​“Ilk növbədə arvadlarımızı onların əlindən almalıyıq…” – POLEMİKA

Azərbaycan türk dilinin əsas prinsipi ahəng qanunudur, amma bunu tabuya çevirmək də doğru deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri  teleqraf.com-a açıqlamasında şair Aqşin Yenisey dilimizdə yeni söz yaradıcılığının hansı prinsiplərə əsaslanmasından danışarkən bildirib.
Aqşin Yeniseyin fikrincə, dili bərk marteriya kimi anlamaq, ona konkret standartlar tətbiq etmək dilin yaradıcı funksiyasının qarşısını almaqdır: “Dil şairsiz, filoloqsuz da özünü yeniləyər. Yəni dilin özünün də hissiyyatı var və o özünü yeniləmək üçün mütəmadi öz şairlərini, yazıçılarını yaradır. Amma bizdə bu işi nədənsə akademiklər öz öhdələrinə götürüblər. Akademikin şairə yeni söz təklif etməsi yekəxanalıqdan başqa bir şey deyil.
Dil, onsuz da, sözlərdəki bu akademik bərkliyi, cansızlığı qəbul etmir. Şair sözü təkcə odda bişirmir, həm də ona can üfürə bilir. Yaxşı olar ki, yeni sözlər qondarılmasın, hazırda ədəbi, publisitik dövriyyədə olan “pasport yaşına çatmış” sözlərin içindən seçilib dilə uyğunlaşdırılsın”.
Dilin bədii, elmi, ədəbi, intim qatları var
Aqşin Yenisey terminlərin və alınma sözlərin qarşılığının tapılmasını böyük dərd hesab edir:
“Çünki bizim dilimizdə “sənayeləşmə dövrü” yox idi, birdən texnologiyalar dövrü də gəldi çıxdı. Biz öz dilimizin yerli imkanları bahasına bu həmlənin öhdəsindən gələ bilmərik. Yəni biz kompüterə Azərbaycan türkcəsində söz tapana qədər millət, bəlkə də, yığışıb Marsa köçəcək. Ona görə, hər iki varianta üstünlük verməliyik, həm dildə artıq rahat işlədilə bilən əcnəbi sözləri qəbul etməliyik, həm də dilimizə heç uyğun gəlməyənləri yerli imkanlar hesabına uyğunlaşdırmalıyıq.
Amma terminlərin uyğunlaşdırılmasında da işi məmuriyyətə daşımamlıyıq. Sizə bir misal deyim. Atatürk dil inqilabını məmuriyyətə daşıdığı üçün bu gün xalq dili ilə yazılı dil arasında böyük uçrum var. Sadə türklər özləri də öz aydınlarını oxuyanda çətinlik çəkirlər. Ona görə qəzetlər, televiziyalar yazılı yox, şifahi dilin imkanlarından yararlanırlar.
Bir var vətəndaş öz ziyalısının fikrini başa düşməkdə çətinlik çəksin, bir də var dilini. Dilin qəlizliyi saxta intellektuallığa da yol açır bəzən. Çox bəsit təfəkkürlü şöhrətpərəstlər bu dil cəngəlliyinin arxasında gizlənib özlərində aydın, intellektual obrazı yarada bilirlər. Ona görə də terminlərin, alınma sözlərin yerbəyer olunmasında ədəbi dilin dövriyyəsinə baxmaq lazımdır. Elə terminlər, alınma sözlər var ki, Azərbaycan kişilərinə ərə gələn rus qızları kimi artıq dilimizdə əriştə kəsə bilirlər”.
Yazıçı düşünür ki, dilimizə hansı sözlərin əlavə edilməsi kiminsə istəyi ilə olmamlıdır:
“Dilin bədii, elmi, ədəbi, intim, nə bilim arqo qatları var. Dilçilərimiz bu sovet vərdişlərindən əl çəkib akademiya binasında alim qarabasmaları kimi yaşamağa son qoymalıdırlar. Mətbuatda yazılar, köşələr yazmalıdırlar, dil ətrafında mübahisələr yaratmalıdırlar.
Bu gün məişətimizdə Azərbaycan türkcəsində çox az şey var. Mətbəxdəki arvaddan başqa hər şey əcnəbi dilindədir. “Mikser”, “Toster”, “Mikrovolnovka” və s. Bizim arvadlar mətbəxdə əməlli-başlı poliqlota dönür dilçilik elmimizin “inkişafı” sayəsində. Məncə, ilk növbədə məişəti təmizləmək lazımdı, arvadlarımızı almaq lazımdı bu əcnəbi sözlərin əlindən”.
