PUTİNİ DİRİYKƏN ÖLÜ KİMİ TƏQDİM ETMƏK... – Patruşev və onun komandasının planı nədir?

Baxış sayı:
5311

Rusiyalı politoloq Valeri Soloveyin Prezident Vladimir Putinin ölməsi və oxşarı ilə əvəzlənməsi barədə irəliyə sürdüyü fikirlər getdikcə daha çox rezonans doğurmağa başlayıb. ”Znanie” cəmiyyətinin keçirdiyi tədbirdə büsbütün qara geyimdə tribunya çıxan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Putin haqqında keçmiş zamanda və mərhumla vidalaşırmış kimi danışması şübhələri bir qədər da artırıb. Putin barəsində müəmmaların dolaşdığı bir vaxtda Patruşevin bu tərz davarnışı çox ehtimal ki, planlaşdırılmış xarakter daşıyır...

Bəs ümumiyyətlə, bu məzhəkədə məqsəd nədir?

Hələ ki, konkret nələrin baş verdiyi anlaşılmazdır. Ona görə də yalnız müxtəlif versiyalar üzərində mülahizələr yürüdə bilərik. Sözsüz ki, bu mülahizələr özündə Rusiya reallığını və dünyadakı prosesləri əhatə etməlidir. Nikolay Patruşevun çıxışı ümumi planın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bir çox analitiklər onun sözügedən çıxışını vaxtından əvvəl hazırlanmış nekroloq hesab edirlər.

Putinin öldüyünü israrla təkrar edən Valeri Solovey FTX-dan gələn təlimatlar əsasında danışır. Soloveyin bu cəfəngiyyatına inananlar və “YouTube” kanalında onunla müzakirə aparanlar da var. Ancaq məsələ təkcə Soloveyin sözlərinin doğru olub-olmamasında deyil. Sözsüz ki, pərdə arxasında sosial psixologiyaya güclü təsir göstərəcək müəyyən planlar qurulur.

Patruşev və onun komandası hansı planı həyata keçirmək istəyir? 

Rusiya öz tarixi ənənəsini davam etdirir. Həmişə avtoritarizm və diktaturanın hökm sürdüyü bu dövlətdə birinci şəxsə Çar kimi baxıblar. Rusiya Federasiyası sənəd üzərində respublika olsa da, onun idarəetmə quruluşu və daxili mahiyyəti reallıqda tam mütləqiyyət xarakterlidir. Elə ona görə də Rusiya elitası güclü mərkəzi hakimiyyətin ətrafında formalaşıb. Amma daxili saray intriqaları təbii ki, heç yerə getməyib. İndi şübhə yoxdur ki, Kreml texnoloqları sosial psixologiyanın incəliklərini nəzərə almaqla başgicəlləndirici və hiyləgər taktika ilə hansısa plan həyata keçirmək istəyirlər. Bu işdə Valeri Soloveyin vasitə kimi seçilməsi heç də təsadüfi deyil.

Solveyin özü ukraynalı jurnalist Dmitri Qordonla müsahibəsi zamanı arxasında nüfuzlu və güclü adamların durmasını etiraf edib. Bütün bunlar aydındır, ancaq müəmma ondan ibarətdir ki, ictimaiyyəti Putinin öldüyünə və onu hansısa “Vasiliç” adlandırılan oxşarının əvəz etdiyinə inandırmağa çalışırlar. Belə güman etmək olar ki, biz hazırda “Priqojin əməliyyatı”nın ikinci hissəsinə tamaşa edirik. Priqojin qiyamı zamanı Putin acınacaqlı vəziyyətdə Valdaya qaçmışdı və bunu hakım elitadan gizlətmək mümkün olmamışdı. O vaxtdan keçən müddət ərzində böyük təsir gücünə malik elita nümayəndələrinin Nikolay Patruşevin ətrafında birləşməsi realdır.

