Putinin “Cənub Qaz Dəhlizi”ni DƏSTƏKLƏMƏSİNİN SİRRİ

Ekspert: “Rusiya prezidenti Qərblə münasibətlərdə əlavə gərginlik yaradacaq addımlardan çəkinməyə çalışır”
Rusiya prezidenti Vladimir Putinin mayın 29-da açılış mərasimi keçirilən Azərbaycanın “Cənub Qaz Dəhlizi” (CQD) ilə bağlı fikirləri maraq doğurub. Cənab Putin bu layihəni alqışladığını bildirib.
“Azərbaycanın ”Cənub Qaz Dəhlizi" layihəsinə gəlincə, biz istənilən iqtisadi aktivliyi alqışlayırıq, biz Avropa bazarına enerji nəqlində diversifikasiyanı da alqışlayırıq", - deyə Rusiya prezidenti Moskvada Bolqarıstan baş naziri Borisovla birgə keçirdiyi mətbuat konfransında deyib. Putin həmçinin qeyd edib ki, Rusiya bazar şərtlərinin təkmilləşməsində maraqlıdır.
Tarixən şimal qonşumuz Azərbaycanın Rusiyadan yan keçməklə icra olunan neft-qaz layihələrinin reallaşmasına, xüsusilə də Qərblə əməkdaşlığına maneələr yaratmağa çalışıb. Bakı-Tiflis-Ceyhan neft kəmərinin reallaşmaması üçün Kreml ən müxtəlif maneələrə əl atmışdı. Ancaq görünür, daha Rusiya Azərbaycanın bu layihələrin reallaşmasında tam müstəqil siyasət yürütdüyünü birdəfəlik qəbul etdiyi üçün reallıqla barışmalı olub. O da istisna deyil ki, Bakının yer aldığı üçtərəfli əməkdaşlıq formatları da Rusiya-Azərbaycan münasibətlərindəki problemlərin aradan qaldırılmasında öz sözünü deyir. Digər tərəfdən, hazırda Rusiya Qərbin sərt sanksiyaları ilə üz-üzə qalıb. Bu mənada özünün yaxın qonşusu ilə əməkdaşlığında problemlər yaratmaq ona sərfəli deyil. Eyni zamanda, Kreml CQD layihəsinə “xeyir-dua” verməklə Qərbin maraq dairəsində olan projeyə qarşı olmadığını nümayiş etdirir ki, bu, onun ABŞ və Avropa ilə münasibətlərinin perspektivi baxımından da faydalı gedişdir.
Ümumiyyətlə, son zamanlar Rusiya rəhbərliyinin Azərbaycanın bölgədəki roluna kifayət qədər yüksək qiymət verməsi diqqət çəkir.
Prezident İlham Əliyev də öz növbəsində Moskva və Bakının gələcək üçün çoxlu birgə planlarının olduğunu söyləyib. Dövlət başçısı ötən il prezident İ.Əliyev Rusiyadan gəlmiş nümayəndə heyətini qəbul edərkən maraqlı fikirlər söyləmişdi. “Rusiya prezidenti Vladimir Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur”-prezident demişdi.
“Putinin Cənub Qaz Dəhlizi ilə bağlı açıqlamasını layihəyə dəstək kimi deyil, reallığı qəbul etmək kimi qiymətləndirməyin tərəfdarıyam”. Bunu isə politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi təhlilçi qeyd etdi ki, Rusiyanın artıq konfrontasiya siyasətindən yorulmağa başladığını düşünür: “Putinin Qərblə münasibətləri yaxşılaşdırmaq istəyini görmək və anlamaq üçün analitik olmağa ehtiyac yoxdur, çünki bu istiqamətdə cəhdlər göz önündədir. Geosiyasi rəqabət əlbəttə, var və hər zaman olacaq, lakin Moskva qətiyyən maraqlı deyil ki, mövcud qarşılıqlı sanksiyalar və münasibətlərdəki böhran davam etsin. Kreml Qərblə anlaşmaq istəyir və ABŞ-ı israrla masaya çağırır ki, mövcud problemləri hərtərəfli müzakirə edib, qarşılıqlı güzəştlər yolu ilə onları həll etməyin yolları tapılsın. Mən Rusiya kəşfiyyatının hazırda Qərbin maraqlarına qarşı hansı məxfi əməliyyatları keçirdiyini bilmirəm, amma inanıram ki, siyasi rəhbərlik və konkret Putin Qərblə münasibətlərdə əlavə gərginlik yaradacaq addımlardan çəkinməyə çalışır”.
