PUA texnologiyasının yaranışı: Ermənistan hansı səviyyədədir? – ANALİZ (HƏRBİ EKSPERT)

Baxış sayı:
5971
Müasir hərbi qarşıdurmalarda kəşfiyyatın rolu İkinci Dünya Müharibəsi qarşıdurmalarından kəskin şəkildə fərqlənir. Həmin fərqi aşkar etməyə çalışaq.

 

Sovet və alman hərb mütəxəssislərinin Birinci Dünya Müharibəsində orduların manevr sahəsində mənfi təcrübəsinə əsaslanaraq yaratdıqları hərbi nəzəriyyəyə görə, qərərgahlar ordunun mexanikləşdirilmiş bölmələrindən daimi mütəhərrik birləşmələr formalaşdırıb, zərbə-həmlə birləşmələrinin yardığı cəbhə xətti sahəsinə yeridilməli, onlar isə maksimum sürətlə düşmən cəbhə xəttinin operativ dərinliyinə yürüş etməli, onun cəbhə təhcizat bazalarını, aerodromlarını, nəqliyyat-daşıma və rabitə qovşaqlarını ələ keçirməli idi. Bu isə öz növbəsində düşmənin cəbhə boyu və dərinliyi üzrə manevr qabiliyyətini iflic etməli, onun birləşmələri arasında rabitəni pozaraq, onları pərən-pərən salmalı, ayrı-ayrılıqda təkləyərək məhv edilməsinə imkan yaratmalı idi. Sovet hərbi rəhbərliyi bu məqsəd üçün nəhəng siyahı gücünə malik mexanikləşdirilmiş korpuslar formalaşdırmağa, almanlar isə əsasən piyadaları döyüş meydanında birbaşa himayədə saxlayan tank bölmələrini bir yumruq kimi cəmləyərək, tank orduları yaratmağa başladılar. 


Vermaxtın qəfil hücumuna və sovet mexanikləşdirilmiş korpuslarının müxtəlif döyüş vasitələrini birbaşa bir komandanlıq altında idarə etmə cəhdindən yaranan problemlərə görə alman birləşmələri daha çevik oldular. Bu mövzunu davam etdirmək məqsədimiz yoxdur. Yazının mövzusuna da aid deyil. Sadəcə çıxarılan nəticələri şərh etməyə çalışacağıq. 

Çoxnövlü qoşun növlərininin bir ümumqoşun komandirinin rəhbərliyi altında daimi olaraq birləşmə şəklində təşkilatlanması sovet hərbi rəhbərliyinin fikrincə qərərgah idarəçiliyini daha çevik etməli və cəld qərarlar qəbul edərək sürətli manevrlər etməyə imkan verəcəkdi. Radio rabitəsinin zəif inkşaf etdiyi və zabitlərinin bu rabitəni sevmədiyi SSRİ də belə təşkilat kənar müşahidəçiyə ağlabatan görünürdü. Lakin müxtəlif təhcizat, təlim prosesi, döyüşə hazırlıq vaxtı, marş sürəti olan qoşun növləri yol şəbəkəsi zəif inkşaf etmiş ölkə ərazisində hərəkət edəndə çoxlu problemlərlə qarşılaşırdılar. Çıxış yolu - dayanaqlı rabitə vasitəsilə birləşmələri idarə edərək, lazım olan zamanda lazım olan ərazidə cəmləşdirmək idi. Lakin radio rabitə və müxtəlif siqnal vasitələri ilə opetativ idarə olunan düşmən mütəhərrik qüvvələrinin hücumları altında belə idarəetmə mümkün deyildi.

Bu kimi idarəetmə problemləri, təxminən beşdən bir hissəsinin mütəhərrik qüvvələrdən ibarət olan bütün İkinci Dünya Müharibəsi ordularında kəskin idi. 


Müharibədən sonra sürətli manevrin gücünü əyani olaraq görmüş örduların rəhbərlikləri bütün ordu birləşmələrini mexanikləşdirməyə başladılar. Müxtəlif ölkələrdə müxtəlif fomada bu işi həyata keçirirdilər. Məsələn, 60-cı illərin sonunadək Sovet ordusunda hətta döyuş teatrında belə piyada hərəkət edən birləşmələr qalmadı. Piyada bölükləri özlərinin zirehli piyada döyüş maşınında və ya zirehli transpotryorlarında hərəkət edirdilər ki, bu masınların sürəti 70-90 km/saata çatırdı. Artilleriya ya zirehli tırtıllı maşınlarda yerləşdirilir, ya da yüksək keçidli yük avtomobillərinin yedəyində hərəkət edirdi. Bu da qoşunlara gün ərzində müxtəlif relyef şəraitli döyüş teatrlarında 400-900 km məsafələrə yerdəyişmələr etməyə imkan verirdi. Artıq bütün cəbhə kəşfiyyatı növləri, kəşfiyyat məlumatlarının emal edilərək qərərgahlar arasında dövriyyəsi yeni prinsipial əsaslar tələb edirdi. Artıq, səhər kəşfiyyat qrupunun düşmən arxasından gətirdiyi operativ məlumat, günortaya qədər köhnəlirdi. Nəticədə ordu birləşmələrinin atəş gücünün qat-qat artması ona gətirib çıxardı ki, kəşfiyyat döyüşü adlanan kəşfiyyat xarakterli həmlə tədbirinin effekti azaldı və məhvedici zərbə təsirinə məruz qalma riski qat-qat artdı. Bu xarakterli həmlə tədbirlərindən irəli gələn itkilər orduya ictimai nəzarətin güclü olduğu qərb ölkələrində yolverilməz sayıldı.

