Kadırovun bir sözü ilə polisə gəldi və... - Video

Moskvada Mojay şosesində ölümlə nəticələnən ağır yol qəzasına səbəb olmuş “Gelandevagen” sürücüsü Müslim Cambekov polisə təslim olmağa qərar verib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, o, etdiyi videomüraciətdə törətdiyi əmələ görə üzrxahlıq edib.
“Mən zərərçəkənlərin əzizləri və yaxınlarına başsağlığı verirəm. Öz xalqım qarşısında, Rusiya vətəndaşları qarşısında üzr istəyirəm. Anladım ki, belə davam edə bilməz və təslim oldum”, - deyə Cambekov bildirib.
Xatırladaq ki, bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvanın Mojay şosesində iki nəfərin ölümü ilə nəticələnən qəzada günahlandırılan şəxsi polisə gəlməyə və əməlinə görə cavab verməyə çağırmışdı.
Kadırov özünün Telegram kanalında respublikanın hüquq-mühafizə orqanlarını günahkarın yerini müəyyən etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə səsləmişdi.
Xatırladaq ki, martın 24-də Mojay şosesində “Mersedes Gelandevagen” və “Niva” avtomobili toqquşub. “Niva” avtomobilinin sərnişinləri - ana və qızı hadisə yerində ölüb, ailənin başçısı olan sürücü ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.