PİRATLA QAÇAQMALÇININ SAVAŞI... - Putinin “dvijuxası” Trampa niyə sərf edir?

Baxış sayı:
496

Bəşəriyyət ağlını itirmiş və bir-birinə “pas verən” iki qoca şizofrenikin girovuna çevrilib

Bu başıpozuqların hansısa qərarı hər an bütün planeti alova bürüyə bilər

Trampın gözünü qırpmadan həbs etdirdiyi Rusiya tankeri ətrafında baş verənlər bir qaçaqmalçı ilə bir piratın (dəniz quldurunun) qarşıdurmasına bənzəyir. Putin bu səhnədə qaçaqmalçı, Tramp isə pirat obrazındadır. Sanki bir böyük quldur özündən razı və yerini bilməyən nisbətən kiçik qulduru cəzalandırır - “çırpır”.

ABŞ Rusiya gəmisini açıq şəkildə, əslində həm də beynəlxalq hüquqa zidd olaraq ələ keçirir. Başqa vaxt “asıb-kəsən”, Avropanı və Avropa liderlərini hədələyən Putinin səsi çıxmır və o, dövlətinin aşağılanmasına susur.

Ukraynada bütöv şəhərləri yer üzündən silən Kreml sahibinin bu baş verənlərə cavab olaraq hansısa ABŞ gəmisini həbs etməyə cəsarəti çatarmı? Əlbəttə ki, yox! Ona görə də Rusiya XİN “dejurnı” bəyanatla kifayətlənir.

Beləliklə, bütün dünya, eləcə də imperiya eşqi ilə alışıb yanan rus obıvateli də görür ki, Putin nəinki Əsədi, Maduronu, İrandakı rejimi, heç Rusiya bayrağı altında üzən bir adi neft tankerini belə qoruya bilmir…

Bəs bütünlükdə bəşəriyyət üçün təhlükəli olan, bütün beynəlxalq hüquq və normalarının, oyun qaydalarının, mənəvi və əxlaqi dəyərlərin ayaqlar altına atıldığı indiki durumun konkret səbəbi və səbəbkarları barədə danışan varmı? Ukraynadakı işğalçılıq müharibəsindən öncə kiminsə ağlına gələrdimi ki, Rusiyanın himayədarlıq etdiyi bir ölkənin prezidentini bir gecədə yataq otağından qaçıra bilərlər?

Yaxud kiminsə ağlına gələrdimi ki, Rusiyaya aid neft gəmisi okeanın ortasında ələ keçirilə, ərazidəki rus hərbi gəmiləri və sualtı qayığının isə “gözünü döyə-döyə” kənardan baxmaqdan başqa əlindən heç nə gəlməyə bilər?

Kiminsə ağlına gələrdimi ki, Rusiya və ruslar bütün sivil dünyada “izqoy” vəziyyətinə düşər, bütün işıqlı simaları ölkəni tərk edər, Rusiya nefti aşağılayıcı şərtlərlə, qaçaq mal kimi dəyər-dəyməzinə satılar, iqtisadiyyatı “səndələyər”, büdcəsində fantastik kəsir yaranar, rus silahı və ordusu ələ salınar, rus əsgəri dəstə-dəstə əsir düşər və öldürülər, hətta yaralı ikən heç kimə lazım olmadığını bildiyi üçün özünü güllələyər və sair. Budur Putinin “dahiliyi” və “dvijuxası”…

Son vaxtlara qədər az qala bütün bəşəriyyət Putindən xahiş edir, hətta yalvarır ki, müharibəni, günahsız insanların qətlini, işğalı, “bespredeli” dayandırsın. O isə heç bir hərbi perspektivi olmayan ordusunun qarış-qarış irəliləməsi fonunda hər gün minlərlə insanın ölümünə və yaralanmasına qana susamış manyak kimi kənardan baxıb, inad göstərir.