İkinci Dünya Müharibəsində çox geniş istifadə olunan aerofotoçəkiliş ZRK-lar və reaktiv qırıcı aviasiyanın vüsətli inkşafına təsadüf edən 70-ci illərdə demək olar ki mümkünsüz oldu. Dünyanın ən yüksək inkşaf etmiş dövlətləri, cəbhə kəşfiyyatı üçün daha möhtəşəm texniki vasitə olan peyk kəşfiyyatından geniş istifadə etməyə başladılar. Bir çox ölkələrin kosmik proqramları olmasına baxmayaraq, belə vasitəyə yalnız ABŞ və Sovet İttifaqının imkanı çatırdı. Peyk kəşfiyyatı qurmağa imkanları olmayan ölkələr öz ordularının əməliyyat zəifliyini anlayaraq, bu iki ölkənin təsis etdiyi iki rəqib hərbi bloklarda öz müdafiələrinin təminatını gördülər. Çünki bu hərbi blokların ümumi komandanlığının qərərgahı ABŞ və Sovet orbital kəşfiyyat peyk qrupunun operativ məlumatlarından istifadə edirdi. Əlbəttə, peyk kəşfiyyatı da heç olmasa 4 saatdan bir lazım olan rayonu müşahidə etmək üçün, ən azı 6 peykdən ibarət qruplaşma yaratmalı idi. Aşağı orbitdə olan peyklərin işləmə dövrü çox da uzun olmadığından, onlara fantastik vəsaitlər qoymaqla, mütəmadi təzələmək tələb olunurdu. Bu təşkilatlardan kənarda qalan dövlətlər göstərilən problemi öz imkanları çərçivəsində həll edirdilər. 70-ci, 80-ci illərdə ordularının mexanikləşdirilmə səviyyəsi çox aşağı olan, müxtəlif növ hərbi əməliyyatlarda iştirak edən Çin, Hindistan, Pakistan orduları üçün tələb olunan operativlik vacib deyildi. Vaciblik olsa da, kritik ehtiyac yox idi. Cənubi Afrika Respublikasının ordusu əsasən partizan əleyhinə əməliyyatlar aparırdı və özü bu müharibənin xarakterinə uyğun orjinal silah növləri yaradırdı. Onun inkşaf etmiş sənayesi belə vəzifələrin öhdəsindən gəlirdi. Bu ölkənin aparteid rejiminə qoyulmuş silah embarqosu da belə “özfəaliyyətə” təkan verirdi. 

Bu baxımdan İsrailin yolu daha maraqlıdır. NATO və ABŞ qərərgahlarının operativ kəşfiyyat mənbələrinə çıxışı olmayan (halbuki, bu ölkələrin hərbi sənayesinə və bəzilərinin strateji kəşfiyyatının materiallarına çıxışı var idi) bu ölkə Sovet İttifaqının müasir silahlarıyla silahlandırılmış, yüksək səviyyədə mexanikləşdirilmiş nizami ərəb ordularına qarşı mütəmadi müharibələr aparırdı. Böyük ehtimalla, 70-ci illərdən sonra, Sovet İttifaqı öz peyk kəşfiyyatının operativ materialları ilə həmin orduları təmin edirdi. İsrail dövlətinin analoji kəşfiyyat peyk qruplaşmaları yaratmaq imkanı yox idi. Cəbhə kəşfiyyatının müfəssəlliyi yalnız aerofotoçəkilişlə təmin oluna bilərdi. Ordusu ictimaiyyətin dərin nəzarəti altında olan bu ölkə pilotlu təyyarə və sızma qrupları ilə kəşfiyyat apara bilməzdi. Həm də, ələ keçəcəkləri halda rəqibdən beynəlxalq hüquq normalarına uyğun aman gözləməyən israilli hərbi qulluqçularının belə əməliyyatda iştirak üçün mənəvi dəyanətləri də zəif ola bilərdi. Beynəlxalq hüquq bu regionda artıq 1948-ci ildən pozulmuşdu və düzəlməsinə də ümid yox idi. Bütün bu səbəblər ordu təkamülü, ağacının gövdəsində İsrailin köməyi ilə yan budaq atdı. Bu da pilotsuz uçuş aparatlarının cəbhə kəşfiyyatının əsas elementi səviyyəsinə qaldırılması ilə nəticələndi. 