Ş.Cəfərli digər məqamlara da diqqət yetirməyi vacib sayır: “Trampın da Putinlə dialoqa meylli olması Moskvada ümid yaradır ki, yaxın perspektivdə ən azı münasibətlərdəki böhranın dərinləşməsinin qarşısı alınacaq və problemlərin hamısını olmasa da, bəzilərini həll etmək mümkün olacaq. Belə bir məqamda Rusiyanın həm ABŞ, həm də Avropa Birliyi tərəfindən açıq şəkildə dəstəklənən "Cənub Qaz Dəhlizi" layihəsinə müqavimət göstərəcəyini gözləmək doğru olmazdı. Ümumiyyətlə, bu layihə yeni ortaya çıxmayıb, xeyli vaxtdır gündəmdədir və biz Rusiyanın layihəyə aqressiv reaksiyasını heç vaxt müşahidə etməmişik. Aydındır ki, bu layihə Avropanın qac təchizatı mənbələrini çeşidləndirir və bu baxımdan Rusiyanın maraqlarına uyğun deyil. Çünki Rusiya “Qazprom” vasitəsilə həm Avropa, həm də Türkiyənin qaz bazarında dominant mövqelərini qorumaq istəyir. Lakin Moskvanı arxayınlaşdıran əsas amil budur ki, yaxın dövrdə Avropaya nəql olunacaq Azərbaycan təbii qazının miqdarı elə də çox olmayacaq. Azərbaycan TANAP vasitəsilə 2020-ci ilə qədər Türkiyəyə ildə 6 milyard kubmetr, 2020-ci ildən sonra isə TAP vasitəsilə Avropaya 10 milyard kubmetr qaz nəql edəcək. Digər tərəfdən, layihənin iştirakçı ölkələri - həm Azərbaycan, həm də Türkiyə, Yunanıstan, İtaliya və Bolqarıstanın Rusiya ilə münasibətləri yaxşı səviyyədədir. “Cənub Qaz Dəhlizi”ndən qaz alacaq Avropa şirkətlərinin (“Shell”, “Bulgargas”, DEPA, “Uniper”, “Engie”, “Hera Trading”, “Edison”, “Enel” və AXPO) bir çoxu Rusiyanın yaxın tərəfdaşlarıdır. Ona görə də Moskva bu layihəni dəstəkləməsə də, neqativ mövqe ortaya qoymağa da həvəsli deyil. Çünki adı çəkilən ölkələr və şirkətlərlə münasibətlərinə önəm verir".
Politoloq Moskvanı arxayınlaşdıran başqa bir səbəb barədə də danışdı: “O səbəb budur ki, Avropanın təbii qaza tələbatı getdikcə artacaq və bu səbəblə "Qazprom" bazarda əsas təchizatçı rolunu qoruyub saxlayacaq. Lakin gələcəkdə “Cənub Qaz Dəhlizi”nə əlavə təchizatçıların qoşulması ehtimalı da var. Məsələn, Türkmənistan öz qazını bu marşrutla Avropaya nəql edə bilər. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalandıqdan sonra yəqin ki, biz bu məsələnin aktuallaşmağa başlayacağını müşahidə edəcəyik. İranın da layihəyə qoşulması istisna olunmur. Əgər bu baş verərsə, yəni həm Türkmənistan, həm də İran “Cənub Qaz Dəhlizi”nə qoşularsa, o zaman Avropaya nəql olunacaq qazın miqdarını ciddi şəkildə artırmaq mümkündür. Bunun üçün təbii ki, dəhlizin buraxıcılıq qabiliyyətini də artırmaq lazım gələcək. Ehtimal olunur ki, Türkmənistan və İranın layihəyə qaz verməsindən sonra nəql ediləcək təbii qazın həcmi ildə 60 milyard kubmetrə çata bilər. Bu, artıq Rusiyanın iqtisadi maraqları üçün təhlükə deməkdir. Çünki bu həcmdə əlavə qaz Avropa bazarına daxil olduqdan sonra rəqabətin güclənməsi və qiymətin düşməsi qaçılmazdır. Lakin qeyd etdiyim kimi, bunlar hələ ki real məsələlər deyil, sadəcə olaraq, gələcəkdə baş verə biləcəyi ehtimal olunan gəlişmələrdir. Ona görə də Moskva hazırda layihəyə qarşı aqressiv mövqe sərgiləmir". Ekspert düşünmür ki, bu layihəyə görə Rusiya Azərbaycana qarşı ciddi təzyiqlərə başlaya bilər: “Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan iqtidarı Rusiya ilə münasibətlərdə çox ehtiyatlı davranır və adətən şimal qonşumuzun mümkün reaksiyalarını qabaqcadan öyrənərək və hesablayaraq öz addımlarını atır. Əgər rəsmi Bakı bu istiqamətdə inamlı siyasət yeridirsə, deməli, Moskvanın məsələyə kəskin reaksiya verməyəcəyini və layihəyə müqavimət göstərməyəcəyini bilir”.