Kreml açıqladı: Putinlə Tramp Vyanada görüşə bilər

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilməsi nəzərdə tutulan zirvə toplantısı Vyanada təşkil oluna bilər.
Muxalifet.az xəbər verir ki, bu xəbəri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Kremlin nümayəndəsi bildirib ki, iki dövlət başçısı arasında mümkün zirvə toplantısına ev sahibliyi edəcək şəhərlər arasında Vyana da nəzərdən keçirilir.
Belə ki, Rusiya prezidentinin Vyanaya səfəri zamanı Avstriya kansleri Sebastian Kurtsla görüşündə zirvə görüşünün Vyanada keçirilməsinin təşkil olunmasına dair fikir mübadiləsi aparılıb. Neytral məkan kimi mürəkkəb diplomatik görüş, danışıqlar və konfranslara ev sahibliyi edən və çoxlu sayda beynəlxalq təşkilatın yerləşdiyi Vyana şəhərində bu kimi tədbirlərin keçirilməsi daim Avstriya hökumətinin marağındadır. Jurnal ABŞ Milli Təhlükəsizlik Şurasına istinadla bildirib ki, avstriyalılar belə bir görüşün təşkilində vasitəçilik etməyə hazırdırlar.
Avstriya mətbuatı isə görüşün keçirilməsi üçün mümkün tarix kimi iyul ayının ortalarını göstərib. Brüsseldə NATO-nun zirvə toplantısında iştirak etməli olan D. Tramp oradan da Vyanaya səfərə gələ bilər.