Düzdür, israillilərə qədər müxtəlif ordular pilotsuz uçuş aparatlarından istifadə edirdilər. ABŞ və Britaniya orduları Birinci Dünya Müharibəsindən əvvəl pilotsuz zərbə vasitələri layihələri üzərində işləyirdilər. Müharibəyə çatdırmasalar da, 30-cu illərdə ingilislər təlim məqsədləri üçün istifadə olunan DH.82B “Queen Bee” radio ilə idarəolunan təyyarələrin istehsalına başladılar. ABŞ-da həmin məqsədlər üçün oxşar “Radioplane” QQ-2 pilotsuz təyyarəsinin istehsalına başladılar. Sonra daha irəli gedərək “İnetrstate”TDR-1 pilotsuz zərbə təyyarəsinin istehsalına başladılar ki, onu da dünyada ilk pilotsuz zərbə aparatı kimi qəbul etmək olar. Lakin həmin təyyarə texnoloji cəhətdən daha möhtəşəm, reaktiv mühərriklə uçan alman FAU-1 PUA-sının kölgəsində qaldı. Halbuki, TDR-1 İPUA-sının müxtəlif modelləri seriyaya çıxaraq 200 ədəd hazırlandı. Buraya 15 min ədəd seriya ilə buraxılan, yuxarıda göstərilən “Radioplan” QQ-2, QQ-3 və QQ-14 rəyyarələrini nəzərə alarsaq, ABŞ-ın bu mövzu ilə ciddi məşğul olmasını görürük. Lakin qalib dövlətlərin əlinə FAU layihəsinin materialları və aparıcı mütəxəssislərinin düşməsi məsafədən zərbə vurmaq mövsusuna inqilabi dəyişikliklər gətirdi. Axtarışlar reaktiv mərmi-təyyarələr və ballistik raket sahəsinə keçdi. 

Təyyarə-mərmiləri 50-ci illərin axırlarında dünyada ilk zenit-raket kompleksləri yaradılandan sonra onların döyüş heyətinin məşqi üçün təyyarə-hədəf kimi də istifadə etməyə başlandı. ABŞ-ın “Ryan Aeronautical” şirkətinin 1948-ci ildən istehsalına başladığı AQM-34 “Firebee” təyyarə-hədəfi belə yarandı. Şirkət sonradan orduya bu kiçikölcülü reaktiv hədəfin 28 modelini təklif edərək hazırladı. 
Peyk kəşfiyyatı erasına qədər vizual kəşfiyyat modelləri ara-sıra istifadə olundu. Sonradan isə düşmənin HHM rayonunun atəş sisteminin elektron kəşfiyyatı üçün modelləri yaradıldı. Bu reaktiv təyyarə-hədəfin səsdən iti sürətlə uçan variantı olan “Firebee ll” yaradıldı. 28 modelin içində hətta “Maverik” TƏİR-lərlə silahlanmış zərbə modelləri hazırlansa da, hazırda ABŞ-da düşmən HHM-ni sındırıb qət etmək üçün kəşfiyyat modelləri və səsdən iti pilotlu təyyarələri imitasiya edən aldadıcı hədəf modelləri istehsal olunur. Bu PUA-lar Vyetnam ordusuna verilmiş Sovet ZRK-larına qarşı uğurla tətbiq olundu. Lakin Vyetnam müharibəsini ABŞ insanların beynində uduzduğundan, belə uğurun elə bir rolu olmadı. ABŞ Vyetnam müharibəsindən düzgün nəticə çıxararaq, PUA istehsalını heç də məhdudlaşdırmadı. Bu məhdudlaşma əgər olsa belə, ümumi müharibə xərclərinin azaldılması çərçivəsində proporsional oldu. Sovet İttifaqında isə yeni silah növləri Siyasi Büronun qərarları əsasında yatadıldığından, bu məsələ tam başqa formada qiymətləndirildi. Sovet zabitləri bu müharibədə zəngin təcrübə qazanmalarına baxmayaraq, volyuntarist qərarlar çıxaran siyasi rəhbərliyin müharibə yekunları haqqında bravada xarakterli nəticələrinə qarşı çıxa bilmədilər. Qərar zenit-raket komplekslərinin daha mobil və maneəyədavamlığını artırmaq yolunu seçmək oldu ki, bu da ümumi sovet strategiyasına uyğun idi. Belə ki, nəhəng Sovet tank ordularının hücuma keçəcəyi təqdirdə, quruda onun qarşısını ala biləcək bir qüvvənin olmamasından, yalnız NATO-nun həmlə aviasiyasını neytrallaşdırmaq vəzifəsi dururdu. Ordunun partiya özəkləri vasitəsilə idarə oluması belə nəticələrə gətirirdi. 


