Putin və Ruhani İstanbula gedir – ZİRVƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin aprel ayında son bir il ərzində 9-cu dəfə görüşəcəklər.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, görüş zamanı həm iqtisadi, həm də siyasi məsələlər müzakirə ediləcək.
Məlumata görə, iki liderin iştirakı ilə əvvəlcə ölkələrarası Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplanacaq. Toplantıda iki ölkə arasında müdafiə, enerji, kənd təsərrüfatı, turizm və viza məsələləri müzakirə ediləcək.
Putinin səfəri zamanı Türkiyənin ilk nüvə stansiyası olan “Ağquyu”nun təməlqoyma mərasimi baş tutacaq. Ərdoğan və Putinin mərasimdə canlı bağlantı vasitəsilə və ya şəxsən iştirakı nəzərdə tutulur.
İstanbulda səfərin ikinci günündə liderlərə daha bir ölkə başçısı qatılacaq. Həsən Ruhaninin Türkiyəyə gəlişi ilə liderlərin Soçidə Suriya ilə bağlı keçirdikləri zirvənin ikincisi İstanbulda baş tutacaq. Üçtərəfli zirvə toplantısında Afrin və İdlib məsələləri ilə yanaşı, Suriyada siyasi keçid dövrü də müzakirə ediləcək.