​Pakistan Hindistana son xəbərdarlıq etdi

Baxış sayı:
7240

Pakistanın xarici işlər naziri Şahmahmud Qureşi Hindistan hərbi hava qüvvələrinin mübahisəli Kəşmirə bölgəsinə zərbələr endirməsinə münasibət bildirərkən bəyan edib ki, Pakistan ordusu istənilən hərbi təcavüzə cavab verməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bu barədə “GEO TV” Qureşiyə istinadla məlumat yayıb. Pakistan XİN rəhbəri vurğulayıb ki, tərəflər arasında belə bir ciddi qarşıdurmanın yaşana biləcəyilə bağlı beynəlxalq ictimaiyyəti dəfələrlə xəbərdar ediblər. 
“Biz davamlı şəkildə dünyaya deyirdik ki, bu, baş verə bilər. Onlar (Hindistan) bu gün Pakistana qarşı təcavüz həyata keçirdilər. Ona görə də Pakistan özünümüdafiə və müvafiq cavab vermək haqqını özündə saxlayır” – Qureşi bəyan edib. 
Onu da bildirib ki, Pakistanın baş naziri İmran xan Hindistanın əldə olunan razılaşmanı pozması nəticəsində yaranan vəziyyətlə əlaqədar nazirlər kabinetinin təcili iclasını çağırıb. 
Qeyd edək ki, 14 fevralda mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən bombalı hücum nəticəsində 40-dan çox hindistanlı hərbçinin ölümünə reaksiya olaraq, bu gün Hindistan hərbi hava qüvvələrinə məxsus 12 ədəd “Mirage 2000” çoxməqsədli qırıcı təyyarəsi Kəşmirin Pakistanın nəzarəti altında olan ərazilərinə bir neçə raket zərbəsi endirib. Rəsmi Nyu-Delhi bildirib ki, hücumun başlıca məqsədi Kəşmirdəki “Caiş-e-Muhəmməd” terror qruplaşmasına məxsus düşərgəni məhv etmək olub və əməliyyat uğurla nəticələnib.