Əli Abbasovun qohumu 2 qadınla hakim qarşısında - PROSES

Güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın məhkəməsi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Həbsdə olan Natiq Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs-qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıblar. Dövlət ittihamçısı cinayət işi materialları ilə tanış olmadığı üçün vaxt istəyib. Növbəti proses mayın 17-də davam edəcək. İttihama görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsndə fəaliyyət göstərən aptekdə 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satıldığı müəyyən edilib. İstintaq zamanı aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml", 3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex N 30", 1 qutu "İmunitex N 30", 21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10", sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1", "Auqmentin suspenzia 70 ml № 1", 1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq N 24", 1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut Difenin 117 mq № 10", 1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu "Validol 50 mq № 40", 1 qutu "Preduktal MR 35 mq № 60", 1 qutu "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb. Mətbuatda yazılan məlumata görər, Natiq Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur./Teleqraf.com