Hərbi prokurorluq hərbi qurumların qanunsuzluqlarını müdafiə edir - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
2740

Daxili Qoşunların özbaşınalığını araşdırmaq prokurorluğun səlahiyyətlərinə aid deyil?

20 il olar, son xidmət yerim olan DİN Daxili Qoşunlarının (DQ) 1-ci dərəcəli Qarabağ qazisinə qarşı düşmənçilik həddində olan özbaşınalığından ali dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarına şikayətlər araşdırılmır. Əksinə, Prezidentə, baş prokurora müraciət etdiyimə görə, DQ komandanı “idarənin şərəf və ləyaqətinin müdafiəsi” iddiası ilə tibbi yardıma ehtiyacı olan qazidən məhkəmə yolu ilə 30 milyon tələb edib!
Bu tələb elə Prezidentə, ədliyyə nazirinə müraciətdən sonra qüvvəsiz olsa da, özbaşınalıq hələ də qüvvədədir və daha eybəcərliklə sürür. 1978-ci ildən dörd illik hərbi hazırlıq kursunun və üç aylıq hərbi toplanışın sonucu olaraq leytenant, 1986-cı ildən verilən  baş leytenant rütbəm dəyişməz qalıb. Halbuki xidmətdə olmayanların ehtiyatda rütbələri polkovnikə kimi yüksəlib. Bu azmış kimi, DİN Maliyyə Plan İdarəsi (MPİ) və Daxili Qoşunları 1978-ci ildən zabit rütbəsi daşıyan hərbçinin 13 il sonra -1991-ci ildən  Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığını bildirib, xidmət illərinə görə əlavənin, işdənçıxarma pulunun, geyim-əşya kompensasiyasının, məzuniyyət, ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışı və əvəzində kompensasiyanın verilməsindən imtina ediblər.
Mənzil-məişət təminatına və digər güzəştlərin tətbiqinə gəldikdə, təbii ki, qazidən məhkəmə yolu ilə  30 milyon tələb edən qurumun bu hüquqa da  qadağa qoyması şəksiz və şübhəsizdi(r).
Məhkəmədən söz düşmüşkən, məhkəmə təminatı hüququma da elə kobud qadağa qoyulub ki, hələ də aradan qaldırılmayıb. Öncə iddia müddətinin ötürülməsi özbaşınalığı ilə konstitusion məhkəmə təminatı hüququna qadağa qoyan DQ və MPİ, sonradan iddiaya mahiyyəti üzrə baxılmasına qadağa qoymaq yolu tutub. Bu məqsədlə özbaşınalıq etmək sırası DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilova ötürülüb və saxta nümayəndənin məhkəmələrlə qeyri-prosessual ilişgi qurması ilə qazinin məhkəmə təminatı hüququna qadağa qoyması beş ilə yaxındır sürür. Daxili işlər nazirinin qəbuluna düşməyə də qadağa qoyulub. Hazırda Prezident yanında təhlükəsizlik şurasının katibi postunu tutan general Ramil Usubovun 14.06.2014-cü ildə qəbulunda olanda isə nazir özüqarışıq istənilən şəxsi məhkəməyə verə biləcəyimi, xidmət ilinin ilk zabit rütbəsinin verilməsi tarixindən hesablanmalı olduğunu vurğulayıb, MPİ rəisinə və DQ-nin rəsmisinə problemi çözməyi tapşırdı. Lakin tapşırığa nəinki əməl edildi, əksinə, özbaşınalıq düşmənçiliyə çevrildi. Əlbəttə, Prezidentə müraciət etməyə görə 30 milyon tələb edənlərin,  nazirin qəbulundan razı qalmayacağını proqnozlaşdırmaq elə də çətin deyil. Bəs prokurorluğa nə gəlib?