Həmin bu təyyarə-hədəfdən İsrail ordusunun dolğun PUA tətbiqi tarixi başlayır. 1969-70-сi illərdə ərəb koalisiyası və İsrail arasındakı “Çökdürmə müharibəsi” adı ilə tanınmış müharibənin yekunlarını öyrənən ABŞ ərəb koalisiyası hərbiçilərinin arasında 40 Sovet və 180 Kuba hərbiçisinin olduğunu bildikdən sonra, İsrailə özünün məxfi silahı olan AQM (BQM)-34 “Farebee” kəşfiyyat PUA-larını vermək qərarına gəldi. Həmin müharibədə İsrail hərbi kəşfiyyatının mühəndisi Şabtay Bril və HHQ mühəndisi Şlomo Barakın yığdığı qrup tərədindən kustar üsullarla düzəldilmiş uçan kəşfiyyat aparatları yaxın İordaniya və Misir ordu mövqelərindən bəzi çəkilişlər əldə edib gətirmişdi. Lakin ordu komandanlığı daha uzağa uçan, ani ötürülən və daha keyfiyyətli məlumat əldə edən sistemlər tələb edirdi ki, bu təklif çox yerinə düşdü. 1970-ci ilin martında İsrail nümayəndə heyyəti ABŞ-a yola düşdü və artıq adını “Teledine Ryan” kimi dəyişən çirkətlə öz tələblərinə uyğun 12 PUA layihələndirib hazırlanması barədə müqavilə imzaladı. “Firebee” 124İ modefikasıyalı bu kəşfiyyat PUA-sı yəhudi dilində “Mabat” adı aldı. Cəmi 11 aydan sonra hazırlanaraq İsrailə gətirilən bu PUA-lardan əlavə, həmin şirkət daha bir kəşfiyyat modeli “Farebee” 124D , aldadıcı hədəflər olan “Şadmit” adlandırılan “Farebee” 232, 232D modellərini də istehsal etdi. Bundan əlavə “Northrop Grumman” şirkəti İsrail ordusu üçün MQM-74A “Chukar” ZRK-larını aldadan yalançı hədəflər istehsal etdilər ki, bunlar da “Telem” adlandırıldı. Bütün bu vasitələr 1973-cü ilin “Qiyamət günü müharibəsində” istifadə olundu. Həmin müharibənin yekunları göstərdi ki, ABŞ hərbi sənayesinin gücündən istifadə edən ordu sovet sənayesinin məhsulları ilə silahlanmış ordudan qat-qat yüksək texnoloji üstünlüyə malikdir. 

Artıq ABŞ texnologiyalarını əldə etmiş İsrail PUA-ların verdiyi üstünlüyü dərindən anlayaraq, bu ölkədən həmin vasitələri almaqla yanaşı, öz istehsallarını da yaratmağa başladılar. Əlbəttə, ABŞ hökuməti bu silahları İsrailə verəndə, belə nəticənin ola biləcəyini anlayırdı. Lakin bu ölkənin siyasi maraqları tələb edirdi ki, strateji müttəfiqi olan İsrailin hərbi sənaye kompleksi inkşaf etsin. ABŞ ordusunda cəbhə texniki kəşfiyyatının bir komponentini təşkil edən, HHM rayonunun qət edilməsi kimi spesifik vəzifələr həyata keçirən PUA-lar İsrail ordusu, donanması və polisi üçün ən lazımlı universal bir alətə çevrildi. 

1969-cu ildə Sabtay Brilin və Şlomo Barakın qrupunun uğursuzluğundan sonra SAXAL üçün PUA hazırlayan başqa bir qrupu da yaradıldı. Bu qrupa ABŞ vətəndaşı olan mühəndis El Alis, ehtiyatda olan hərbi pilot polkovnik-leytenant Yehuda Manor, yuxarıda adı çəkilən Şlomo Barak və Ezra Dotan daxil oldu. Onlar AİRMECO şirkəti yaradaraq işə başladılar. Nəticədə 2 mühərrikli 12 kiloqramlıq əlavə yük qaldıran kiçik bir aparat düzəltdilər. Lakin ilk uçuşda mühərrikin biri sıradan çıxdığından PUA yerə düşərək dağıldı. Buna baxmayaraq, qrup öz işini təkmilləşdirməyə çalışırdı. ABŞ mühəndisi Nik Ziroli onlar üçün yeni “Owl” PUA-sının layihəsini çəkdi. O ABŞ-da ilk PUA-lar istehsal edən “Filko Ford” şirkətinin ilk layihəçilərindən biri idi və həmin vaxt radioidarə olunan modellərin hazırlanması ilə məşğul olurdu. AİRMECO şirkəti bu PUA ilə “İsrail Aviasiya Sənayesi” konsernini maraqlandırmağa çalışdı. Lakin konsernin rəhbərliyi hal-hazırda “Aerostar” PUA-sının eyni ölçülü peototipi olan bu maşını oyuncaq adlandıraraq, onu qəbul etmədi. Buna etiraz edən El Alis şirkətin rəhbərliyindən istefa verdi. 

Onu da deyim ki, həmin hərbi konsernin rəhbərliyini və hərbiçiləri başa düşmək olardı. Hamıda gələcəyi görmək qabiliyyəti yoxdur. Həmin illərdə (50-70-ci illər arası) “Firebee” kimi 2500 kiloqrama yaxın çəkili, 15000 metr hündürlükdən səs sürətinə yaxın və ondan yüksək sürətlə uçan PUA-larla düşmənin radiolokasiya sistemlərini aldadıb, onlara məhvedici zərbələr endirmək, təyyarələri aerodromlarda məhv edib, havada tam üstünlüyə malik olmaq olardı. Ondan sonra isə təyyarələr vasitəsilə istənilən vəzifəni yerinə yetirmək olurdu. Kəşfiyyat, quru qoşun birləşmələrinə göydən zərbə-həmlə, istənilən ərazidəki obyektin bomba zərbəsi ilə məhv edilməsi mümkün idi. 