“Dili verək dilçilərə…”
Yazıçı, publisist Fəxri Uğurlu dilə yeni sözlərin əlavə edilməsi və digər məsələlərlə dilçilərin daha yaxşı məşğul olduğunu düşünür:
“Məncə, terminləri əvəzlmək mümkündür. Alternativ variantlardan da istifadə etmək lazımdır. Gəlmə sözlər də işlənsin, alternativlər də. Belə olsa tədricən sözlər dilə oturar. Bizim fellərimiz var və onlardan söz yaratmaq imkanlarımız böyükdür.
Amma söz yaradıcılığı da bəzən qondarma prinsiplərə əsaslanır. Ona görə də ortaya gülməli variantlar çıxır. Yaxşı olar ki, dilin qanunlarından istifadə edilsin. Amma yenə deyirəm, bunlar professional dilçilərin işidir”.
“Türk dillərindən istifadə edək”
Dilimizə gətirilən yeni sözlərdən danışan ədəbiyyatşünas Əsəd Cahangir bildirib ki, ilk növbədə həmin sözün qarşılığının ana dilində olub-olmamasına diqqət yetirmək lazımdır:
“Əgər varsa, öz sözümüzdən istifadə etmək lazımdır. Dilimizdə yoxdursa, digər türk xalqlarının dilində varsa, ordan götürmək olar. Əks halda Şərq və Avropa dillərinə müraciət etmək lazımdı. Yəni dilə yeni söz gətirmək xatirinə yox, yalnız zəruri ehtiyacdan alınma söz götürmək olar.
Amma bir istisnanı qeyd edim. Elə sözlər var ki, onlar terminoloji və beynəlxalq xarakter daşıyır. Yəni onu bütün dünya işlədir. Həmin terminlərin dilimizdəki qarşılığını axtarmaq lazım deyil. Elə olduğu kimi başqa dildən qəbul etmək gərəkdir”.
Əsəd Cahangir Azərbaycan dilində fəlsəfi terminlərin kasadlığından əziyyət çəkdiyini bildirib:
“Dünya fəlsəfi terminləri Avropa, rus, ərəb və başqa dillərdə bütün incəliklərinə qədər işlənir. Məsələn, “dahi” və “düha” bir-birindən fərqli anlayışlardır. Kantın əsərini oxuyanda gördüm ki, o, “dahini” və “dühanı” fərqli anlamlarda işlədib. Amma biz dilimizdə eyni mənada işlədirik. Bizim dildə məna incəlikləri aydın olmayan çoxlu sözlər var. Onlar Avropa dillərində dəqiq sinonim və məna çalarları müəyyənləşir. Bütün elmlərin inkişafında fəlsəfə dayanır. Fəlsəfəsi olmayan bir xalqın heç nəyi ola bilməz”.
Mobil telefon – çevik telefon, notebook – asan dəftər…
Yazıçı Elçin Hüseynbəyli də bəzi sözlərin qarşılığını axtarmağa ehtiyac görmür:
“Məsələn, “samovar” sözünü götürək. Bu, Azərbaycan sözü deyil, amma elə samovar da qalmalıdır. Elə sözlər də var, tərcüməsi mümkünsüzdür. Meyvə adlarını necə tərcümə edək? Məsələn kivi, banan. Terminlərə gəldikdə, onlar zaman-zaman dilimizə keçib. “Konsensus”u yekdillik etdilər. Bu, uğurlu varinatdır. Amma “kompüter”ə o vaxt bilgisayar təklif etmişdilər. Uğurlu olmadı deyə, qarşılığı hələ də tapılmayıb, “kompüter” kimi də qalıb.
Mən özüm bəzi sözləri özüm üçün müəyyən etmişəm. “Mobil telefon”u “çevik telefon”, “notebook”u “asan dəftər” kimi romanlarımda işlətmişəm. Amma qeyd verirəm ki, söhbət filan sözdən gedir. Paltar asmaq üçün istifadə olunan əşya “ipəzor” adlanır. Mən onu sancaq kimi işlədirəm. Məncə, belə sözlər tez-tez işlənsə, insanlar da öyrəşər”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığını təsdiqləyib. Bu isə xeyli fərlqi münasibət, rəy və möqve doğurub.