Ombudsman parlamentdə hesabat verdi - cəzalandırılmış hakimlər, əfv olunmuş məhkumlar...

Baxış sayı:
26074

Deputatlar Elmira Süleymanovanı xarici ölkələrdə söyüş söyənlərə qarşı mübarizəyə, təzyiqlərə məruz qalan jurnalistləri və Gürcüstan azərbaycanlılarını müdafiəyə çağırdılar

Martın 5-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. İclasın gündəliyinə 18 məsələ daxil edilmişdi.

Birinci vitse-spiker Ziyafət Əsgərov gündəlikdəki məsələlərin təsdiqindən sonra ilk olaraq İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman)  2018-ci ilin illik məruzəsini təqdim etmək üçün sözü Elmira Süleymanovaya verdi. Xanım ombudsman bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi 2018-ci il tarixi əhəmiyyətli hadisələrlə zəngin olub: “Ən mühüm hadisə cənab İlham Əliyevin bir daha böyük səs çoxluğu ilə Azərbaycan prezidenti seçilməsi olmuşdur. Seçki günü əməkdaşlarımla birgə Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsində, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, o cümlədən Cocuq Mərcanlıda, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində səsverməni müşahidə etmişik. Bu seçkilər yüksək fəallıqla, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliyə və beynəlxalq standartlara uyğun nizam-intizamla keçirilmiş, ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsini, xalqımızın prezidentimizə yüksək etimadını və dəstəyini bir daha təsdiqləmişdir”.

E.Süleymanova uğurlarla yanaşı, nöqsanlardan da bəhs etdi: “Mənzil hüququ ilə bağlı müraciətlərdə, əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən fərdi mənzil tikintisi ilə bağlı süründürməçiliyə yol verilməsi, çoxmərtəbəli binalardan alınmış mənzillərin qeydiyyata alınmaması kimi hallar öz əksini tapmışdır”. Ombudsman dedi ki, tikintidə, xüsusilə çoxmərtəbəli binaların inşası zamanı istifadə edilən, xaricdən gətirilən materialların yararlığının yoxlanılması təmin edilməli, standartlara uyğun olmayan materiallar satışdan və istifadədən çıxarılmalı, müvafiq tədbirlər görülməlidir: “Tikinti zonası ətrafında təhlükəsizliyin təmin olunmasına nəzarət də gücləndirilməlidir. Tikinti şirkətlərinin qanunsuz məskunlaşmaya yaratdığı şərait nəticəsində yüzlərlə mənzil sahibi müxtəlif problemlərlə üzləşirlər. Bu baxımdan, ölkə prezidentinin 2019-cu il 19 fevral tarixli fərmanı çoxmənzilli yaşayış binalarının istismarına icazə prosedurunun sadələşdirilməsi, sakinlərin sənədləşmə məsələlərinin həllində böyük əhəmiyyəti olmuşdur”.

Müvəkkil bildirdi ki, yeni ildən bütün ölkədə icbari tibbi sığortanın tətbiqi əhali üçün geniş imkanlar yaradacaq.

Təhsil hüququ ilə bağlı qeyd etdi ki, ehtiyaclar nəzərə alınmaqla tələbə yataqxanalarının bərpa və ya inşa edilməsinin, eyni zamanda belə yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin onlar üçün tikilmiş və ya başqa yeni mənzillərə köçürülməsinin sürətləndirilməsi zəruridir. “İşçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması ilə bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavənin edilməsi təklif olunur” - ombudsman əlavə etdi.

E.Süleymanova dedi ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə 14 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri aşağı işə keçirilib, 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfər tutduğu vəzifədən azad edilib, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Məhkəmə qərarlarının icrasına gəlincə, borc, xüsusilə alimentin ödənilməsi ilə bağlı müraciətlər çoxluq təşkil edir.