İlk DZRK-lar yalnız 1969-cu ildə yaradıldı və onların döyüş taktikasını necə dəyişəcəyi tam aydın deyildi. 70-ci illərin əvvəllərində DZRK-larla çoxlu miqdarda təyyarələr vurulandan sonra məlum oldu ki, böyük ZRK-lardan təşkil olunmuş HHM sistemini tam darmadağın edəndən sonra, daha 50-ci 60-cı illərdəki kimi rəqib səmasına tam sahiblik mümkün deyil. Təyyarələr 3000-3500 metr hündürlükdən aşağı enməməlidirlər ki, aşkar edilməsi heç bir yolla mümkün olmayan DZRK-ların atəş zonasına girsinlər. Bu isə təyyarələrin sərbəstdüşən bombalar vasitəsilə zərbə dəqiqliyini bir neçə qat, döyüş uçuşlarının effektivliyini həmin qədər azaldırdı. Atəş-zərbə həmlələri bir neçə yüz metr hündürlükdə uçuş tələb edirdi ki, o da çox riskli oldu. Yüksək hündürlükdən olunan kəşfiyyatın keyfiyyəti də azalır və ya yüksək keyfiyyətli bahalı xüsusi avadanlıq tələb edirdi. 60-cı illərdə kəşfiyyatçı təyyarə HHM qüvvələrinin aşağı hündürlüklərdə zəif selektivliyindən istifadə edərək 300 metrə qədər hündürlüklərə sıxıla bilirdisə, indi o hündürlüklərdə təhlükə gizlənirdi. 

Bundan sonra dünya ordu qərərgahlarının aviasiyanı yanğınsöndürən komanda kimi hər vəzifəni yerinə yetirməyə göndərmək istəyi yoxa çıxdı. 


Bu halda AİRMECO şirkətinin “Owl” PUA-sına tələbat yarandı. İsrailin “Tadiran” şirkətinin direktoru Akiv Meir uzaqgörənliklə AİRMECO şirkətinin həmin PUA-ya olan hüquqlarını aldığından, bu şirkət 1974-cü ildə onu ordu üçün istehsala başladı. İsrailin müstəqil olaraq PUA istehsalı tarixi buradan başlayır. “Owl” PUA-sını “Mastif” adı ilə xarici müştərilərə də təklif etməyə başladılar. Çəkisi 100 kq-dan çox olan bu aparat 7,5 saat havada qalaraq 37 kq ağırlığında kəşfiyyat avadanlığı daşıya bilirdi. İsrailin sonrakı müharibələrdə uğurlarının böyük bir hissəsi bu PUA ilə bağlıdır. 

İsrailin PUA istehsalı sənayesi üzərində geniş dayanmağımızın bir səbəbi ondan ibarətdir ki, belə sistemlərin yaranma prosesini nisbətən əyani göstərək. Heç bir dövlət birdən-birə yeni texnika yarada bilmir. Göstərdiyimiz kimi, ABŞ bu istiqamətdəki işlərə Birinci Dünya Müharibəsindən etibarən başladığından, XX əsrin 50-ci illərində “Firebee” tipli aparatlar yaratmışdı. Məhz bu aparatlar 70-ci illərdə İsrailin ərəb ölkələri üzərində (qiyabi olaraq isə ABŞ-ın SSRİ üzərində) qələbəsini təmin etdi. 70-ci illərdə bu sahədə aparılan işlər daha çox çətinliklərlə üzləşə bilərdi. Öz-özlüyündə yerdən idarə onunan pilotsuz uçuş aparatını layihələndirmək elə də çətin məsələ deyil. Dünyanın hər yerində yüzlərlə aviamodelçilər kustar emalatxanalarda bu tip modelləri yığıb səmaya qaldırırlar. 

Sadə bir modelçi üçün problemlər aşağıdakılardır: 

1. Bu aparatları uzaq məsafədən dayanaqlı və maneəyədavamlı ikitərəfli, həmçinin geniş spektrli televiziya rabitəsi ilə təhciz etmək; 
2. Onun fəzada düzgün oriyentləşməsini təmin etmək; 
Aviamodelçi öz modelinin uçuşunu vizual seyr etdiyi üçün onu özü kritik uçuş rejimlərindən çıxara bilir. Amma operatordan onlarca kilometr məsafədə yerləşən PUA özünün tanqaj və burulma müstəvisini kritik uçuş bucaqlarından, ya özü çıxarmalıdır, ya da onların dəyişməsi haqqında operatora çox dəqiq ani məlumat göndərməlidir. Bunun üçün də aparatın giroskopik müstəvilər, altimetrlərlə təhcizi tələb olunur.
3. Aparatın yer üzərində proyeksiyasının dəqiq kordinatlarını müəyyən edən cihazlar;
4. Girostabilləşmiş platformada yerləşmiş yüksək ayırdetmə qabiliyyətli çoxrakurslu kameralarla təhcizi;
Kameranı gövdəyə birbaşa bağlasan, mühərrikin, küləyin verdiyi azacıq titrəyiş böyük teleskopik qabiliyyətə malik kameranın çəkdiyi materialı yararsız edəcək. 
5. Rayonun topoqrafik xəritəsi ilə çəkdiyi ərazinin şəkillərini müqayisə edib, koordinat torunu qura bilən hesablama qurğusu;
6. Rabitənin kəsildiyi halda aparatı havada saxlayaraq qalxdığı nöqtəyə tərəf apara bilən intellektual avtopilot qurğusu. 

