"Krım, Donbas məsələsində Azərbaycan sonuna qədər Ukraynaya lazım olan siyasi dəstəyi verəcək"

Baxış sayı:
3814

Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycanda səfərdədir. Bu onun Ukrayna prezidenti olaraq Azərbaycana ilk səfəridir. Politoloq Qabil Hüseynli "Turan" agentliyinə deyib ki, Azərbaycan-Ukrayna münasibətləri həmişə dostluq, mehribanlıq və ikitərəfli əməkdaşlığın yüksək səviyyəsi ilə seçilib. "İstər Azərbaycan, istər Ukrayna ərazi bütövlüyü baxımından eyni problemlərlə baş-başadır. Bu baxımdan, bu iki ölkənin bütün sahələr üzrə əməkdaşlığı hər iki ölkəyə fayda gətirə bilər", - politoloq belə düşünür. 
Muxalifet.az
bu barədə "Azadlıq.org"-a istinadla bildirir.
"Eyni hərəkəti Azərbaycan da edir"
Q. Hüseynli qeyd edib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, eləcə də bütün beynəlxalq forumlarda ərazi bütövlüyünə səs verir: "Eyni hərəkəti Azərbaycan da edir və Krımın ilhaqından sonra birmənalı olaraq onun Ukraynaya məxsus olduğunu bildirir. Azərbaycanın bu mövqedən dönməsi mümkün deyil. Odur ki, Krım, Donbas məsələsində Azərbaycan sonuna qədər Ukraynaya lazım olan siyasi dəstəyi verəcək". Politoloqa görə, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələr də dinamik şəkildə inkişaf etməkdədir. Onun dediyinə görə, Ukraynanın inkişaf etmiş hərbi-sənaye kompleksi var və bu kompleks Azərbaycanla ikitərəfli münasibətlərdə özünə yer edib.
"Azərbaycanda hərbi hava qüvvələrinin formalaşdırılmasında ..."

"Azərbaycan hərbi hava qüvvələrinin formalaşdırılmasında, hərbi haca qüvvələrinin təlim bazasının təşkilində Ukrayna Azərbaycana yaxından köməklik göstərir. Digər sahələrdə də əlaqələr uğuludur".
Q.Hüseyli vurğulayıb ki, bəzi sahələr üzrə əməkdaşlıq üçün potensial var və onları inkişaf etdirmək prezidentlərin görüşü zamanı müzakirə olunaraq dəqiqləşdiriləcək. 
"Vacib səfərdir"
Başqa bir politoloq Hikmət Hacızadə isə deyib ki, Ukrayna ilə əlaqələr Azərbaycan üçün çox vacibdir. "Ukrayna kiçik ölkə deyil, geniş potensialı var. Ukrayna müstəqil siyasət yeridir. Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. V.Zelenskinin səfəri əlaqələrin genişlənməsi baxımından Azərbaycan üçün çox vacibdir".
H.Hacızadəyə görə, bu səfərdə beynəlxalq əlaqələr məsələlərindən Krım, Qarabağ, eyni zamanda ticari əlaqələr müzakirə ediləcək. 
V.Zelenski və pezident İ.Əliyev Ukrayna-Azərbaycan biznes forumunun işində də iştirak etməlidirlər. Həmçinin, cənab Zelenski Azərbaycanın Ukrayna icması ilə görüşməlidir.
Muxalifet.az