“İran Ermənistana daha çox dəstək verməyə çalışır” – NATİQ CƏFƏRLİ

Baxış sayı:
949

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli ilə Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaqdan boyun qaçırması, Rusiya, Fransa və İranın sülh sazişinə qarşı atdıqları addımlar, Ermənistanın sərhəddə törətdiyi təxribatlar, Kremlin İrəvanı növbəti müharibəyə hazırlamaq üçün gördüyü tədbirlər, Zəngəzur dəhlizinin açılma ehtimalı, Fransa prezidenti Emmanuel Makronun Minsk Qrupu formatını canlandırma cəhdi və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
 
- Natiq bəy, bir aydan artıqdır ki, Ermənistan silahlı qüvvələrinin bölmələri mütəmadi olaraq müxtəlif istiqamətlərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Sizcə, düşmən tərəfin məqsədi nədir? Ümumiyyətlə, bu təxribatlarda Rusiyanın hər hansı bir şəkildə barmağı var?
 
- Əslində, təxribatların olacağı gözlənilən idi. Çünki bu, həm Ermənistanın daxili siyasi vəziyyətindən doğan məsələdir, həm də bir daha onu sübut edir ki, Ermənistanın xüsusi xidmət orqanlarına, ordusuna, daxili qoşunlarına, bir sözlə, güc strukturlarına nəzarətin kimin əlində olduğu hələ də tam aydın deyil. Görünən odur ki, Nikol Paşinyan və komandası güc strukturlarına nəzarəti öz əlinə götürməyə çalışır. Bilirsiniz ki, Ermənistanda böyük səs-küylü skandallar da oldu, bəzi generalların vəzifədən çıxarılması ilə bağlı qərar verilsə də prezident onu təsdiqləmədi, məhkəmələrə müraciətlər olundu. Yəni, görünən odur ki, Paşinyan və komandası Ermənistanın güc strukturlarına, o cümlədən ordusuna tam nəzarət edə bilmir. Amma Rusiyanın isə Ermənistanın həm güc strukturlarına, həm də ordusuna nəzarəti həddindən artıq yüksəkdir. Çünki bu gün Ermənistan ordusunda xidmət edən vəzifəli, yüksək rütbəli şəxslərin böyük əksəriyyəti Rusiyada təhsil alıb, oranın hərbi məktəblərini bitiriblər, əgər belə demək mümkünsə, Rusiya ordusunda yetişiblər. Belə olan halda onların Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətindən kənarda qalmaları mümkün deyil.
 
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, təxribatların baş verməsinin bir neçə səbəbi var. Siyasi səbəbi odur ki, Ermənistan tərəfi danışıqlar masasında 3 məsələni bir-birindən ayırmağa çalışır. Yəni, sərhədlərin dəqiqləşdirilməsinin, kommunikasiyaların açılmasının, həmçinin qondarma qurumun, Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hansısa bir statusa malik olmasının ayrı-ayrılıqda müzakirəsinə çalışırlar. Bununla bağlı Azərbaycan tərəfinin bəyanatı və açıqlaması isə kifayət qədər şəffafdır. Belə ki, biz böyük sülh sazişinin bağlanmasına hazır olduğumuzu bəyan etmişik və bir sülh sazişi ilə bütün məsələlərin həllinə çalışırıq. Lakin Ermənistan tərəfi məsələləri bir-birindən ayırmağa, 3 istiqamət üzrə danışıqların aparılmasına çalışır. Bu isə danışıqların uzanmasına, eyni zamanda əldə olunacaq nailiyyətlərin gecikməsinə səbəb olacaq.
 
- Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına, münasibətlərin normallaşmasına mane olan, tərəflər arasında daim münaqişənin olmasında maraqlı olan hansı dövlət(lər)dir?
 
- Təbii ki, sülh sazişinin baş tutmamasında əsas maraqlı tərəf məhz Rusiyadır. Çünki Kreml anlayır ki, əgər tərəflər arasında sülh sazişi olarsa, Ermənistan-Azərbaycan sərhədləri dəqiqləşərsə, kommunikasiyaların açılması və gələcəkdə münasibətlərin qurulmasıyla bağlı qərarlar verilərsə, o zaman Rusiya sülhməramlılarının iştirakı, ümumiyyətlə Moskvanın bölgədə təsir mexanizmləri kifayət qədər azalacaq. Buna görə də Rusiyanın əsas hədəfi odur ki, tərəflər arasında mövcud olan problemli sahələr qalsın, hətta bəzi problemli sahələr daha da artsın və nəticə etibarı ilə Rusiyanın moderatorluğu, müdaxilə imkanları kifayət qədər çoxalsın. Odur ki, son zamanlar baş verən hadisələrə, təxribatlara bu istiqamətdən baxmaq mümkündür.
 
