GÜRCÜDƏN GERİDƏ, TACİKDƏN ÖNDƏ - Korrupsiya siyahılarının “zirzəmisinə” layiqikmi?

“Beynəlxalq şəffaflıq” təşkilatı 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini açıqlayıb. Azərbaycan hesabatda 31 balla 180 ölkə arasında 122-ci sırada yer alıb. 2016-cı ildə isə ölkəmiz 30 balla 176 ölkə sırasında 123-ci yeri tutmuşdu. Yəni yaxşılığa doğru cəmi simvolik bir pillə irəliləyə bilmişik. Ölkəmiz adına heç də qürurverici hadisə deyil bu. Və təəssüf ki, futbol üzrə millimizin dünya sıralamasında tutduğu yerlərə öyrəşdiyimiz kimi, bu cür siyahılarda da qərarlaşdığımız mövqelərə artıq adət etmişik…
Qədim bir deyim var – xəstəlik gələndə batmanla gələr, çıxanda misqalla (damla-damla, qram-qram) çıxar. Korrupsiyanın da dövlətin, millətin vücudunu çürütdüyü, bugününü və gələcəyini məhv edib, qaraltdığı bir xəstəlik olduğu sirr deyil. Təəssüf ki, bizim də canımıza, qanımıza batmanla girən bu bəlanı damla-damla çıxarmağa çalışsaq da, ortada elə bir ciddi nəticə görə bilmirik. Məsələn, bu mərəzlə mübarizə sayılan son addımlardan biri, vergi nazirinin dəyişdirilməsi və yoxlamalara ara verilməsidir.
Hazırda belə təəssürat yaranır ki, komaya düşərək, reanimasiyaya yerləşdirilən sahibsiz sahibkarlığımıza yiyə duracağı gözlənilən həkim tapılıb. Sanki bu “xəstəni” artıq reanimasiyadan çıxarıb, palataya yerləşdirmək istəyirlər. Ancaq elə bil, “həkim” bir növ tərəddüd içərisindədir. Yəqin elə bu tərəddüdün nəticəsidir ki, ilk olaraq, vergi qurumundan qovulan 64 iri ranqlı məmurdan ən azı 2-sinin “naməlum səbəblərdən” geri qaytarıldığı barədə məlumatlar ortaya çıxdı. Digər tərəfdən, sahibkar hələ başına nə gələcəyini bilmir və hesab edir ki, bu sakitlik yalnız seçkiyə qədər davam edəcək, yəni qeyri-müəyyənlik içindədir. İstənilən halda onun tam sağalıb, ayağa qalxacağı gün çox uzaq görünür, çünki tam müalicə üçün yalnız vergi islahatı da kifayət deyil…
Sözügedən siyahıda bizdən çox-çox öndə olan Gürcüstan 46-cı, Belarus 68-ci yerdə, bizim baxıb “şükür edəcəyimiz” Tacikistan isə 161-ci pillədədir. Bir növ Gürcüstanla Tacikistanın arasında qalmışıq – tək korrupsiya sıralaması deyil, həm də mentalitet, düşüncə tərzi, yenilikləri qavrama və tətbiq etmə, dövlət-cəmiyyət münasibətləri və digər məsələlərdə. Bu gün bizim çoxumuz camaatın qanına susayan müftəxorları söysək də, övladlarımızı gələcəyin prokuroru, hakimi, gömrük və vergi işçisi, yaxud digər gəlirli sahənin heç olmasa ortabab ranqlı məmuru görməkdən imtina etmərik. Bilə-bilə ki, o mövelərdə “dolanışıq” hansı yollarla əldə edilir… Yəni ki, özümüzün canında da az yoxdur! Ancaq eyni zamanda da, biz mühitə görə öz davranışlarımızı tez dəyişə bilən bir toplumuq.
Primitiv bir nümunə – “Baku Bus”un yeni avtobuslarında və adi köhnə avtobuslarda insanlarımız özlərini xeyli fərqli aparır. Fikir vermisinizsə, yeni avtobuslarda səs-küy, dava-dalaş nadir hallarda olur, sanki sərnişinlər özlərini daha mədəni aparmağa borclu bilir. Yəni ümid var ki, mühit yaxşıya doğru dəyişdikcə, insanlarımız da mənfi meyllərdən uzaqlaşacaq…
Gözümüzün önündə Ziya Məmmədov, Eldar Mahmudov, Tağı Əhmədov, Cahangir Hacıyev, Heydər Babayev, hətta Əli İnsanov və digər nümunələr var. Ancaq hər kəs düşünür ki, bu aqibət ondan yan keçəcək. Bu gün “Ziya Məmmədovun evi yandı” xəbəri bütün qəzetlərin manşetlərini bəzəyir. Sanki yazı-pozu əhli də, qara camaat da buna sevincək olub. Təbii ki, belə xəbərləri bu şəkildə təqdim etmək və belə şeylərə sevinmək bir tərəfdən doğru deyil, ancaq camaatı qınamaq da çətindir. İnsanların içində illərdən bəri xalqın sərvətləri hesabına harınlayıb-şişən məmurlara qarşı mənfi enerji yığılıb və belə xəbərlər az da olsa, onlara təsəlli verir. İnanın ki, hazırda vəzifədə olanların da böyük əksəriyyəti bugün “vurulub”, sabah evi yansa, eyni münasibəti görəcəklər. Məsələnin təəssüf doğuran əsas cəhəti odur ki, bu adamların “şişməsini” gözləyirlər, şişməmiş bunları durduran yoxdur…
Bugün iqtisadiyyatın məmur-oliqarxların nəzarətində olmayan hansısa istiqaməti varmı? Səhiyyədən tutmuş əmlak məsələlərinə, məhkəmə-ədliyyə sistemindən yol polisinə qədər, korrupsiyanın “şumlamadığı” hansı sahələr qalıb? Biz öyrəşmişik ki, səhiyyə naziridirsə, klinikası, iqtisadiyyat naziridirsə, iri müəssisələri və sair olmalıdır. Yəni ki, hərə öz sahəsinin “atasıdır”!
Bir şey gün kimi aydındır ki, bu məmur-oliqarx zümrəsinin ölkə iqtisadiyyatına, cəmiyyətinə mənfi təsiri aradan qaldırılmayınca, biz korrupsiya ilə bağlı hesabatların “zirzəmisindəki” yerimizi qoruyub, saxlayacıq./azpolitika.info/