Millət vəkili: Ölkəmiz idman yarışlarına ev sahibliyi etmək bacarığını yenidən dünyaya göstərdi

Baxış sayı:
6706

Azərbaycanın bu mötəbər oyunu, “Çelsi”-“Arsenal” qarşılaşmasını nə qədər yüksək səviyyədə təşkil etməsini bütün dünya gördü. Eyni zamanda, Azərbaycan bu cür beynəlxalq tədbirlərə, ən yüksək səviyyəli idman yarışlarına necə ev sahibliyi etmək bacarığı olduğunu bir daha göstərmiş oldu. Azərbaycan bununla həm də bir daha özünün idman ölkəsi olduğunu dünyaya nümayiş etdirmiş oldu.
Bunu açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, ümumiyyətlə, hər bir sahənin peşəkarı gərək öz sahəsiylə məşğul olsun. Onun sözlərinə görə, futbolu siyasiləşdirmək istəyənlər nəticə etibarilə həm professionalı olmadıqları siyasət sahəsində, həm də öz professional fəaliyyətləri olan futbolda məğlubiyyətə düçar oldular. 
“Düşünürəm ki, burda bir ilahi ədalət və məntiq var. “Arsenal” final görüşünə hazırlaşmaq əvəzinə, daha çox bunun ətrafında bir siyasi spekulyasiya yaratdı və futbol yaddan çıxdı. 
Ona görə də məntiqi nəticə bu oldu ki, məğlubiyyətə uğradılar. Əlbəttə, biz oyunu maraqlı adlandıra bilərik, amma bu bütovlükdə 90 dəqiqəlik oyunun cəmi 15-20 dəqiqəsinə aiddir. 
Hər şey bu dəqiqələrdə həll olundu. Ancaq bununla belə, ən çox yadda qalan həm də ölkəmizin final oyununa çox yüksək səviyyədə hazırlaşması idi.
Bakı Olimpiya stadionu möhtəşəm görünüşü, azarkeşlərin yüksək mədəniyyəti, təşkilatçılığın nümunəvi olması ilə yaddaşlara həkk olundu. 
Azərbaycanın bu mötəbər oyunu nə qədər yüksək səviyyədə təşkil etməsini bütün dünya gördü. Eyni zamanda, Azərbaycan bu cür beynəlxalq tədbirlərə necə ev sahibliyi etmək bacarığı olduğunu bir daha göstərmiş oldu. Bəlli oldu ki, futbol bayramı ərəfəsində daha çox informasiya məkanında siyasi spekulyasiya ilə məşğul olanlar nəticə etibarilə acı məğlubiyyətə uğradılar.
 Eyni zamanda bəlli oldu ki, final görüşü ərəfəsində təhlükəsizlik məsələləri, Mxitaryan ilə bağlı futboldan kənar yaradılan spekulyasiya sabun köpüyü idi və final oyunundan dərhal ondan sonra da dağılmış oldu. 
Azərbaycanda yüksək təhlükəsizlik tədbirləri görülmüşdü, bu idman bayramına yüksək səviyyədə hazırlaşmışdıq və nəticə də göz qabağındadır. 
Düşünürəm ki, bu, Azərbaycanın uğurudur, nailiyyətidir və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların məğlubiyyətidir”-deyə, millət vəkili sözlərinə əlavə edib.