Konqresdən Trampa İRAN QADAĞASI

ABŞ Konqresinin iki qanadından biri olan Nümayəndələr Palatası, 2019 Milli Müdafiə Səlahiyyət Verilmə Qanununa əlavə etdiyi bir dəyişikliklə ABŞ prezidenti Donald Trampın Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə etməsinin qarşısını kəsib.
Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Keyt Moris Ellisonun təklif etdiyi və Demokratlarla yanaşı, Respublikaçılar tərəfindən də dəstəklənən dəyişiklik yekdilliklə qəbul edilib.
Edilən dəyişikliklə bağlı Twitter hesabından açıqlama edən Elisson, "Nümayəndələr Palatası, bu həftə iki partiyanın da dəstəyi ilə düzəlişlərimizi qəbul etməsilə prezidentə (Donald Tramp) İrana qarşı hərbi hücum səlahiyyəti verən bir qanunun olmadığını açıq ifadə edib" deyə, qeyd edib.
Elisson açıqlamanın davamında, “Bu iki partiyalı dəyişikliyin yekdilliklə qəbul edilməsi, Trampın İran müqaviləsindən çəkilməsi və getdikcə artan düşmənçilik ritorikasına qarşı güclü bir cavabdır. Bu gün Konqres, hərbi gücün istifadəsi mövzusundakı səlahiyyətlərini geri almaq üçün hərəkətə keçdi” deyə, yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, İranla BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələr və Almaniya arasında 2015-ci ilin iyulunda imzalanan müqavilədən ölkəsini 8 mayda çəkərək, Tehrana ağır sanksiyalar gətirəcəyini bildirmişdi. ABŞ-ın dövlət katibi Mayk Pompeo da bazar ertəsi günü ABŞ-ın İrandan tələblərini ehtiva edən 12 maddəlik bir siyahı açıqlayıb, İrana qarşı "bənzəri görünməmiş maliyyə təzyiqi" və "tarixdəki ən güclü sanksiyaların" tətbiq olunacağını bildirmişdi.
Vaşinqton rəhbərliyindən gələn açıqlamalara İranın reaksiyası iki ölkə arasında toqquşma narahatlıqlarına səbəb olmuşdu.
Müxalifət.az