“Maduro məğlubiyyətə uğrayacaq” - POLİTOLOQ

Baxış sayı:
4018

Elxan Şahinoğlu: “Amerika əlindən gələn hər şeyi edəcək ki, Maduronu devirsin”

ABŞ-ın dəstək veridyi, özünü “müvəqqəti prezident” elan eləmiş Xuan Quaydo Venesuelanın qanuni prezidenti olan Nikolas Maduronu dəstəkləyən Venesuela ordusunu təhdid edib. İki gün əvvəl Quaydo ordunun müvəqqəti prezidentin əmrini icra eləmək üçün 3 günü olduğunu söyləyib.

Quaydo sosial media hesabındakı açıqlamasında fevralın 23-də “humanitar yardımların” ölkəyə daxil olmasına icazə verilməsi üçün orduya çağırış edib. Bu tarixə üç gün qaldığını söyləyib.

ABŞ iqtidarının Xuan Quaydonun tələbi ilə ölkəyə “humanitar yardım” göndərmək qərarı Venesuelaya müdaxiləni sürətləndirəcək bir addım kimi qəbul olunur. Prezident Nikolas Maduro bunu “ölkənin suverenliyinə müdaxilə” kimi qiymətləndirib.

Rusiyanın Xariciİşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ-ın Venesuelaya humanitar yardımı barəsindəki açıqlamasında belə deyib: “ABŞ humanitar yardım adı altında ölkədə qeyri-sabitlik yaradaraq, çevriliş eləmək niyyətindədir. Bənzər ssenarilər başda ölkələrdə də həyata keçirilib. Bu, bir təxribatdır”.

Qeyd edək ki, Rusiya Venesuela prezidenti Maduroya dəstək nümayiş etdiməyə çalışsa da, artıq “Qazprombank” ABŞ-ın sanksiyalarına görə Venesuela Dövlət Neft Şirkətinin (PDVSA) hesabını dondurmaq qərarına gəlib. Amma bank hələlik məsələyə rəsmi münasibət bildirməyib. Çünki ABŞ-ın sanksiyalarında PDVSA şirkətinin bütün aktivlərinin dondurulması nəzərdə tutulur. ABŞ bəyan edib ki, sanksiyada məqsəd, Vaşinqtonun qeyri-leqitim saydığı Maduro hakimiyyətini neft gəlirlərindən məhrum etməkdir.

Onu da nəzərə çatdıraq ki, Vaşinqton həmçinin Venesuelanın Birləşmiş Ştatlardakı aktivlərini dondurub və ona nəzarəti müxalifət lideri Xuan Quaydoya verib.

“Amerika Latın Amerikasını özünün “arxa bağçası” hesab edir”

Картинки по запросу Elxan Şahinoğlu

Özünü “müvəqqəti prezident” elan edən Xuan Quaydonun orduya onun əmrini icra etmək üçün 3 gün vaxt verməsi ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə dedi ki, Venesuleda hazırda ikitirəlikdir: “Bir tərəfdə prezident Maduro, digər tərəfdə parlamentin sədri Quaydodur, ikisi də güclüdür. Əhalinin də rəğbəti iki hissəyə bölünüb, təxminən 50 % prezidenti, 50 % də parlamentin sədrini dəstəkləyir. Amma problem odur ki, ölkədə iqtisad-sosial vəziyyət ağırdır və getdikcə ağırlaşır. Dünyanın ən böyük neft istehsalçılarından biri olan Venesuela kasıbçılığın girdabına yuvarlanıb. İş o yerə çatıb ki, həyat şərtlərini düzəltmək üçün ən azı 3 milyon nəfər qonşu Kolumbiyaya qaçıb. Əslində, heç Kolumbiyanın özü də varlı dövlət deyil. Yəni bu müqayisədə görsənir ki, Venesuela bu illərdə necə ağır vəziyyətə düşüb. Bu Maduronun vəziyyətini daha da ağırlaşdırdı. İkincisi də qarşısında dünyanın ən böyük supergücü, Amerika dayanıb. Amerika əlindən gələn hər şeyi edəcək ki, Maduronu devirsin. Mənə elə gəlir ki, Maduro çox dözə bilməyəcək. İndi əsas söz ordunundur, ordu seçimini edən kimi hər şey həll olunacaq. Hələ belə görünür ki, ordu Maduronun tərəfindədir. Amma müəyyən informasiyalar gəlir ki, 1-2 general müxalifətin tərəfinə keçib. Mən şübhə etmirəm ki, hazırda Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela generalları arasında çox iş aparır ki, onları müxalifətin tərəfinə çəksin. Mən düşünürəm ki, tez və gec Maduro böyük ehtimalla məğlubiyyətə uğrayacaq. Çünki Amerika Latın Amerikasını özünün “arxa bağçası” hesab edir və imkan vermir ki, orada hansısa bir dövlət rəqibləri, Rusiya və Çinlə sıx əlaqələr qursun. Ona görə, mənim ehtimalım belədir ki, Maduro bu cür təzyiqin qarşısında tab gətirə bilməyəcək”.