2018-ci ildə fəaliyyətində kobud nöqsanlara yol verən 33 icra məmuru barəsində intizam tənbehi verilib.  2018-ci ildə aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 31 prokurorluq işçisi, 399 daxili işlər orqanları əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Müvəkkil və onun Milli Preventiv Qrupu ölkə ərazisində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 343, o cümlədən plan üzrə 220, plandankənar 123 başçəkmə keçirib. Saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidalanma, tibbi xidmətin vəziyyəti öyrənilmiş, konfidensiallıq təmin olunmaqla ümumilikdə 3.114 saxlanılan şəxslə görüşlər keçirilmiş, müraciətlər yerində araşdırılmış, tədbirlər görülmüş, tövsiyələr verilmişdir. Araşdırmaların nəticələri ilə bağlı səlahiyyətli dövlət qurumlarına müraciətlər edilmiş, mətbuata operativ açıqlamalar verilmiş, internet səhifəmizdə yerləşdirilib.

Ombudsman dedi ki, fəaliyyəti dövründə müntəzəm olaraq verdiyi çoxsaylı təkliflər əsasında ümumilikdə 638 şəxs, 2018-ci ildə isə 72 məhkum əfv edilib.

Milli Məclisin sədr müavini Bahar Muradova dedi ki, İnsan haqları komitəsində məruzə geniş müzakirə olunub. Vitse-spiker məruzənin yüksək səviyyədə hazırlandığını vurğuladı və deputatlara xitabən məruzəni qiymətləndirməyə çağırdı.

Deputat Tahir Kərimli Ağsu şəhərinin və Şamaxı şəhərinin qədim tarixinə və mədəniyyət abidələrinə, ənənələrinə diqqət çəkərək bu şəhərlərin ərazisini qoruq elan etməyə çağırdı. Daha sonra isə dedi ki, Qəbələ şəhərinin 2500 illiyi qeyd olunmalıdır, bunun üçün kifayət qədər faktlar var. T.Kərimli prezidentin ziyalılarla görüşdə səsləndiriən təklifləri dəstəkləməklə yanaşı, bəzi tarixi qəhrəmanlarımıza - Cavanşirə, İbrahimə, Hacı Çələbi və digərlərinə heykəllər qoymağa çağırdı.

ombudsman parlamentdə ile ilgili görsel sonucu

Komitə sədri Siyavuş Novruzov bildirdi ki, keçmişdə parlamentdə ombudsman qarşısında qaldırılan məsələlərin böyük əksəriyyəti prezidentin qərarları ilə həllini tapdı. Komitə sədri bu mənada şəhid ailələri ilə bağlı həllini tapan problemdən tutmuş, problemli kreditlərə kimi bir sıra həll olunmuş məsələləri xatırlatdı. Daha sonra S.Novruzov ombudsmana müraciət etdi: “Cənab prezident bütün Azərbaycan xalqının hüquqları ilə bağlı addımlar atır. Həmçinin beynəlxalq səviyyədə Türk dünyası, İslam aləmi ilə bağlı fikirlərini ifadə edir. Ancaq bu gün xaricdə bir qrup insan var ki, nə qanuna baxır, nə dəyərlərə qiymət verir. Elmira xanımdan xahiş edərdim ki, həmin ölkələrin ombudsmanlarına müraciət etsin və bu məsələləri diqqətə çatdırsın. Azərbaycan prezidentinin hüquqları qanunla qorunduğu kimi, bu məsələyə ombudsman tərəfindən də diqqət göstərilməlidir və həmin ölkələrə müraciət edilməlidir”.

Deputat Fazil Mustafa jurnalist Mətin Yaşaroğlunun işdən çıxarılmasından və Moskvada azərbaycanlıları müdafiə edən Fuad Abbasovun təzyiqlərə məruz qalmasından danışdı. O, ombudsmana müraciətlə ondan jurnalistlərin məsələlərini nəzarətə götürüb onları müdafiə etməyi xahiş etdi.