Patruşevin planı Putini diriykən ölü kimi təqdim etmək və tədricən özünü irəliyə vermək ola bilər. Bəlkə də əsas səbəb Ukraynada gedən müharibə ilə əlaqədardır. Belə ki, müharibənın dayandırılması ilə bağlı hər iki tərəfdən çağırışların artdığının şahidi oluruq. Çünki Ukrayna və Rusiyadakı məlumatlı yetkililər müharibənin gedişinə Qərbin nəzarət etdiyini yəqin ki, anlayırlar. Amerika Ukrayna müharibəsi barədə fikirlərini gizli yollarla tərəflərə çatdıra bilər. Belə olan təqdirdə vəziyyətə uyğun şəkildə tədbirlər həyata keçirilməsinə başlanılmalıdır. Mexanizm müəyyən mənada artıq işə salınıb, Rusiya FTX-sı tərəfindən Ukrayna müharibəsinin dayandırılması ilə bağlı məlumatlar yayılır. Həmin məlumatlara görə, Patruşev Ukraynada gedən müharibəni guya ki, durdurmağın tərəfdarıdır. Gündəlikdə qoşunların təmas xətti boyunca döyüşlərin dayandırılması və bundan sonrakı mərhələdə zəbt edilmiş ərazilərin Rusiyanın nəzarətinə keçməsi ssenarisi dayanır, başqa ssenariyə hələ ki, rast gəlinmir.

Məlum məsələdir ki, Ukraynadakı müharibəni şəxsən Putin özü başladıb. Ukraynaya qarşı təcavüzə başlamamışdan öncə Rusiya Təhlükəsizlik Şurasının yığıncağında onun davranışları və təkidi bu qərarın kollektiv şüurun məhsulu olmadığını aydın hiss etdirirdi. Həmin yığıncaqda azacıq fərqli yanaşmanı yalnız Nikolayl Patruşev nümayiş etdirmişdi.

Deməli, belə qənaət yaranır ki, hazırda Patruşev Putini qeyri-ciddi vəziyyətə salmaqla hər şeyin özü tərəfindən yerinə yetirilməsinə nail olmağa cəhd göstərir. Ona görə də indi Putin sanki kvant fizikasındakı “Şredingerin pişiyinə” ( Avstriyalı fizik Ervin Şredinger tərəfindən ortaya atılmış, kvant fizikasıyla əlaqəli olan düşüncə təcrübəsi-red.) bənzəyir.

Putinin ölümü ilə bağlı bu gülünc söz-söhbətin Putinin özünə hər hansı bir faydası varmı? Xeyr. Əksinə, bu, onun nüfuzuna növbəti ciddi zərbədir və ciddi siyasi hadisələr şouya çevrilmək üzrədir. Necə deyərlər, əgər Prezident Putin saxtadırsa, onda seçkidə saxta olmayan başqası iştirak etməlidir. Həm də ki, axı, Rusiyanın oyuncaq rəhbərə yox, əsl liderə ehtiyacı var...

Rusiya Ukraynadakı müharibəni davam etdirmək istəyirmi? 

Bəs Rusiya Ukrayna ilə apardığı müharibəni dayandırmaq niyyətindədirmi? Bəlkə də bu niyyətdən irəli gələrək, Avdeyevka və Maryinkanı ələ keçirmək üçün çoxsaylı itkilərə baxmayaraq intensiv hücumları davam etdirirlər. Yeni ərazilər tutmaq istəyirlər ki, danışıqlar prosesində daha üstün vəziyyətdə olsunlar. Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı deyib ki, təkcə Avdeyevka istiqamətində Rusiyanın son bir ay ərzində 100 tankı, 250 zirehli maşını və yeddi ədəd “Su-24” təyyarəsi məhv edilib, 7 mindən artıq döyüşçüsü öldürülüb. Kimsə düşünə bilər ki, Ukrayna komandanı rəqəmlərlə manipulyasiya edir. Amma sosial şəbəkələrdə qoyulmuş videolardan da görünür ki, ruslar xeyli sayda zirehli texnika və canlı qüvvə itiriblər. Hələ Avdeyevkanı almaq üçün bəlkə də bundan üç-dörd dəfə artıq itki verməlidirlər...