Butun bu cihazların istehsalı müəyyən texniki potensial və əzmkarlıq tələb edir. Belə cihazları 70-ci illərdə yalnız bir neçə NATO ölkəsində almaq olardı ki, onların da üzərində ciddi dövlət nəzarəti var idi. Hal-hazırda bu tipli cihazlar inkşaf etməkdə olan ölkələrin sənayesində istehsal olunmağa başlayıb. Yalnız Çin sənayesinin açıq texniki kataloqlarında bu cihazların çoxu təklif olunur və hətta sifarişçiyə poçtla göndərilir. Çünki bu cihazlar mülki qurğularda, mülki aviasiyada geniş istifadə olunur. Problem bütün bu uçuşu və kəşfiyyatı təmin edən cihazları uyğunlaşdırıb uzaqlaşdırmaq, onların bir hesablayıcı qurğudan idarəetməsini təmin etməkdir. Belə hesablayıcı qurğunu (xüsusiləşdirilmiş EHM) bazardan almaq mümkün deyil. Onu layihələndirib qurmaq lazımdır ki, bu da nisbətən mürəkkəb radiotexniki və rəqəmli cihazlar layihələndirən laboratoriyalar və onların sınaq istehsalı müəssisələri olmasını tələb edir. 


Bu tip müəssisələr və mütəxəssislər Azərbaycanda və Ermənistanda var. Həmin səbəbdən düşmən ölkədə bu sahədə aparılan təqdiqatlara və eksperimentlərə diqqətlə və tam ciddi baxmalıyıq. Əlbəttə, inkşaf etməkdə olan ölkələrin element bazası istismar müddətinə görə dünya liderlərindən geri qalır. Lakin böyük bir əməliyyatda belə aparatlar çox vaxt yeganə vəzifəni həyata keçirərək qurban verildiyindən, bu xüsusiyyət elə də önəmli deyil. Əsas PUA-nın layihədən gözlənilən taktiki-texniki xüsusiyyətlərə uyğun olmasıdır. 

Azərbaycan PUA sənayesinin inkşafı İsrailin PUA sənayesi tarixinə çox oxşayır. Bizim bu sahədə ekserimentlərimiz hələlik laboratoriya mərhələsindən kənara çıxmayıb. Bu cihazlar orduya məhz bu gün lazım olduğundan, böyük döyüş təcrubəsi qazanmış İsrail PUA-ları alınıb. Hətta onlar ölkəmizdə lisenziyalı istehsal da olunurlar. Lakin bu cihazların bizim ordunun taktiki ehtiyaclarına lazım olan formada modernizə edilməsi üçün lisenziya sahibindən icazə almaq lazımdır. İsrail kifayət qədər yaxın partnyor ölkə olsa da, hansı modifikasiya üçünsə icazə verməyə də bilər. Bu məqsədlə, bahalı və geniş istehsal mənbələri tələb etməyən müstəqil PUA layihə-sınaq-istehsal sahəsini inkşaf etdirmək ölkəmizin maraqlarına uyğun olardı. 

Buna oxşar səbəbdən Ermənistan, məcburiyyət qarşısında öz PUA sənayesini inkşaf etdirməyə başladı. Rusiyadan müftə silah almağa öyrəşmiş bu ölkə çıxılmaz vəziyyətdə qaldı. Rəsmi İrəvanın İsraildən və NATO ölkələrindən həm siyasi, həm də maliyyə səbəblərindən bu aparatları almaq imkanı yox idi. NATO ölkələri silahlı münaqişə iştirakçısı kimi Ermənistana bu silahı satmağa qadağan edib. İsrail isə Azərbaycan və Türkiyə ilə pis olmayan münasibətlərinə görə, onlara düşmən münasibət bəsləyən ölkəyə bu silahı verməkdən ehtiyat edir. Həm də İsrailin kiməsə müftə silah vermək ehtimalı çox zəifdir. 

Yazının əvvəlində göstərdiyimiz səbəbdən, 90-cı illərin maliyyə problemlərindən, rus qərərgahının döyüşə başqa nəzəri baxışı olduğundan, yalnız öz element bazasını istifadə etmək ambisiyalarından, bu bazanın olmamasından Rusiyanın PUA istehsalı dünya liderlərindən çox geridə qalırdı. Rusiya yalnız indi bu sahəyə ciddi diqqət yetirməyə başlayıb. 

Nəticədə Ermənistan rəhbərliyi Rusiyadan kustar səviyyəli məhsullar almaqdansa, öz kustar istehsalları ilə məşğul olub, onu getdikcə təkmilləşdirmək qərarına gəldi. 


İlk erməni PUA-sı “Krunk” (Leylək) belə yarandı. Çəkisi 60 kq olan bu aparat forması və ölçülərinə görə bizə İsrailin “Aerostar” РUA-sını xatırladır. Bu aparatın ağırlıq mərkəzi tam başqa formada tarazlaşdırılıb. Erməni mühəndisləri hansı səbəbdənsə prototipdə tətbiq olunan itələyici hava vintindən vaz keçərək valında dartıcı vint olan daxili yanma mühərrikini modelin burun hissəsində yerləşdiriblər. Aerodinamika sahəsində bir az dərin təsəvvürə malik olan adam bilir ki, itələyici vintin faydalı iş əmsalı daha yüksək olur ki, bu da eyni miqdarda yanacaqla daha uzaq məsafə qət etməyə səbəb olur. Bu vint titrəyişlərin azalmasına və aerodinamik tarazlıq üçün də daha yaralıdır. Aparatın çəkisi mərkəzini arxaya dartdığından, kəşfiyyat avadanlığını taktiki cəhətdən daha sərfəli burun hissəyə yerləşdirib, tarazlığı bərpa etməyə imkan verir. Bu vintin çatışmayan cəhətləri də var, amma onlar özünü əsasən pilotlu “böyük aviasiyada” büruzə verir. 