Hərbi prokurorluğun hərbi qanunvericiliyin tələblərinə yox, hərbi qurumların qeyri-prosessual basqılarına könüllü boyun əyməsi  ortalıq 10 il qabaq Cavid Xəlilov adlı əməkdaşın aldığı izahat üzrə hələ də qərarını verməkdən imtinasında üzə çıxdı. Təsəvvür edin, Hərbi prokurorluğun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi Toğrul Hüseynov Daxili Qoşunların qanunsuz cavabını Konstitusiya aktı kimi qəbul edərək olduğu kimi təkrar edib! (?) Bu “təkrarçılıq” on illərdir sürür. Hazırda hərbi prokurorun böyük köməkçisi postunu tutan ədliyyə polkovniki Toğrul Hüseynovun adı bir qədər dəyişilmiş əvvəlki görəvində ədliyyə polkovniki Aydın Ələsgərov rəislik edir. Adlar dəyişilsə də, iş prinsipi dəyişməz qalıb. Yenə də Daxili Qoşunlar Baş İdarəsinin saxta,  yalan məlumatları əsasında guya məsələyə məhkəmənin hüquq qiyməti verməsi bəhanəsilə  şikayətin araşdırılmasından imtina edilir. Halbuki, vurğuladığımız kimi, işə məhkəmənin mahiyyəti üzrə baxmasına DQ və MPİ imkan vermir. Təsəvvür edin, döyüşçüyə (olmayan) kimya müdafiəçisi vəzifəsi yazılıb, 2007-ci ilə kimi qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992-ci il tarixli qanunun 15”v” və 23”b” maddələrinə əsasən əlilliyə görə minimum pensiyanın uyğun olaraq 300 və 100 faizi miqdarında əlavə və s. hesablanmayıb, ümumiyyətlə, hərbi qanunvericiliyin heç bir tələbinə əməl edilməyib, hərbi prokurorluq isə bu açıq-aşkar pozuntunu qeyri- prosessual basqı sonucunda araşdırmaqdan imtina edir. Yenə sağ olsun, MM rəhbərliyini! Axırı, hərbi prokurorluğu şikayətim üzrə izahat almağa vadar etdi. 12 yanvar 2022-ci ildə şöbə prokuroru, ədliyyə mayoru Vasif Məmmədov geniş izahatımı təqdim etdiyim sənədlərlə birlikdə aldı və... Ertəsi gün 13. 01.2022 tarixli məktubla hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi , ədliiyə polkovniki Aydın Ələsgərov bildirdi ki, izahatda göstərilən məsələlər, yəni işdən çıxma pulunun, geyim-əşya kompensasiyasının, məzuniyyət, ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışı və əvəzində kompensasiyanın , mənzil təminatı və digər ödənişlərin verilməsi, desant-hücum taburunun komandiri olduğu halda kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılaraq aldığınız pensiyanın tabeliyinizdə olan əsgər və çavuşların pensiyalarından 2-3 dəfə az olması , əlilliyə görə  pensiyaya əlavələrin verilməsi və MƏHKƏMƏ TƏMİNATINA QOYULAN QADAĞANIN ARADAN QALDIRILMASI PROKURORLUQ ORQANLARININ SƏLAHİYYƏTİNƏ AİD DEYİLDİR. Odur ki, .. mülki xarakterli olduğundan MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK tövsiyə olunur.
Prokurorluğun bircə günün içində araşdırma aparması “tezbazarlığını”  bir qırağa qoyaq, axı “Prokurorluq haqqında” qanunun 5-ci maddəsində prokurorluğun mülki iddia qaldırmaq hüququ doğrulanıb. Eyni zamanda, vətəndaşın məhkəmə təminatı hüququna qadağa qoymasına məhkəməyə müraciət etməklə son qoymaq olmur axı! Ən azı, Cinayət Məcəlləsinin 314-cü ( “Səhlənkarlıq”) maddəsini tətbiq etmək prokurorluğun səlahiyyətinə aid deyil? Axı, Daxili Qoşunların vəzifəli şəxslərinin işə vicdansız, laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, fiziki şəxsin – Qarabağ qazisinin hüquq və mənafelərinə zərər vurması göz önündədir. Biz hələ qazinin pensiyasını - əmlakının , inzibati və məhkəmə təminatı hüququnun mənimsənilməsini demirik. Belə çıxır, məhkəmə məhkəmə təminatı hüququna qadağa qoyub, (hərbi) prokurorluq da inzibati təminat hüququna. Hələ Konstitusiyanın 57 -ci maddəsi ilə doğrulanan müraciət etmək hüququndan yararlanmağa görə təqib olunmaqdan, 68 -ci maddəsi ilə təminat verilən VİCDANLI DAVRANIŞ VƏ ÖZBAŞINALIQDAN MÜDAFİƏ HÜQUQUNUN təmin olunmamasından danışmırıq.  (Hərbi) prokurorluğun Ana Qanunun yarısını olmasa da , 68-ci maddəsinin IV hissəsini  oxuması tövsiyə olunur: “DÖVLƏT,  DÖVLƏT QULLUQÇULARI İLƏ BİRLİKDƏ DÖVLƏT QULLUQÇULARININ QANUNA ZİDD HƏRƏKƏTLƏRİ NƏTİCƏSİNDƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARINA DƏYMİŞ ZİYANA GÖRƏ və ONLARIN TƏMİNATININ POZULMASINA GÖRƏ MÜLKİ MƏSULİYYƏT DAŞIYIR”. Yəqin 133-cü (“Azərbaycan Respublikasının  Prokurorluğu”)maddəsindən xəbərsiz olmazlar. Orada prokurorluğun   məhkəmədə iddia qaldırmaq hüquq və səlahiyyəti doğrulanıb. Qanunların icrasına və tətbiqinə nəzarət etmək də. Bəs hərbi prokurorluq hərbi qurumlarda qanun pozuntularına niyə hüquqi qiymət verməkdə səlahiyyətsiz olur? Hərbi qanunvericiliyin icrasına və tətbiqinə niyə nəzarət etmir? Ritorik alındı deyəsən...
Məğrur BƏDƏLSOY