Daha sonra F.Mustafa vətəndaşların pozulan hüquqlarından danışdı. Bildirdi ki, insanların ən çox hüquqlarının pozulması xidmət sektoru ilə əlaqədardır. Çünki bu sektor bazar günü fəaliyyət göstərmir. Deputat xidmət sektorlarının bazar günü də fəaliyyət göstərməli olduğunu vurğuladı.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da jurnalistlərlə bağlı məsələyə reaksiya verdi. Bildirdi ki, cəmiyyətdə adıçəkilən jurnalistlərlə bağlı təfsilatlı məsələ yoxdur. Ona görə də Ə.Amaşov ombudsmanı həmin jurnalistlərin məsələsini araşdırıb münasibət bildirməyə çağırdı.

ombudsman parlamentdə ile ilgili görsel sonucu

Deputat Qənirə Paşayeva da ombudsmandan təzyiqlə üzləşən jurnalistlərin məsələsini nəzarətə götürməyi, Rusiya ombudsmanı ilə bu faktları müzakirə etməyi xahiş etdi.

Q.Paşayeva Gürcüstan azərbaycanlılarının problemləri ilə bağlı məsələləri Gürcüstan ombudsmanı ilə müzakirə etməyə çağırdı və deputat həmkarı Fərəc Quliyevin səsləndirdiyi təklifi dəstəklədi. Qeyd edək ki, F.Quliyev iclasda E.Süleymanovanı Gürcüstanın ombudsmanı ilə də əlaqə yaratmağa səslədi.

Deputat Qüdrət Həsənquliyev Rusiyada saxlanılan, Azərbaycana xəyanət edən Fəxrəddin Abbasovun bu günlərdə həbs ediməsindən danışdı: “Mən onun həbs olunmasında xidmətləri olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Amma mən çox istərdim, elə xalqımız da istərdi ki, onun qolu qandallı və boynu əyilmiş şəkildə həbsxanaya aparılmasını görsün. Təəssüf ki, hələlik bu kadrlar ictimaiyyət üçün açılmayıb. Amma əminəm ki, o, Azərbaycan dövlətinə qarşı etdiyi xəyanətə görə layiqli cəzasını alacaq və bu, başqaları üçün dərs olacaq. Eyni zamanda son vaxtlar DTX tərəfindən Azərbaycan dövləti əleyhinə işləyən cəsus şəbəkəsi ifşa olundu, çoxlu sayda həbslər həyata keçirildi. Amma yenə də çox təəssüf ki, həmin cəsusluğa cəlb olunmuş şəxslərin hansı dövlətlərə işləməsi barədə ictimaiyyətə açıqlama verilmədi. Əlbəttə, məntiq onu deyir ki, Azərbaycan hökuməti qonşu dövlətlərlə münasibətlərin korlanmaması üçün bu adları açıqlamır. Amma dünya təcrübəsi göstərir ki, belə casuslar ifşa olunanda onların hansı dövlətə casusluq etdiyi barədə ictimaiyyətə məlumat verilir. Ki, həmin ölkənin vətəndaşları daha ehtiyatlı olsunlar, istər biznes münasibətləri quranda, istər şəxsi əlaqələr yaradanda”.

Q.Həsənquliyev Siyavuş Novruzovun  fikirlərini dəstəklədi: “Ombudsman xarici ölkələrdəki söyüş söyənlərlə bağlı həmin ölkələrin ombudsmanlarına müraciət edə bilər. Heç bir namuslu kişi söyüş söyməz. Çünki bilir ki, söyüşün on qat artığı ona qaytarılır. Belələri çox təəssüf ki, ləyaqətlərini satdıqları üçün başqa yolları yoxdur, belə əxlaqsız və ləyaqətsiz işlə məşğul olurlar”.

Ombudsmanın hesabatı qəbul edildi və digər məsələlərin müzakirəsinə keçildi.

“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsini Gənclər komitəsinin sədri Ülvi Quliyev təqdim etdi.  Qeyd edək ki, qanuna edilən dəyişikliklə gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilib. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.

Deputat Vahid Əhmədov çıxışı zamanı təklif etdi ki, gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 45 yaşı tamam olduğu andan xitam verilməlidir: “Bununla əlaqədar müraciətlər çoxdur, sosial şəbəkələrdə də müzakirələr aparılıb”.

Spiker Oqtay Əsədov isə V.Əhmədova cavab olaraq bildirdi ki, dünyanın hər yerində yaş həddi qoyulur: “Elə ölkələr var 28, elə ölkələr də var 35 yaş müəyyən edir”.

Müzakirələrdən sonra dəyişikliklər təsdiqləndi./musavat