“Venesuelanın bu ağır vəziyyətdə olmasının günahı həm Madurodadır, həm də keçmiş prezident Uqo Çavesdədir”

“Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyinin hərbi attaşesi polkovnik Pedro Çirinos rəsmi olaraq Xuan Quaydonu Venesuela prezidentinin vəzifəsinin müvəqqəti icraçısı elan edib. O, venesuelalılar üçün demokratiyanı Maduronun zülmündən üstün tutub. Onun Quaydonu Venesuelanın müvəqqəti prezident kimi tanımasının təsir qüvvəsi varmı” sualına E. Şahinoğlu belə cavab verdi: “Elə bu mənim dedikərimin artıq təsdiqidir, yəni artıq bir hərbiçi də deyib ki, mən Quaydonu müvəqqəti prezident kimi tanıyıram. Bu proses getdikcə böyüyəcək. Artıq Amerikadan başqa, bir çox Qərb ölkələri, üstəgəl Meksikanı çıxmaq şərtilə, Venesuelanın öz qonşuları belə, Quaydonu müvəqqəti prezident kimi tanıyır. Əslində, bu da Maduronun əleyhinə işləyir. Əgər ölkədə iqtisadi və sosial vəziyyət normal olsaydı, Maduronun belə təzyiqlərə tab gətirmək imkanları çox olardı. Amma Venesuelanın bu ağır vəziyyətdə olmasının günahı həm Madurodadır, həm də keçmiş prezident Uqo Çavesdədir ki, ölkəni səfalətə gətirib çıxartdılar. Bu da bunların ən zəif nöqtəsidir ki, bundan Amerika çox məharətlə istifadə etməyə çalışır”.

“Quaydo prezident olarsa, Venesuela mumkün qədər bu səfalətdən qurtulmağa çalışacaq”

E. Şahinoğlunun “Hürriyyət”ə dediklərinə görə, Quaydo müvəqqəti prezident kimi tanınandan sonra yeni seçkilər elan edəcək: “ Yeni seçkilərdə yeni prezident həm demokratik islahatları böyük ehtimalla genişləndirəcək, həm də Amerika ilə əlaqələri bərpa edəcək. Amerika ilə pis əlaqələr, sanksiyalar Venesuela iqtisadiyyatına mənfi təsir edir. Kubanı misal göstərə bilərəm. Kuba illərdir Amerikanın sanksiyalarına görə iqtisadiyyatı bərpad olub. Baxmayaraq ki, müəyyən qədər təhsildə və səhiyyədə 1959-cu il inqilabından sonra böyük müvəffəqiyyətlər əldə edildi, amma Amerikanın sanksiyaları Kubanı dilənçi kökünə saldı. Eləcə də Venesuelanın Amerika ilə münasibətlərinin pis olması, sanksiyalar bu ölkəni uçuruma yuvarlandırdı. Nə olsun ki, indi Maduronun Rusiya ilə əlaqələri yaxşıdır, müəyyən müqavilələr imzalayıb, amma Rusiya və Çin Venesuelanı Amerikadan xilas edə bilməyəcəklər. Quaydo prezident olarsa, düşünürəm ki, Amerika ilə münasibətlər, müəyyən gərginliklər ortadan qaldırılacaq, beynəlxalq maliyyə qurumları kredit ayıracaqlar və Venesuela mumkün qədər bu səfalətdən qurtulmağa çalışacaq. Çünki yeni prezident Amerika ilə əlaqələr qurandan sonra Amerika sanksiyaları ləğv edəcək”.