Aparatın kəşfiyyat avadanlığının nədən ibarət oıduğunu deyə bilmərik. Lakin iki xususiyyəti tam dəqiqdir. Bu PUA-nın götürdüyü yük “Aerostar”dan 5 dəfə azdır və peyklə genişspektrli informasiya mübadiləsi etmək qabiliyyəti yoxdur. Hələlik erməni mütəxəssisləri nəinki texnoloji sahədə, həm də aerodinamika sahəsində axtarışdadırlar. Əlbəttə, erməni mətbuatının hərbi ekspertləri bu PUA-nın avtopilotla aqreqatlaşmış EHM-i olduğunu iddia edir ki, guya bu aparatın rabitə kəsildiyi halda belə bazaya qayıtmaq imkanı var. Bu məlumatın doğruluğunu erməni ekspertlərinin vicdanına və Azərbaycanın hərbi kəşfiyyatının üzərinə buraxırıq. 


Başqa bir erməni PUA-sı Rusiyanın AFM-Servers şirkətinin istehsalı llan “Ptero" tipli aparatıdır. Bu PUA yəqin ki, hərbi xətt ilə alınmayıb. Beş ədəd alındıqdan sonra erməni istehsalçıları onun müəyyən dəyişiklərlə nüsxəsini çıxarmağa başlayıblar. Ümumiyyətlə Ptero tipli PUA-ların ən müasiri “Ptero-G1”dir. Onun erməni ordusunda olub olmaması haqqında dəqiq məlumat yoxdur. Gəlin onun xüsusiyyətlərinə nəzər yetirək. 20 kiloqram çəkisi olan bu aparat havaya 5 kiloqram çəkidə avadanlıq qaldıra bilir. “Saito” FG-36, “Saito” FG-40 və ya “Honda” GX-35 daxili yanma mühərrikləri ilə təhciz olunan aparat mühərriki işə salındıqdan sonra, sıxılmış hava tullayıcısı ilə havaya atılaraq hərəkətini davam etdirir. 

Modelin peyk QLONASS-GPS-BeiDou qəbuledicisi “NovAtel” OEM617 və ya QLONASS-GPS qəbuledicisi “ComNav” K501G radiotexniki çap lövhələri üzərində yığılıb. Bu qurğu saniyədə 20 dəfə koordinatları ölçür. İkitezlikli QLONASS-GPS-BeiDou antenası, “Antcom” 4GNSSA-XS1 və ya “Harxon” HX-CA7603A antenası istifadə olunur. Aparatın inersial naviqasiya sistemi kimi “NovAtel” SPAN-İGÇ-A1(SPAN-İGM-S1) sistemi istifadə olunur ki, o da vahid blokda yuxarıda adı çəkilən “NovAtel” OEM615 lövhəsi üzərində yığılıb. 


PUA göydən çəkiliş aparmaq üçün baza modeli kimi “Nikon Nikkor” 35mm f/2D işıqgüclü və ya “Nikkor” 85mm f/1,8D işıqgüclü obyektivləri ilə təhciz olunmuş “Nikon” D810 rəqəmsal kamerası ilə təhciz olunur. Lakin sifarişçinin istəyindən asılı olaraq, “Phase One” iXU150/160/180/1000 və “Phase One” iXU-RS 160/180/1000 tipli kameralarla təhciz oluna da bilər. Bundan əlavə PUA ya InfraTec VarioCAM HD head 600 və ya 800 seriyalı kameralar da quraşdırıla bilər. Kameralar STD-Radiks (СТД-Радикс) şirkətinin girostabilləşmiş platformaları olan, QSP 135-HD (ГСП 135-HD) - videoçəkiliş aparmaq üçün, QSP 135-İR50 (ГСП 135-IR50) - teplovizor çəkilişi aparmaq üçün, QSP 135-DPN (ГСП 135-ДПН) - həm video həm teplovizor çəkilişi aparmaq üçün platformalarından asılır. Bu rəqəmləri yazmaqda məqsəd budur ki, maraqlananlar internet şəbəkəsində axtarış vasitəsilə həmin cihazları tapıb, daha dərindən təqdiq edə bilərlər.

Göründüyü kimi, bu PUA eyni zamanda çoxfunksiyalı deyil. Onun döyüş vəzifələrini dəyişmək üçün, oturdaraq, kameralarını dəyişmək lazımdır. Ən əsası isə, birbaşa rejimdə video və foto çəkilisini bazaya ötürə bilmir. Rabitə modulu yalnız idarəetmə və telemetrik siqnalların mübadiləsini təmin edə bilir. İnformasiyanı yalnız 2 ədəd 256 GBayt tutumlu yaddaş kartlarına yazır. Erməni mühəndislərinin bu sistemi nə qədər təkmilləşdirə bilməsi sual altındadır. Lakin “keçəlin əli yağlı olsaydı öz başına çəkərdi” deyimini əsas tutaraq, düşünmək olar ki, onların belə sistemi layihələndirmək imkanı olsaydı, həmin mülki şirkətin əməyinə ehtiyacları olmazdı. Komponentlərin hamısı açıq bazarda satılır. Hazırda onlar bu PUA-nın bazasında X-55 adlı öz cihazlarını yığırlar. 


