Qarabağ məsələsi “soyuducu”ya, yoxsa "tabuta" qoyulur

Baxış sayı:
2707

“Hesab edirəm ki, Milanda baş tutan son görüşdə erməni həmkarımla uzun zamandan etibarən ilk dəfə qarşılıqlı anlaşmaya nail olduq ”. “Təəssüf ki, Milanda keçirilən son nazirlər toplantısından bəri Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm ”. Muxalifet.az "bakuresearchinstitute.org" saytına istinadla politoloq Şahin Cəfərlinin məqaləsini oxucularına təqdim edir. Birinci cümləni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2018-ci ilin dekabrında ATƏT Xarici İşlər Nazirləri Şurasının İtaliyanın Milan şəhərində keçirilən iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə görüşündən sonra, ikinci cümləni isə bundan düz 1 il sonra – 2019-cu ilin dekabrında qurumun Slovakiyanın paytaxtı Bratislavada keçirilən toplantısındakı çıxışında deyib. Milan görüşündən və orada verilən nikbin açıqlamalardan sonra Bakı Araşdırmalar İnstitutunda dərc olunan yazımın başlığı belə idi: “Dağlıq Qarabağ sülhü: real şans, yoxsa növbəti illüziya?” İlin sonunda sualın əslində heç kim üçün gözlənilməz olmayan cavabını yenə azərbaycanlı nazir özü verdi. Uzlaşmaz mövqelər XİN rəhbərlərinin Bratislava görüşündən əvvəl – dekabrın 3-də Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair rəsmi mövqeyini ATƏT-in Nazirlər Şurasına təqdim etdi. Orada bildirilir ki, münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, onun suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında mümkündür. Azərbaycan münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT qərarlarına, xüsusən 1994-cü ildə Budapeşt sammitinin qərarlarına söykənən mərhələli yanaşmaya sadiqdir. Azərbaycan hökuməti hesab edir ki, ilk addım münaqişənin fəsadlarının aradan qaldırılmasıdır: Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan və ətraf ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmalıdır. Həll prosesinin növbəti mərhələsi Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Bəyanatda konkret qeyd olunur ki, Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür. Nazir Məmmədyarov özü isə Şuranın toplantısındakı çıxışında problemin həllində tərəqqi əldə olunmamasını son bir ildə Ermənistan rəhbərliyinin sülh prosesini pozmaq üçün ardıcıl cəhdlər göstərməsi ilə izah etdi. O, baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə!” bəyanatını buna misal kimi diqqətə çatdırdı. ATƏT XİNŞ toplantısı və Məmmədyarov-Mnatsakanyan görüşü ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər etdi. Xatırladaq ki, rusiyalı nazirin noyabr ayında Ermənistana səfəri və orada verdiyi bəyanatlar, xüsusən də “Dağlıq Qarabağ xalqının razılığı olmadan hər hansı razılaşma mümkün deyil” sözləri Bakıda narazılıqla qarşılanmışdı. (Bu mövzunu Bakı Araşdırmalar İnstitutundakı əvvəlki yazımda şərh etmişdim.) Məmmədyarov Bratislavadakı çıxışında Lavrovun bu sözlərinə də dolayı cavab verdi. O bildirdi ki, erməni icmasını Dağlıq Qarabağ xalqı kimi təqdim etmək cəhdləri bölgənin yerli azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır. Belə bir mövqe etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədi güdür və beynəlxalq insan hüquqlarına qətiyyən uyğun deyil. Ermənistanın xarici işlər naziri də öz növbəsində Azərbaycana cavab