İraq seçkilərində Türkmənlərin əsas hədəfi...

İraq türkmənləri seçkilərdə aktiv iştirak edərək yeni hökumətdə yer almaqda qərarlıdırlar.
Bunu İraq Türkmən Cəbhəsinin rəhbəri Ərşad Salehi deyib.
Türkmən Cəbhəsinin lideri Kərkükdə səsvermə prosesində iştirak etdikdən sonra mövqeyini açıqlayıb:
“Türkmənlər İraqda siyasi qərar verən orqanlardan tam 100 il kənarda saxlanılıb, buna rəğmən varlıqlarını qoruya biliblər. Hökumətdə siyasi qərarların verilməsi mexanizminə türkmənlərin təsirli olmalıdır. Ölkənin hər yerində seçkilərdə qələbə qazanacaq türkmən deputatlar hökumətdə Türkmən Fraksiyası formalaşdırmaq və siyasi qərarlara təsirli göstərməyi hədəfləyir”.
Ərşad Salihi əlavə edib ki, seçkilərdə sonra İraqın sadəcə sünni, şiə və kürdlərdən ibarət olmadığı ortaya çıxacaq: “İraqda artıq türkmən, ərəb, kürd, şiə və sünnilərdən ibarət olduğu bilinməlidir”.
O, daha sonra qeyd edib ki, parlament seçkilərdən sonra Kərkük probleminin həlli üçün təklif verəcəklər:
“Kərküklülər arasında problemdən Ərbil və Süleymaniyyə əlini çəkməlidir. Problem kərküklü türkmən, ərəb və kürdlər arasında həll ediləcək. Kərkük məsələsi yalnız Bağdadla yoluna qoyulacaq”.
Xatırladaq ki, bu gün İraqda parlament seçkiləri keçirilir. 37 milyon əhalisi olan İraqda 24 milyon insan seçkilərdə səs verir.