- Sizə elə gəlmir ki, sülh sazişinə Rusiya ilə yanaşı, Fransa və İran da mane olmağa çalışır?
 
- Heç kimə sirr deyil ki, Azərbaycan tərəfi sülh sazişinin bağlanmasında maraqlıdır və buna çalışır. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən (srağagün-V.B.) bununla bağlı bəyanatı da olub. Belə ki, Ərdoğan da Azərbaycanın böyük sülh sazişinə hazır olduğunu və danışıqlara açıq olduğunu bəyan etdi. Amma təəssüf ki, bəzi Avropa ölkələri və İranla bağlı bu sözü demək mümkün deyil. Çünki hər bir halda İranın da bölgədə öz maraqlarının olduğu və Ermənistana imkan daxilində daha çox dəstək verməyə çalışdığı tarixi bir faktdır. Yəni son 30 ildə Azərbaycanın müstəqilliyini həzm edə bilməyən bir cənub qonşumuz var. Təbii ki, bu da proseslərə mənfi təsir göstərə biləcək amillərdən biridir. Avropa Birliyi ölkələrinə gəlincə, burda münasibət birmənalı deyil. Belə ki, Avropa dövlətlərinin bir çoxu, hətta Avropa Birliyinə daxil olmayan, lakin Avropanın ən qabaqcıl dövlətlərindən biri olan Böyük Britaniya ən azından, Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmasında maraqlı kimi görünür. Qeyd edim ki, bununla bağlı Avropa Birliyinin də bəyanatları olub. Lakin Fransa ilə bağlı məsələ bir qədər fərqlidir. Fransa Ermənistan vasitəsiylə Cənubi Qafqazda ciddi söz sahibi olmağa çalışır. Hətta çox maraqlıdır ki, fransız dilli toplumları birləşdirən Frankofoniya adlı bir qurum var və ora Fransa, Afrika ölkələri, Kanadanın Kvabek bölgəsi ilə yanaşı, Ermənistan da daxildir. Bu da onu göstərir ki, Fransa Ermənistan vasitəsiylə Cənubi Qafqazda söz sahibi olmağa çalışır. Bunun daxili səbəbləri də var. Belə ki, Fransada erməni diasporunun fəaliyyəti, onların seçkilərdə həm maddi, həm də fiziki iştirak gücü Ermənistan siyasətçilərini belə absurd və avantür yanaşmalara sövq edir. Lakin bu, heç də o demək deyil ki, Azərbaycan və Ermənistan sülh sazişinə razılıq versə, danışıqlar başlasa, buna Avropadan dəstək gəlməyəcək. Hesab edirəm ki, bu halda biz Avropadan kifayət qədər dəstəyi və bir çox ölkələrin prosesdə pozitiv yer almağa çalışmasını görə bilərik.
 
- Necə düşünürsünüz, Rusiyanın Ermənistanı silahlandırması, ordusunu yenidən formalaşdırması, o cümlədən rus "sülhməramlıları"nın "Laçın" dəhlizi magistralında silahlı erməni birləşmələrinin postlarını qoyması Kremlin Ermənistanı növbəti müharibəyə hazırlamaq üçün tərtib etdiyi planın tərkib hissəsi deyil?
 
- Ermənistanın növbəti müharibə cəhdi bu ölkənin tam fiaskosu ilə nəticələnəcək. Bu, tam aydın məsələdir, hətta Ermənistan generalları belə, etiraf edirlər ki, yaxın 3-5 ildə bizim hansısa bir ciddi hərbi əməliyyat aparmaq gücümüz yoxdur. Bunun üçün ordu yenidən qurulmalı, silahlanmalıdır. Təbii ki, Rusiya tərəfdən Ermənistan ordusunu yenidən qurmaq istiqamətində müəyyən cəhdlər olacaq. Lakin düşünmürəm ki, yaxın vaxtlarda Ermənistan belə bir avantüraya getsin və böyük müharibə təhlükəsi yaransın. Əslində, belə bir təhlükə həmişə var və yəqin ki, həmişə də qalacaq. Amma Ermənistan bunu reallaşdırmağa çalışsa, onda bu, onun üçün çox böyük fəlakətlə nəticələnə bilər.
 
- Məlumunuzdur ki, Fransa prezidenti Emmanuel Makron ciddi cəhdlə və aşkar şəkildə Minsk Qrupu formatını canlandırmağa çalışır. Sizcə, Minsk Qrupunun yenidən proseslərə aktiv müdaxiləsi Azərbaycana nə verə bilər? Ümumiyyətlə, bu format bizə lazımdır?
 