Eyni zamanda, mətbuatda gəzən söhbətlərə görə, kollektiv Qərb müharibənin 2024-cü ilin yazında bitməsinə çalışır. Əlbəttə, hər şey ola bilər və siyasətdə heç nəyi arqumentsiz istisna etmək olmaz. Arxa planda Rusiya və eləcə də Ukrayna ilə hanısa məxfi danışıqlar getməsi mümkündür. Müharibənin gedişi göstərir ki, həm Ukrayna, həm də Rusiya yorulub. Ən əsası isə müharibənin nəzarəti bu iki dövlətin yox, ABŞ və NATO-nun əlindədir. Etiraz olunar ki, xeyr, Rusiya döyüşə bilər və onun Ukraynadan fərqli olaraq uzun müddətə kifayət edəcək resursları var, Hərbi Sənaye Kompleksi işləyir və s. Ancaq müharibənin gedişini diqqətlə izləyən və Ukraynaya güclü silahlar verməklə tərəflər arasında qüvvələr nisbətini tənzimləyən ABŞ Rusiya ordusunun gücünü və imkanlarını çox yaxşı öyrənib. Məsələn, əgər Amerika ukraynalılara Zalujnının dediyi silahları lazımi miqdarda verərsə, Rusiya ordusunun öhdəsindən gəlmək və onu məğlubiyyətə uğratmaq mümkündür. Kimlər bilməsə də Kreml yaxşı bilir ki, onların cəbhə boyu eşalonlaşdırılmış müdafiə istehkamları qurmasına imkan verilməsinin başlıca səbəbi Amerikanın Ukrayna ordusuna lazımi səviyyədə və istənilən məqamda silah verməməsidir.

Digər yandan, Rusiyaya tətbiq edilən sanksiyaların icrasına ABŞ və Avropa Birliyi əsl həqiqətdə göz yumurlar. İndi elə bir mexanizm qurulub ki, Rusiya öz neftini ikinci ölkələrin köməyi ilə Avropaya sata bilir və Rusiya büdcəsinə yenə də valyuta axır. Məhz bunun müqabilində Rusiya silah sənayesi hazırda üç növbə ilə işləyir. Zavodlar Qərb istehsalı olan yeni dəzgahlarla təchiz olunur. Sanksiya var, amma ilk dövrlərdən fərqli olaraq, Kreml büdcəsi pulsuz qalmayıb. Qərbdə deyirlər ki, Rusiya boşluqlardan istifadə etməyi bacarıb. O zaman necə olur ki, KİV-lər sanksiyaların yarılması mexanizmini aşkarlaya bilir, amma ABŞ və Avropa Birliyi bunu görmür?

Yuxarıda söylənilən nüansları Rusiyaya xatırlatmaq kifayətdir ki, o, səsini kəssin. Sanki Qərb Kremlə deyir ki, biz müharibənin durdurulmasını istəyirik və bu istiqamətdə sizə yaza kimi vaxt veririk...

O ki qaldı Ukraynaya ediləcək təzyiqə, Zalujnının “The Economist” kimi nüfuzlu nəşrə yazdığı məqalə heç də təsadüfi görünmür. Zalujnı sadəcə, həqiqətləri etiraf edir. Yəni, Ukraynaya silah yollanılmaması təzyiq formasıdır və aydındır ki, gözlənilən hərbi yardımlar edilməzsə, vəziyyət qəlizləşəcək və müharibədə duruş gətirmək xeyli çətinləşəcək.

Beləliklə, belə görünür ki, Nikolay Patruşev müharibə aparan və onun ağır yükünü daşıyan Rusiyada rəhbərin Putin olmasına etiraz və müdaxilə etməyəcək. Putin artıq bu müharibədə hörmətdən düşüb və hakimiyyətini xeyli zəiflədib. Əgər doğrudan da Qərb müharibəni dayandırmaq fikrindədirsə, o zaman bundan xəbərdar olan Patruşev və digər güclü şəxslər nüfuzu sarsılmış Putini taxtdan salmaq fürsətindən istifadə etməkdən çəkinməyəcəklər.

Vaqif Nəsibov