Nazir “Diqlas”da zərər çəkənlərlə görüşdü - FOTO

Baxış sayı:
10660

İqtisadiyyat Nazirliyində yaradılan İşçi Qrup “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğında zərərçəkən vətəndaşlarla görüşüb.

Muxalifet.az xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayevin də iştirak etdiyi görüşdə sahibkarlara həm maliyyə, həm də inzibati dəstək göstəriləcəyi bildirilib.

Nazir qeyd edib ki, ötən gün Prezidentin təcili müşavirə keçirməsi onun diqqət və qayğısından xəbər verir: “Hər bir sahibkar İşçi Qrupunun üzvləri ilə görüşüb problemlərini dilə gətirəcək. Prezident tərəfindən onlara həm inzibati, həm maliyyə, həm də siyasi dəstək göstəriləcək. Bütün bunlar göstərir ki, cənab Prezident öz vətəndaşının yanındadır, onların problemini öz problemi kimi qəbul edərək, dəstək göstərir”.

Ş.Mustafayev həmçinin qeyd edib ki, işlərin tez yekunlaşması üçün İşçi Qrup şənbə və bazar günləri də fəaliyyət göstərəcək. Növbəti həftə üçün ilkin nəticələrə görə dəstək tədbirlərinə başlanılacaq.

Sahibkarlar 3 gün ərzində mərhələli şəkildə qəbulda iştirak edəcəklər.