olaraq, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 7 bənddən ibarət rəsmi mövqeyini təqdim edib. Bu bəndlərə nəzər salanda tərəflərin mövqelərinin bir-birindən nə qədər uzaq olduğunu görürük. Təkcə 2-ci bəndi qeyd etmək yetərlidir, orada qeyd olunur ki, Dağlıq Qarabağ xalqının Azərbaycanın ərazi bütövlüyü xaricində öz müqəddəratını təyinetmə hüququ Azərbaycan tərəfindən tanınmalıdır. Bu şərtin Azərbaycan hökuməti tərəfindən qəbul olunması isə mümkün deyil. Eləcə də, Azərbaycanın münaqişənin həlində ilk addım kimi Ermənistan ordusunun bütün işğal olunmuş ərazilərdən, o cümlədən Dağlıq Qarabağdan çıxarılması şərtini irəli sürməsi erməni tərəfi üçün qəbuledilməzdir. Bu cür diametral şəkildə fərqlənən mövqeləri uzlaşdırmaq çox çətin, hətta qeyri-mümkün görünən işdir. Təsadüfi deyil ki, Məmmədyarov və Mnatsakanyanın Bratislavada keçirdikləri görüşün yeganə nəticəsi onların növbəti dəfə görüşmək barədə razılığa gəlməsindən ibarət oldu. 3,5 saat davam edən danışıqların yekunları haqqında münaqişə tərəflərinin imzası olan hər hansı açıqlama yayılmadı, yalnız həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri adından ortaq bəyanat verildi. Bəyanatda münaqişənin həllinin ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinə (güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək; ərazi bütövlüyü; bərabərhüquqluluq və öz müqəddaratını təyinetmə hüququ) əsaslanmasının zəruriliyi təkrar vurğulanır, eyni zamanda tərəflərin 2009-cu ildə Afinada verdikləri və ATƏT Nazirlər Şurasında bəyənilmiş birgə bəyanatına istinad olunur, həmsədr ölkə prezidentlərininn 2009-2012-ci illərdə Akvil, Muskoka və Astanada təklif etdikləri əlavə elementlərin nizamlanmaya daxil edilməsinin vacibliyi diqqətə çatdırılır. Afina bəyanatında həmsədr ölkələr tərəflərə 2007-ci ilin noyabrında Madriddə təklif olunmuş təməl prinsiplərin son variantının işlənib hazırlanmasında dəstək vəd etmiş, Azərbaycan və Ermənistan xarici işlər nazirləri isə buna hazır olduqlarını öz imzları ilə təsdiqləmişlər. Göündüyü kimi, verilən bəyanatlarda sülh prosesinin tarixi boyunca qəbul olunmuş digər rəsmi açıqlamalara istinadlar var. Rusların matryoşka kuklaları kimi, bu sənədin hamısını bir-bir açanda yenə ucu gedib Madrid prinsiplərinə gedib çıxır. Tərəflərə hər dəfə mesaj verilir ki, sülh müqaviləsi həmin prinsiplərin əsasında hazırlanmalıdır və bundan dönüş yoxdur. Bu prinsiplərin nədən ibarət olduğunu bir daha xatırladaq: -Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması; -Dağlıq Qarabağa təhlükəsizliyini və idarəetməni təmin edəcək müvəqqəti statusun verilməsi; -Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması; -Dağlıq Qarabağın yekun statusunun hüquqi ohdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi; -Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması; -Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları; Bu prinsiplərin içərisində hər iki tərəfinöz xeyrinə yozduğu bəndlər var. Azərbaycan bu müddəaların mərhələli şəkildə yerinə yetirilməsini istəyir, yəni əvvəlcə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən tam şəkildə çıxarılmasını tələb edir və yalnız bundan sonra digər bəndləri yerinə yetirəcəyini söyləyir. Ermənistan isə paket həlli variantına tərəfdardır və bütün məsələlərin