“Rusiya xarici siyasətində məğlub duruma düşəcək”

E. Şahinoğlu vurğuladı ki, Rusiyanın bütün ümidi Maduroya bağlıdır: “Amma bu ümidlər də getdikcə azalır. Çünki Maduronun yerinə gələn istənilən şəxs Rusiya ilə əvvəlki əlaqələrdə olmayacaq, Amerikaya üz tutacaq. Bir nəfərin itkisi ilə Rusiya böyük bir dövləti itirəcək. Bu da o deməkdir ki, Rusiyanın seçimi yanlış oldu. Rusiya çox təəssüf ki, hər zaman seçimində belə böyük yanlışlıqlara yol verir. Elə bizim timsalımızda da görürük ki, işğalçı Ermənistana dəstək verməklə, Azərbaycanla tərəfdaşlığa kölgə salır. Halbuki, Azərbaycanı dost, qonşu ölkə adlandrır, amma Rusiya daima separtaçılara dəstək verir. Abaxaziyanı, Krımı, Donbası işğal etdi, separatçılara dəstək verdi, Ermənistan üzərindən Dağlıq Qarabağ separatçılarına dəstək verir. Rusiyanın uzaq ölkələrdəki siyasətində fərqli bir şey yoxdur. Ona görə, həm bizim bölgədə, həm də uzaq bölgələrdə Rusiya hər zaman xarici siyastində məğlub duruma düşəcək. Bu baxımdan, düşünürəm ki, Rusiya indi müəyyən alternativ variantlar axtarır ki, Maduro getsə, bu ölkə ilə əlaqələri necə quracaq. Çünki Venesuelada böyük yatırımlar həyata keçiriblər, neft müqavilələri var. Yeni prezident gələndən sonra neft müqavilələrinə yenidən baxılacaq ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Ona görə biz hələ tez-tez bank hesablarının dondurulmasının şahidi olacağıq”.

“Rusiya Venesuelada mövqeyini itirmək üzrədir”

“Rusiyanın Venesuela Dövlət Neft Şirkətinin (PDVSA) hesabını dondurmaq qərarına baxmayaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın hərbi müdaxilə təhdidlərini Venesueladakı müxalifət dəstəkləyir. Müstəqil bir ölkəyə birbaşa müdaxilə edilməsi BMT-nin müəyyən etdiyi meyarlarına ziddir. Lavrov Venesueladakı problemin dialoq yolu ilə həll edilməsi lazım olduğuna işarə edib. Lavrovun bəyanatının bir əhəmiyyəti varmı” sualına gəlincə, politoloq dedi ki, Rusiyanın nə deməyindən asılı olmayaraq hadisələrin inkişafına baxmaq lazımdır: “Açıqlamaları yox, real hadisələrin inkiaşfını müşahidə etmək lazımdır. Görürük ki, Venesuelada hadisələr Maduronun əleyinə inkişaf edir, insanlar küçələrə axışır, rəqibi güclənir, rəqibi tanıyan dövlətlərin sayı artır. Vaxtilə Rusiya istəyərdi ki, Liviyada Müəmmar Qəddafini, İraqda Səddam Hüseyni qorusun, alındımı, alınmadı, onda da rəsmi Moskvadan eyni açıqlamları verirdilər. Amma görürük hadisələr tam tərsinə inkişaf edir. İndi Rusiya yalnız Suriyada möhkəmlənib. Çünki orada hərbi bazası var. Suriyanı itirmək istəmir. Amma uzaq bölgələrdə Rusiya öz dayalarını qoruya bilmir. Rusiya bizə yaxın ətrafda müəyyən qədər separtaçılara dəstək verməklə, öz təsirini hələ saxlayır. Yəni Gürcüstanı, Ukraynanı, parçaladı, Moldavada da vəziyyət eynidir. Elə bizim vəziyyəti götürək, biz hamımız bilirik ki, Dağlıq Qarabağı Ermənistan işğal etməyib, arxasında hansı güclər dayanır, amma uzaq ölkələrdə Rusiya bu siyasətini apara bilmir, hər zaman məğlubiyyətlə üzləşir, Venesuelada da mövqeyini itirmək üzrədir”

Şamo EMİN, Hurriyyet.org