“MƏN İFADƏ VERƏCƏM, AMMA İNDİ YOX…” - Həbsdə olan sabiq icra başçısı məhkəmədə ifadə verməkdən imtina etdi

Baxış sayı:
1858

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Muxalifet.az xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında H.Hacıyevin ifadə verməsi istənilib. Lakin İmişlinin keçmiş icra başçısı bundan imtina edib: “İfadə verəcəm, amma indi yox, çünki hələ hazır deyiləm. Nədə ittiham olunduğumu öyrənmək üçün bütün zərərçəkmişlərin ifadələrini dinləməliyəm...”

Hakim xatırladıb ki, H.Hacıyevin nədə ittiham olunduğu məlumdur: “Təklif edirəm ki, ifadə verəsiniz. Bu sizin haqqınızdır. Amma, əlbəttə, siz də ifadə verməkdən imtina edə bilərsiniz”.

Hacıyev ifadə verməyə hazırlaşmaq üçün hakimdən bir həftə vaxt istəyib, həmçinin məhkəmədən cinayət işi üzrə bütün zərərçəkmişlərin nümayəndələrinin prosesdə iştirakının təmin edilməsini istəyib.

Məhkəmə prosesi mayın 27-də davam etdiriləcək.

Xatırladaq ki, İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179-cu (mənimsəmə) və 331-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.