- Əslində, Azərbaycan tərəfi burda təşəbbüsü ələ almalıdır. Əfsus, burda belə bir təəssürat yaranır ki, təşəbbüs Ermənistan tərəfdədir, dəfələrlə Minsk Qrupu məsələsini gündəmə gətirirlər. Fikrimcə, Azərbaycan tərəfi çox sakit və diplomatik tərzdə bəyan etməlidir ki, Minsk Qrupundan böyük sülh sazişinin bağlanması ilə bağlı təkliflər gözləyirik. Çünki bu günə qədər Minsk Qrupunun təqdim etdiyi münaqişənin həlli formulları artıq masada yoxdur. Belə ki, nə "5+2" var, nə referendum məsələsi, nə də mərhələli və birdəfəlik həll formaları var. Yəni, bu paketlər artıq masada yoxdur. Azərbaycan ordusunun 44 günlük müharibədə atdığı addımlar bu təklifləri tamamilə aradan qaldırıb. İndi Azərbaycan tərəfi təşəbbüsü ələ alıb sakit və diplomatik tərzdə deməlidir ki, əgər Minsk Qrupu fəaliyyət göstərmək istəyirsə, onda böyük sülh sazişi ilə bağlı konkret təkliflər verməlidir. Əgər bununla bağlı real təkliflər olacaqsa, onda Azərbaycan tərəfi həmin təkliflərə öz münasibətini bildirməlidir.
 
- Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə Azərbaycanla kommunikasiyaların açılmasının vacibliyindən danışıb. Lakin Zəngəzur dəhlizinin verilməyəcəyini qeyd edib. Necə düşünürsünüz, Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə aça bilər?
 
- Açığı deyim ki, indiki dövrdə güc yolu ilə dəhlizin açılması mümkünsüz görünür. Hesab edirəm ki, Paşinyanın bu bəyanatı daxili auditoriya üçündür. Əslində, nə Zəngəzur dəhlizini, nə də ölkə sərhədlərini Ermənistan qoruyur. Bu ərazilər Rusiya tərəfindən qorunur. Əgər kommunikasiyalar açılacaqsa, onda bu, Rusiya sərhəd qoşunlarının, xüsusi xidmət orqanlarının nəzarəti altında olacaq. Yəni, Ermənistanın burda iştirakı yoxdur. Sadəcə, daxili auditoriya üçün belə bəyanatlar səsləndirilir. Bir də onlar Zəngəzur dəhlizi sözünün işlənməsinə qıcıq olurlar. Azərbaycan tərəfi isə Zəngəzur dəhlizi sözündə israrlıdır. Çünki bu, Laçın dəhlizini neytrallaşdırmaq üçündür. Bunu Ermənistan tərəfi də anlayır və bu səbəbdən də Zəngəzur dəhlizi sözünə qıcıq olurlar.
 
- BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınan "Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra bir sıra nüfuzlu ölkələr, məsələn Böyük Britaniya, Rusiya, Çin və Türkiyə adıçəkilən təşkilatla əməkdaşlığa hazır olduqlarını bəyan ediblər. Sizcə, Azərbaycan da "Taliban"la əməkdaşlığa başlamalıdır? Ümumiyyətlə, bu bizə nə verəcək?
 
- Düşünürəm ki, Azərbaycan bu məsələdə Türkiyə ilə birgə addımlamalıdır. Çünki Türkiyənin Əfqanıstanda həm təsir mexanizmləri, həm imkanları, həm də münasibətləri daha genişdir. Odur ki, Azərbaycanın Türkiyə ilə birgə Əfqanıstan siyasətini formalaşdırması daha doğru olar və birgə addımların atılmasında da fayda var. Qeyd edim ki, Azərbaycanla Əfqanıstan arasında elə də böyük bir ticarət dövriyyəsi, iqtisadi münasibətlər də yoxdur. Bu səbəbdən də birbaşa əlaqələrin qurulmasının hansısa bir ciddi uğurun gətirəcəyini demək olmur. Ona görə də bu məsələdə Türkiyə ilə birgə strategiyanın müəyyənləşdirilməsinə çalışılsa, məncə daya yararlı olar.
 
- Sizə elə gəlmir ki, bir neçə il sonra Əfqanıstanı da Suriyanın taleyi gözləyə bilər?
 
- Əslində, heç bir neçə il də deməzdir. Çox təəssüflər olsun ki, yaxın zamanlarda Əfqanıstanda kifayət qədər ciddi daxili problemlərin, vətəndaş müharibəsinin, terrorların olması gözləniləndir.
 
Vazeh BƏHRAMOĞLU,
 
Hurriyyet.az