İndi isə belə məlum olur ki, bu oyunu ondan da betər oynaya bilən və əlində Rusiyadan qat-qat böyük imkana və gücə malik ölkə olan daha iri “bespredelşik” var. Və bu “kürən zırpı”nın hakimiyyətə gətirilməsində Putinin yaratdığı xaosun çox böyük rolu olub. Nəticədə onun qarşısına “korafəhəm” Baydeni götürüb, özündən “beş betərini” qoyublar…

Belə görünür ki, Putinə və onun ətrafında korrupsiyadan, özbaşınalıqdan şişmiş dəstəyə, eləcə də əsrlər boyu acqarına da olsa şovinizm və imperiyaçılıqdan həzz alan, başı gicəllənmiş topluma sivil oyun qaydalarının, beynəlxalq hüququn az-çox işlədiyi, sərhədlərin tanındığı dünya xoş deyildi. Bunlara Putinin dediyi kimi, “dviyuxa” lazım idi. Hələ 10 milyonlarla insanın tələf olduğu İkinci dünya Müharibəsində döyüşmüş insanların hamısı bu dünyadan gedib qurtarmayıb. 

Ancaq bəşəriyyət artıq növbəti dəhşətli savaşın astanasına gətirilib. Yenə “dünya düzəni”, “nüfuz zonası” və s. kimi bəşəriyyətin qəniminə çevrilmiş anlayışlar uğrunda açıq qarşıdurma başlayıb. Özü də əgər zamanında ABŞ “Soyuq müharibəni” intellekt, siyasi və iqtisadi bacarıqlar hesabına qazanmışdısa, indi bu ölkənin başında intellekt yox, qaba fiziki güc və alverə stavka edənlər oturub. Bu isə vəziyyəti daha da təhlükəli edir…

Sanki hər 80-100 ildən bir bəşəriyyət 100-200 milyon insan itirməlidir ki, daha əvvəl əldə olunmuş, hamının razılaşdığı beynəlxalq oyun qaydalarına riayət etməyin alternativinin olmadığını anlasın. Sanki İkinci Dünya Müharibəsində yerlə yeksan edilmiş şəhərlərin, küçələrə səpələnmiş meyitlərin, ata-anasını itirmiş uşaqların, qolunu, qıçını itirmiş insanların fotolarını, videolarını görmək kifayət deyil. Sanki bəşəriyyətə mütləq bütün bunları yenidən yaşamaq və real həyatda öz gözlərilə görmək lazımdır…

İndi bəşəriyyət əlində bütün planeti məhv edə biləcək silahlar olan ağlını itirmiş, intellektdən və mənəvi dəyərlərdən uzaq, bir-birinə “pas verən” iki qoca şizofrenikin girovuna çevrilib. Onlardan biri - hələ də 21-ci əsrdə yaşadığını anlamaqda çətinlik çəkən və özünü İvan Qroznının, I Pyotrun yerindəki Çar kimi görən, lakin son zamanlar həm Ukraynada, həm də okeanın o tayında alçaldıldığı üçün çox miskin bir durumdadır.

Digəri isə bütün dünyaya meydan oxuyacaq, dünya liderlərini təhqir edəcək, hətta başqa bir dövlətin prezidentini qaçıra biləcək gücə malik olmasının sarsaq eyforiyasındadır. Beləliklə, bir ayağı o biri dünyada olan bu adamların hər ikisi olduqca təhlükəli psixi vəziyyətdədirlər və istənilən an bu başıpozuqların hansısa qərarı bütün planeti alova bürüyə bilər. Tarixən siyasətçilər, hökmdarlar adətən ən axmaq qərarları ən ağıllı simalarla veriblər. Amma insafən bunların heç ağıllı simaları da yoxdur…

Odur ki, nə Maduronun qaçırılmasında, nə Rusiya gəmilərinin həbsində yaxşı heç nə yoxdur. Necə ki, Rusiyanın Ukraynadakı, İsrailin Fələstindəki işğalında və qətliamında, BMT-nin oyuncağa çevrilməsində yaxşı heç nə yoxdur və bütün bunlar qarşıda bəşəriyyəti heç də yaxşı nəsə gözlənmədiyindən xəbər verir…

Cəlal Məmmədli