Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu – Övladına ad-soyadını və aliment verəcək

Baxış sayı:
169

Bu gün, aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin cavabdeh olduğu iş üzrə məhkəmə iclası davam etdirilib.

Prosesdə cavabdeh tərəfin yeni vəkillə müqavilə bağladığı məlum olub. Həmin vəkil məhkəməyə müraciət edərək başqa bir prosesdə iştirak etdiyini əsas gətirib və iclasın təxirə salınmasını istəyib. Lakin məhkəmə bu vəsatəti təmin etməyib. Hakim qeyd edib ki, vəkilin digər məhkəmə iclasına çağırılması ilə bağlı heç bir rəsmi sənəd təqdim olunmayıb və bu səbəbdən onun iştirak etməməsi əsaslı hesab edilə bilməz.

İddiaçı Fidan Abbasova çıxışında cavabdehin bu addımını məhkəmə prosesini süni şəkildə uzatmaq cəhdi kimi qiymətləndirib. O bildirib ki, Orxan İsmayılzadənin artıq bir neçə vəkili var və yeni vəkilin prosesə qoşulması yalnız vaxt udmağa xidmət edir. Abbasova məhkəmədən iclasın təxirə salınmadan davam etdirilməsini xahiş edib.

Məhkəmə tərəflərin mövqeyini dinlədikdən sonra cavabdehin vəsatətini rədd edərək iclasın davam etdirilməsi barədə qərar qəbul edib. Hakim həmçinin vurğulayıb ki, cavabdeh tərəfin prosesdə iştirakı üçün bütün zəruri şərait yaradılıb, o cümlədən onlayn qoşulmaq imkanı təmin olunub. Bildirilib ki, cavabdehin vəkilləri ilə əlaqə saxlanılması üçün də tədbirlər görülüb, mobil telefonlarına zənglər edilsə də cavab verilməyib, sonradan onlara SMS bildirişlər göndərilib və bu barədə akt tərtib olunub.

Məhkəmədə iddiaçı tərəfin vəkili əlavə olaraq cavabdehin məhkəmə iclaslarını qərəzli şəkildə uzatdığını bildirərək onun cərimələnməsi ilə bağlı vəsatət qaldırıb. Hakim isə bu məsələyə yekun qərar verilərkən baxılacağını bildirib.

Qeyd edək ki, iş üzrə araşdırmalar artıq aylardır uzanır. Bunun əsas səbəbi isə məhkəmənin təyin etdiyi DNK – atalıq ekspertizasının işinə Orxan İsmayılzadənin müxəlif səbəblər gətirərək qatılmamasıdır. Hələ 2026-cı ilin yanvar ayında hakim İkram Şirinov Orxan İsmayılzadənin atalıq testindən keçməsini zəruri hesab edib. Lakin cavabdeh fevralın 6-na təyin olunan ekspertizaya qatılmayıb. Mart ayına təyin olunan ekspertizanın işində də iştirak etməyəb. Ümumilikdə isə müxtəlif məhkəmə instansiyaları tərəfindən onun və azyaşlı Nil İsmayılzadənin DNK testindən keçirilməsi barədə 5 qərar verilsə də, bu qərarların icrası Orxan İsmayılzadənin qatılmaması səbəbindən mümkün olmayıb. İş üzrə məhkəmə baxışı Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında aparılır. Həmin qətnamə ilə Orxan İsmayılzadə Nilin atası hesab olunub, onun şəxsiyyət vəsiqəsində atası qrafasında Orxan, soyad qrafasında isə İsmayılzadə sözləri yazılması qət olunub.

Orxan İsmayılzadə həmin qətnamənin ləğvini tələb edir. İddiaçı Fidan Abbasovanın vəkilləri isə qətnamənin alimentlə bağlı hissəsindən narazıdırlar və övladın saxlanılması üçün təyin olunmuş aylıq 500 manatın 2000 manata qaldırılmasını istəyirlər. İşin mahiyyəti ondan ibarətdir ki, Fidan Abbasova qızı Nilin atasının Orxan İsmayılzadə olduğunu deyir, müvafiq sübutlar təqdim edir. Orxan İsmayılzadə isə əksini iddia etsə də, məhkəmənin təyin etdiyi ekspertizalara qatılmaqdan yayınmaqla həqiqətin üzə çıxmasından yayınır. Fidan Abbasova bildirir ki, Orxan İsmayılzadə ilə 2012-ci ildən faktiki nikah münasibətlərində olublar və bu münasibətlərdən 2015-ci ildə Nil adlı qız övladı dünyaya gəlib. Lakin Orxan İsmayılzadə uşağın atası kimi tanınmaqdan və onun saxlanılmasında iştirak etməkdən imtina edib.

Məhkəmə prosesi zamanı təqdim olunan materiallarda tərəflərin birlikdə yaşaması, xarici ölkələrə birgə səfərləri və digər faktlar göstərilsə də, cavabdehin ekspertizadan yayınması səbəbindən əsas sübutlardan biri hesab olunan DNK testi baş tutmayıb. Qanuna görə tərəflərdən biri ekspertizanın işindən iştirakdan yayınması qarşı tərəfin xeyrinə yozulur.

Bugünkü iclasda hakim Orxan İsmayılzadənin apellyasiya şikayətinin əsassız olduğunu elan edib və şikayətin təmin edilmədiyini bildirib. Bununla da, oliqarx oğlunun illərdən davam edən məhkəmələrinin növbəti səhifəsi qapanıb./musavat.com