“Kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir” - İQTİSADÇI

Baxış sayı:
4891

Ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün daha da münbit şərait yaradılmalıdır. Ötən 2 il ərzində bəzi imkanları əldən verdik. Qəbul edilmiş qanunun tələblərinə baxmayaraq, bir sıra qanunsuz yoxlamaların aparılması, bir biznes qurumunun bir neçə orqan tərəfindən yoxlanılması, normativ hüquqi aktların tələblərinin pozulması kimi hallar baş verdi. Bu problemləri ölkə başçısı dəfələrlə çıxışlarında hallandırıb. Neftin qiymətinin artdığı bir dönəmdə qeyri-neft sektoru üçün yeni imkanlar açılıb, biz bundan doğru yararlanmalıyıq.
Bu sözləri Muxalifət.az-a iqtisadçı-ekspert Vüsalə Əhmədova deyib.
İqtisadçı qeyd edib ki, ölkəmizdə kiçik və orta sahibkarların ən çox rastlaşdığı əsas çətinliklər vergilərlə bağlı yaşanan problemlər, kredit faizlərinin çox yüksək olması, icarə qiymətlərinin baha olması və digər məsələlərdir:
“Orta və kiçik sahibkarların ən böyük arzusu rəqabətli biznes mühitində fəaliyyət göstərməkdir. Elə bir mühitdə ki, burada onların hüquqları tam qorunsun, fəaliyyətlərinə yersiz və əngəlləyici müdaxilələr edilməsin, inhisarçılıq, qiymətlərin süni manipulyasiyasına yol verilməsin. İlkin tədbirlərdən biri bazara effektli nəzarət sisteminin yaradılması olmalıdır. Elə bir qurum yaradılmalıdır ki, həmin qurumun özü bazarın tənzimlənməsində, rəqabətli biznes mühiti formalaşdırmaqda maraqlı olsun və bu məqsədlə mütəmadi tədbirlər həyata keçirsin. İnhisarçılıq sahibkarlıq fəaliyyətinə güclü zərbə vuran amildir. Məlumdur ki, respublikamızda istehsal olunmayan mallar ölkəmizə xaricdən idxal olunur. Biznesin ən gəlirli olan bu sahəsi ilə də hər sahibkarın məşğul olmaq şansı yoxdur. Meyvə-tərəvəzdən tutmuş, dərman preparatlarınadək bütün idxala müəyyən dairələr nəzarət edir. Kəndli-fermerlər isə məhsullarını bazara çıxartmaqda böyük çətinliklərlə üzləşirlər. Hətta inhisarda olan məhsulları xarici səfərlərdən gələn adi vətəndaşlar belə müəyyən miqdardan artıq özləri ilə ölkəyə gətirə bilmirlər”.
Vüsalə Əhmədova qeyd edib ki, bölgələrə və sektorlara müvafiq olaraq güzəştli və ya faizsiz kreditlər, subsidiyalar, qrantlar, stimullaşdırıcı tədbirlər və s. bu kimi dəstək proqramlarının icrası məqsədə uyğundur:
“Neft gəlirlərinin yenidən artdığı hazırkı dönəmdə təklif edərdim ki, ilkin olaraq işçi sayı 1-250 nəfər arasında dəyişən, ETT əsasında məhsul yaradacaq və ya xidmət göstərəcək innovasiya şirkətlərinə, yeni biznes fikirləri ortaya qoyanlara, xaricdən idxal etdiyimiz məhsulların ölkə daxilində analoqunu yaradacaq qurumlara dəstək verilsin. Onlara, geri ödənilməsi tələb olunmayan qrantlar ayrılsın. Bundan əlavə, avadanlıq, material, təchizat, istehsal xərclərinin müəyyən hissəsi, müəssisədə işləyən kadrlara 1 il və ya daha artıq müddətə çəkiləcək xərclər kompensasiya oluna bilər. Ölkə daxilindən və ya xaricdən alınacaq patentlərə sərf olunan xərclər, proqram təminatına ayrılan xərclər, ölkə daxili və ölkə xarici reklam xərcləri maliyyələşdirilə bilər.
Yeni iş yerləri açmaq istəyən sahibkarlara gəlir vergisi, gömrük vergisi, ƏDV və rüsumlarla bağlı bir sıra güzəştlər edilə, aşağı faizli kreditlər verilə, sərmayə dəstəyi və müəssisənin yerləşəcəyi məkanın güzəştli qiymətlərlə satışı və ya icarəsi təmin oluna bilər. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olanlara, bütün növ bitkilərin becərilməsi və heyvandarlıq məhsullarının istehsalı üçün güzəştli kreditlərin verilməsi vacibdir. Bunlardan əlavə, xarici ölkələrdə mağaza və ya ofis açmaq istəyən, sərgilər təşkil etmək istəyən şirkətlərə xarici bazarların araşdırılması, sərgi və tanıtımların keçirilməsi, müxtəlif inventarların alınması, treninqlər, seminarlar və konfransların təşkili, markanın rəsmi qeydiyyatı və reklamı üçün bir sıra köməkliklər göstərilə bilər. Xüsusilə, ölkədə beynəlxalq ticarətin inkişafı üçün həyati önəm daşıyan “Eximbank”ın qurulmasını tövsiyyə edərdim”.