Daha bir maraq doğuran texnika Ermənistanın PRO MAQ şirkətinin istehsalı olan “Hreş”markalı zərbə PUA-sıdır. Bu PUA-nın faydalı iş əmsalı az, taktik göstəriciləri isə şübhə doğuran impeller tipli hava itələyicisi ilə təhciz olunub. Bu isə onu göstərir ki, bu sursat hələ nəzəri layihələr dövrünü yaşayır. Bu baxımdan düşmən, konstruktorlara eksperimentlər üçün çox sərbəstlik verir. Sözügedən zərbə PUA-sının konstruksiyası böyük şübhələr doğursa da, erməni konstruktorları aktiv eksperimental axtarışlardadır. Hal-hazırda seriyaya buraxılmamış bu PUA-nın heç bir taktiki-texniki xüsusiyyətləri açıqlanmır. Yalnız o göstərilir ki, özünü hədəfə çırparaq məhv edən “kamikadze” aparatı havadan asılı qalaraq, 40-50 km məsafədən düşmənin ən qalın zirehli texnikasını, yəni tankını vura biləcək. PUA-nın çəkisini, xətti ölçülərini biməsək də, onun qanadlarının formasını, gövdə ilə mütənasibliyini impellerin aparatla ölçü mütənasibliyini görürük. Şaquli və horizontal müstəvilərə nisbətən 45° bucaq altında “X”vari çarpazlaşdırılmış qanadlarla təhciz olunan bu model fikrimizcə İsrailin daha perspektiv “Hero” ailəsinə mənsub “kamikadze” sursatını çox xatırladır. Bu formalı qanadlar daha cəld manevrə imkan versələr də (asfalt meydançada cəld manevr edən idman avtomobilinə birbaşa zərbə endirə bilər), onların fəzada idarəedilmə alqoritmləri daha mürəkkəbdir. 

Ermənistan HSK-nin bu sahədə təcrübəsi olmadığından, özlərinin bu sahədə hansısa işlər apara biləcəyi şübhə doğurur. Əlbəttə, böyük ehtimalla bu layihənin psixoloji bir layihə olduğunu söyləmək olar. Bu, həm bizi qorxutmaq cəhdi, həm də bizim yaxın partntorumuz olan İsrailə qarşı inamsızlıq toxumları səpmək məqsədi daşıya bilər. Əlbəttə, göstərilən ölçülü impeller mühərrikinin sursatı hətta təyyarədən atıldığı halda da havada saxlaya bilməz. Adı çəkilən mühərrik hətta münasib ölçülərdə olsaydı da, sursatın hədəfi axtarış rejimi üçün tələb olunan kiçik sürətlərdə adi vintdən aşağı faydalı iş əmsalına malikdir. Onun modeldə quraşdırılması da bir aldadıcı oyun ola bilər ki, aşkar şəkildə göstərsinlər ki, guya sursat üçün optimal hərəkətetdirici vasitə forması axtarışında məyusedici nəticəyə varıblar. Elə aşkar ki, biz onun dezindormasiya olmasını başa düşüb, bizdən nəsə daha vacib informasiyanın gizlədilməsindən şübhələnməyə başlayaq və onlara kiminsə texniki yardım etdiyini qərar verək. 


Bütün bunlara baxmayaraq, hətta nümayiş modelləri saxta modellər olsa belə, bu, Ermənistan HSK-də, analitik və təbliğat dairələrində problemin yaxşı dərk edilməsinə və bir mərkəzdən koordinasiya olunmasını göstərir. Onların PUA nümunələri hələlik çox keyfiyyətsiz təsiri bağışlasa da, bu məsələ üzərində aktiv işləmələri hiss olunur. Çünki, əvvəldə qeyd etdiyimiz kimi, bu sahə üçün, bahalı investisiyalar tələb edən müəssisələrin tikintisini zəruri deyil. Bu tipli sistemlərin ən mükəmməli mühəndis qrupları tərəfindən, onlara verilmiş emalatxanalarda, element bazası xarici bazarlardan əldə edilməklə qurulur. Dünyada demək olar ki, heç bir ölkə bu sistemləri 100% öz element bazasında hazırlamır. 

Ümumiyyətlə gələcək müharibələr PUA-lar və gəzən sursatların ən aktiv iştirakı ilə aparılacağından, onlarda belə silahı istehsal etməyə texnoloji imkanı olan “kasıblar” ilə “varlılar”ın şansı kiçik (lokal) münaqişələrdə bərabərləşə bilər. Bunu ordulara silah tədarükü ilə məşğul olan əlaqədar strukturlar nəzərdən qaçırmamalıdır. 

Hərbi ekspert Vüqar Miraslanov 
Yazı Ordu.az-a məxsusdur