyasi məhbus kimi tanımırıq” Hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a bildirdi ki, hazırda istintaq gedir: “Hüquqi baxımdan gözləmək lazımdır ki, istintaqın yekunu necə olacaq. Ona görə bu suala tez cavab vermək olmaz. Amma biz onu ”siyasi məhbus" kimi tanımırıq. Ümumiyyətlə, o demək deyil ki, siyasi məhbus kimi tanınanların hamısı azadlığa buraxılırlar". Nəzakət Məmmədova: “Agentlərə də dərs olsun ki...” Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, onun adına ilk dəfə Ermənistanın “Voskanapat” saytında rast gəlib: “Azərbaycana qarşı nifrinlər yağdıran bu saytda mütəmadi olaraq onun yalan, iftira, hədyanlarla dolu yazıları çap olunurdu. Azərbaycan torpağında doğulub, onun havasını udmuş, suyunu içmiş bu xainin ermənidən betər ermənilik etməsi dəhşətli idi. Yəqin ki, vicdan hissini itirmiş olmasaydı, bu nalayiq addımlarının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş minlərlə talış övladının ruhunu incitdiyini anlayardı. Adıçəkilən saytın rəhbəri Qarabağda bizim hamımıza - Azərbaycan xalqına, o cümlədən onun ayrılmaz bir parçası olan talışlara güllə atan, “Miatsum” adlı mənfur separatçı hərəkatın sədr müavini olmuş, F.Abbasovun yaxın dostu, F.Abbaszadə kimi Azərbaycanda doğulub, sonra ona xəyanət edən Levon Melik Şahnazaryan idi. Görünür, “Miatsum”un və “Talış Muğan Respublikası”nın idarə olunduğu eyni mərkəz Abbasovu Şahnazaryanla Azərbaycana qarşı informasiya cəbhəsində vahid səngərdə birləşməyə vadar etmişdi. Onun agent fəaliyyəti “Voskanapat”la əməkdaşlıq etməklə bitmir. Ermənistanın “Yerkramas”, “Panorama”, “HayasaNews” və s. saytlarında onunla müsahibələr çap olunub, məqalələrlə çıxış edib. 1995-ci ildə Rusiyaya gedən Abbasov Sankt-Peterburqda Azərbaycan əleyhinə qəzet nəşr edib, 2005-ci ildə Ermənistanda təxribatçı konfrans təşkil olunub. Həm Rusiyada, həm Avropada gizlənən bəzi xəyanətkarlara, agentlərə də dərs olsun ki, siyasi sığınacaq almaqla, yaxud qaçıb gizlənməklə iş bitmir". Qənirə Paşayeva: “Onun kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər” Deputat Qənirə Paşayeva isə facebookda qeyd edib ki, F.Abbasovun layiq olduğu cəzanı alacağına inanır: “Pəncəli Teymurov kimi öz toy günündə özünə Vətənimiz üçün şəhid ola bilməyi diləyən qəhrəman oğulların ruhunu sızladırdı Fəxrəddin Abbasov adlı vətən xaininin, satqının əməlləri. Onun layiq olduğu cəzanı alması Vətənimizi bölmək, parçalamaq, zəiflətmək niyyətində olub, xarici qüvvələrə çalışanlara, onların arxasında dayananlara da böyük bir dərs olacaq. Ziyalılarımızın bu mövqeyi də onlara ciddi bir dərs olacaq. Hər dəfə cənub bölgəmizə səfər edəndə insanlarımızda Vətənimizin bütövlüyünün qorunması, birliyimiz, Qarabağı azad etmək ruhunu, düşüncəsini görməkdən çox məmun oluram. Fəxrəddin Abbasov kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Bu Vətəni, bu milləti heç kim parçalaya bilməz! Biz birlikdə güclü Azərbaycanıq!" Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DSX) dövlət əleyhinə və millətlərarası ədavətə çağırışlarda ittiham olunan Fəxrəddin Abbasovun həbs edildiyini bildirib. 2018-ci ilin iyulunda Bakıda F.Abbasova qarşı Azərbaycan CM-in 283.1 və 281.2-ci maddələri ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib. F.Abbasovun Rusiyada müvəqqəti yaşama icazəsi olub, müddət bitdikdən sonra deportasiya edilib. O, Bakı aeroportunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib. Hazırda F.Abbaszadənin Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı, KİV-də, sosial şəbəkələrdə və müxtəlif tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışları və bəyanatları araşdırılır./musavat