eyni sənəddə əksini tapmasının, tərəflərin eyni sənəddə əksini tapmasını, tərəflərin sinxron şəkildə addımlar atmasını dəstəkləyir. Ermənistanın mövqeyinin qısa xülasəsi belədir:ətraf rayonlardan (geniş dəhliz saxlanılmaqla) bir şərtlə çıxırıq ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini qəbul etsin. Həmsədr ölkələr Bratislavada yaydıqları açıqlamada ATƏT-in Minsk qrupu formatının nizamlanma prosesinin yeganə və dəyişməz platforması olduğunu da bəyan ediblər. Bunu Azərbaycanın davamlı şəkildə BMT qətnamələrinə istinad etməsinə cavab kimi qiymətləndirə bilərik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etməsi və münaqişənin həllində bunların nəzərə alınmasını tələb etməsinin səbəbi budur ki, həmin sənədlərdə açıq şəkildə işğalçı qüvvələrin ələ keçirdikləri ərazilərdən geri çəkilməsi tələbi əksini tapıb. Bu baxımdan BMT TŞ-nin 822, 853, 874, 884 saylı qətnamələri Azərbaycan diplomatiyasının uğurudur, lakin ATƏT-in himayəsində aparılan həll prosesində bu sənədlər əsas götürülmür, Ermənistan qəti şəkildə buna qarşı çıxır. Bundan başqa, vasitəçilərin son bəyanatında 2016-ci ilin aprel döyüşlərindən sonra razılaşdırıılmış, ATƏT-in şəxsi nümayəndəsinin monitorinq missisyasının genişləndirilməsi barədə müzakirələrin bərpası çağırışı da var. Söhbət atəşkəs rejiminə riayət edilməsini etibarlı şəkildə təmin etməkdən gedir. Bu məsələ Azərbaycanın həvəs göstərmədiyi problemlərdən biridir. Qarabağın vaxtı deyil Əslində bu il tərəflər 2018-ci il Milan görüşündə razılaşdırıldığı kimi, xalqları sülhə hazırlamaq və 2019-cu ilin martında Vyanada baş tutmuş Əliyev-Paşinyan görüşündə humanitar sahədə addımların atılması barədə qərarlar qəbul ediblər. Məsələn, İyun ayında əsir mübadiləsi həyata keçirilib. Noyabrda isə azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı sıfırlıri gerçəkləşib. Lakin Azərbaycan hökuçəti hesab edir ki, siyasi prosesdə irəliləyiş olmasa, bu cür addımlar heç bir nəticə verməyəcək. Haızrki məhrələdə iki tərəf də Qarabağ ixtilafının həlli kimi çox riskli məsələ ilə bağlı qərarlar qəbul etmək həvəsində və gücündə deyil. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi daxili siyasət problemlərinin həllinə köklənib. Azərbaycanda uzun illərin siyasi durğunluğundan sonra 2019-cu ilin sonlarına doğru dinamizm müşahidə olunmağa başlayıb: köhnə kadrlar yeni kadrlarla əvəz olunur. İcra hakimiyyətində başlanan bu proses MM-in buraxılması və yeni seçkilərin təyin olunması ilə qanunverici hakimiyyəti də əhatə etdi. Ermənistanda isə Nikol Paşinyan bir tərəfdən öz dayaqlarını möhkəmləndirmək və revanşist qüvvələri sıradan çıxarmaq, digər yandan isə sosial-iqtisadi sahədə real nəticələr ortaya qoymaq üçün çalışır. Keçmiş prezident Robert Koçaryanın 1 mart 2008-ci il hadisələri ilə əlaqədar istintaqa cəlb edilərək saxlanılmasından sonra Qarabağ klanının daha bir lideri-sabiq prezident Serj Sarkisyan da korrupsiya ittihamı ilə istintaqa cəlb olundu. Hələlik Sarkisyan təcridxanaya salınmasa da, onun azadlığı məhdudlaşdırılıb və barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Belə bir siyasi mərhələdə Qarabağ məsələsi hökumətlər üçün yalnız başağrısı ola bilər. Onların maraqları baxımından yanaşdıqda, deyə bilərik ki, bunun yeri və vaxtı deyil. Şahin Cəfərli