“İranın bu addımı regionda sülhün və təhlükəsizliyin pozulmasına xidmət edir...” – MÜXALİF PARTİYA TEHRANA TUTARLI CAVAB VERİLMƏSİNİ TƏLƏB EDİR

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, İdarə Heyəti ilk növbədə Türkiyə Respublikasının Prezidenti R.TƏrdoğanın Zəngilan beynəlxalq hava limanının açılışı ilə bağlı ölkəmizə səfərinin nəticələrinə münasibət bildirib. Qeyd ounub ki, bu səfərin hazırkı şəraitdə reallaşması Ermənistanı himayə edən bəzi çevrələrin Azərbaycana qarşı başlatdığı hərbi-siyasi təhdidlərə tutarlı cavab və Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığı kimi dəyərləndirilməlidir.
İdarə Heyəti qonşu İranın Azərbaycan sərhədlərində böyük sayda hərbi texniki qüvvələrin iştirakı ilə təlimlər keçirməsi, Qafan ərazisində konsulluq açması, eyni zamanda Ermənistanın Təbrizdə konsulluğunun açılmasına “yaşıl işıq” yandırması faktından ciddi narahat olduğunu, bu addımların ölkələrimiz arasında dostluq, qonşuluq əlaqələrinə zərbə vurduğunu, təcavüzkar bir ölkəni dəstəkləməklə regionda sülhün və təhlükəsizliyin pozulmasına xidmət etdiyini bildirib və hakimiyyəti bu konsulluqların açılması ilə bağlı adı çəkilən ölkəyə rəsmi etiraz etməyə səsləyib.
İdarə Heyəti son günlər Ermənistanın Daşkəsən rayonu istiqamətində sərhədlərimizə ordu yığıması, növbəti hərbi təxribatlar üçün hazırlıqlar keçirməsi ilə bağlı yayılan məlumatlardan ciddi narahat olduğunu bildirib və hakimiyyəti düşmənin bu təcavüz planlarını alt-üst etmək üçün önləyici addımlar atmağa, sərhəd qoşunları da daxil olmaqla ordumuzu hazır vəziyyətə gətirməyə, kapitulyasiya aktına qol çəkməsinə baxmayaraq azğınlığını davam etdirən düşmənin layiqli cavabını verməyə çağırıb.
İdarə Heyəti İran Xarici İşlər Nazirliyinin Zəngəzur dəhlizinin açılmasına cavab olaraq Zəngəzuru özü üçün qırmızı xətt elan etməsi ilə bağlı bəyanatını qətiyyətlə pisləyib, istər region, istərsə beynəlxalq kommunikasiya xətlərinin açılmasına xidmət edən, beynəlxalq ticari əlaqlərin inkişafına stimul verən belə bir layihəni gözardı etməsinin arxasında adı çəkilən dövlətin mənfur niyyətlərinin durduğunu diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar Rusiyanın rəsmi televiziya kanallarında qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsini əks etdirən verilişlərin yer almasından ciddi narahat olduğunu bildirib və bu provakasion hərəkətlərin Azərbaycanla Rusiya arasında cari ilin fevral ayında bağlanmış müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannaməsinin tələblərinə daban-dabana zidd olduğunu, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəldiyini qeyd edib və hakimiyyəti Rusiya rəsmilərindən bu barədə izahat tələb etməyə çağırıb.
İdarə Heyəti Rusiya milyarderi, milliyətcə erməni R.Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, qondarma “Dağıq Qarabağ Respublikası”nın vətəndaşlığını qəbul etməsi, onun qeyri-qanuni olaraq Azərbaycanın yurisdiksiyasına daxil olan ərazilərdə sərbəst fəaliyətə başlaması faktını qətiyyətlə pisləyib və ölkə rəsmilərini bu fakta biganə qalmasından, rəsmi münasibət bildirməməsindən narahatlığını ifadə edib və dövlət orqanlarının həmin şəxsin barəsində müvafiq tədbirlər görməyə çağırıb.
Muxalifet.az