“Nəcməddin Sadıqov orduda hansı işi görürdüsə, Ramiz Mehdiyev də...” - QALMAQALLI AÇIQLAMA

Baxış sayı:
1123

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və AMEA Tarix İnstitunun direktoru Kərim Şükürov arasında qalmaqal yaşandı. Bu qalmaqaldan sonra direktor Kərim Şükürov istefa verəcəyini açıqladı. Bu məsələdə doğru tərəf kimdir?

Muxalifet.az xəbər verir ki, tarixçi-alim Boran Əziz məsələ ilə bağlı Yenisabah.az-a danışıb. O, bu hadisənin qalmaqal deyil, soyqırım olduğunu düşünür:

“Bu hadisə Azərbaycan və tarix elminə qarşı soyqırımdır. Kərim Şükürov olduqca savadlı, istedadlı, prinsipial, milli mənəvi dəyərlərə bağlı bir elm adamıdır. O, bütövlükdə Azərbaycan tarix elminin qarşısında duran vəzifələri gözəl anlayan, problemlərin aradan qaldırılması yolları haqqında aydın təsəvvürlərə malik olan az saylı alimlərdən biridir. Şükürovun tarix institunun direktoru olduğu zamana qədər apardığı araşdırmaların hər-biri Azərbaycan tarix elmində əsaslı şəkildə mövcud olan boşluğun aradan qaldırılmasına yönəlmişdir.

Kərim Şükürovun direktor təyin edilməsi bizdə böyük bir razılıq və inam yaratmışdı ki, nəhayət SSRİ-dən qalan anti-Azərbaycan və anti-milli konsepsiyaların aradan qaldırılmasına, Marksist-Leninçi ideologiyaya əsaslanan baxışların ləğv edilməsinə çalışan bir elm adamı Tarix İnstitutuna gəldi.

Onun gəlişindən sonra bu işləri görmək üçün kifayət qədər əsaslandırılmış, ciddi struktura ehtiyac var idi. Kərim Şükürov bu strukturu çox çətinliklə qurmaqla yanaşı, qarşıya qoyulan vəzifələri həll edə biləcək , o təfəkkür, əxlaq və elmi dünyagörüşünə malik olan bacarıqlı kadrlar yığmalı idi. Bu cür çətin prosesə başladığı dövrdə Tarix İnstitunun direktoruna tarix elminin qarşısındakı vəzifələrin araşdırılmasına kömək etmək əvəzinə, onun intriqalara cəlb edilməsi əlbəttə təəssüf doğurur.

Ramiz Mehdiyev özünü Kommunist Partiyasının rəhbəri, Tarix İnstitutunun direktoruna da keçmiş raykom katibi və ya onun bir işçisi kimi yanaşdı.

O, elm adamı, tarix elminin qarşısında duran vəziələri aydın dərk edən bir akademiya prezidenti kimi Kərim Şükürovu çağırıb institutda nə baş verdiyini, onu aradan qaldırmaq üçün hansı işlər planladığını və necə həyata keçirməyi düşündüyünü soruşub kömək etmək əvəzinə institutu çəkişmə meydanına çevirdi. Bu proses bizi hədsiz dərəcədə üzdü. Hesab edirəm ki, Nəcməddin Sadıqovun Azərbaycan ordusunda gördüyü işin, elmdə Ramiz Mehdiyev tərəfindən həyata keçirilməsi Azərbaycan ziyalılarında olduqca mənfi hiss oyatdı. Biz inanırıq ki, müvafiq orqanlar, eyni zamanda prezident aparatında elmə baxan məsul şəxs işlərin bu cür getməsinə dözməyəcək”.

Alim mövzudan çox da kəbar olmayan bir məsələyə də toxunub: “Mən məsələnin başqa cəhətinə toxunmaq istəyirəm. Akademiya bizim məvaciblərimizdən tutulan pulun hesabına formalaşan büdcə ilə fəaliyyət göstərir.

Ramiz Mehdiyevin anti-milli yöndə fəaliyyət göstərdiyi akademiyaya nəyə görə mənim məvacibimdən tutulan pul xərclənməlidir? Fikirləşirəm ki, bu istiqamətdə müvafiq orqanlardan tələb edim ki, büdcədən bura mənim vəsaitim hesabına pul tutulmasın. Artıq bir neçə vəkillə də mələhətləşmişəm”.

Boran Əziz akademiyada hansı dəyişikliklərə gedilməli olduğunu da qeyd edib: “Düşünürəm ki, akademiya müvafiq institutlarla birləşdirilməli, akademiyanın strukturu və qarşısında duran vəzifələr dəyişdirilməlidir. Tamamilə ləğv edilməyə bilər. Lakin strukturlar institutlara birləşdirilsə, daha faydalı işlər görlə bilər”.
“Nəcməddin Sadıqov orduda hansı işi görürdüsə, Ramiz Mehdiyev də elmdə o işi görür”