QARABAĞ QAZİSİ YENƏ DƏ DÖYÜŞDƏ: Bu dəfə hüquqları uğrunda savaşır...

Baxış sayı:
4168

Mənim Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquqlarından sayılan inzibati və məhkəmə təminatı hüququma Ali Məhkəmənin İnzibati Kollegiyası 06.10.2021-ci il tarixli hələ də - 45 gündür verilməyən qərarla qadağa qoyub. Sədri Səyyad Kərimov olan Rahib Nəbizadə və Zakir Quliyevdən ibarət məhkəmə heyətinin bu qəti qərarından İnzibati Prosessual Məcəllənin (İPM) və Mülki Prosessual Məcəllənin (MPM) tələblərinə uyğun olaraq əlavə kassasiya şikayəti vermək hüququm İPM-in 1.2 və 90.3 maddələri ilə ( bu Məcəllədə başqa qayda nəzərdə tutulmadığı hallarda birinci və kassasiya instansiyasında icraat zamanı MPM-in müvafiq maddələri tətbiq olunur) doğrulanıb. Eyni zamanda İPM-in 100 -cü maddəsi yeni açılmış hallar üzrə ərizə verməyimə əsas verir. Media yolu ilə müraciət etməyimin əsasında isə aşkarlıq , hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin və s. qeyri-prosessual basqı altında tapdanmasından qaynaqlanır.

Mənim DİN-ə qarşı iddiamın əsasları və kassasiya şikayətimin dəlilləri şikayətimdə əks olunsa da, uyğun sənədlər, sübutlar təqdim edilsə də, nəinki bu sənədlər, sübutlar qiymətləndirilib, heç şikayətimin özü belə araşdırılmayıb. Ona görə də media aracılığı ilə müraciət etməkdə haqlıyam :

Torpaqlarımıza təcavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getmişəm. 1978-ci ildən, 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən , bir neçə illik hərbi toplanışın sonucu olaraq baş leytenant rütbəm dəyişməz qalıb. Halbuki xidmətdə olmayanların ehtiyatda rütbələri polkovnikə kimi yüksəlib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 180-ci maddəsinə əsasən, ... ehtiyatda olan zabitlərə , onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda) , yaxud MÜHARİBƏ DÖVRÜNDƏ QABAQCADAN VƏZİFƏYƏ TƏYİN EDİLDİKDƏ , istisna qaydasında, xidmət ilindən asılı olmayaraq , ...onun hərbi rütbəsindən bir -üç pillə yuxarı hərbi rütbə verilə bilər. Yəni, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1991-ci ildən xidmətə başlayanda polkovnik -leytenant , 1993-cü ildə isə Daxili Qoşunların tərkibinə keçəndə polkovnik hərbi rütbəsinin verilməsi qanunvericiliyin tələbidir. Ağdərədə döyüşlərdə tabur komandiri olmağımı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi 15.04.1993-cü il tarixli 296 saylı rusca arayışın və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti sübut edir. Mənə olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılıb və bu səbəbdən aldığım pensiya tabeliyimdə olanlardan 2-3 dəfə azdır. NK-nın 23.11.1992-ci il tarixli 631 saylı qərarının 10-cu bəndinə əsasən, SSRİ dövründəki xidmətim, 1-ci bəndinə əsasən, hərbi xidmətdə və ya daxili işlər orqanlarının tərkibində qalmaqla mülki nazirlikdə - AMEA-da işləmək dövrü xidmət ilimə hesablanmayıb. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” NK -nın 19.10.1992-ci il tarixli Əsasnaməsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, Azərbaycan Respublikası və ya keçmiş SSRİ daxili işlər nazirliklərinin qoşunları və orqanlarında zabit heyətinin .. vəzifələrində xidmət müddəti ilk zabit rütbəsi verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır. Cavabdeh DİN-in Maliyyə Plan İdarəsi isə 1978-ci ildən zabit rütbəsində olan şəxsin 13 il sonra Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığını bildirib! (?) 1993-dən 2012-ci ilə kimi ehtiyatda – sərəncamda olmağımı elə cavabdeh DİN Daxili Qoşunları doğrulayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami şöbəsinin şəxsi arxiv işinə əsasən verdiyi 25.12.2013 saylı 126 saylı arayış , DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun 22.05.1999 tarixli DİN-in müavini, general-mayor Əsgər Ələkbərova , hərbi tibb şöbəsinin rəisi S. Rüstəmovun 01.03.1998 tarixli DİN şəxsi heyətlə iş idarəsinin rəisi Mehman Mehmanova ünvanladığı arayış xarakterli cavablar xidmətimin tabur

komandiri kimi döyüşlərdə keçdiyini sübut edir. DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun arayışında yazılıb : “Baş leytenant M. A. B. 1993-cü ilin yanvarında Ağdərədə şifahi əmrlə desant-hücum taburunun komandiri təyin olunmuşdur.” Lakin cavabdeh nə bu əmri şəxsi işimə yazıb, nə də rütbəmi qanunvericiliyə uyğun olaraq polkovnik kimi qeyd edib. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” NK -nın 20.04.2000 tarixli 73 saylı qərarının (04.12.2001 tarixli 190 saylı qərarla DİO-nun digər əməkdaşlarına da şamil olunur ) 1 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən , 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə 10 faiz , 25 ildən çox olduqda 40 faiz əlavə əvəzinə, 2007-ci ildən 5 faizlə ödənilir . Bu qərarın 2 -ci bəndinə əsasən, polis-daxili qoşun əməkdaşı xidməti davam etdirməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, ona dövlət büdcəsinin vəsaiti hesabına, ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərcliyinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir . İşdənçıxarma pulu, geyim-əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya da NK-nın 23.11.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci hissəsində nəzərdə tutulur. NK -nın hər iki qərarında səhhəti ilə əlaqədar xidmətdən tərxis olunanlara vəzifə və rütbə maaşlarının beş misli məbləğində işdənçıxarma pulunun verilməsi doğrulanıb. Cavabdeh DİN DQ isə bildirib ki, müdafiə nazirinin əmri ilə son xidmət yerində bir ildən az xidmət edənlərə işdənçıxarma pulu ödənilmir. Belə çıxır, müdafiə nazirinin əmri NK qərarından, qanundan üstündür? “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə görə, hərbi qulluqçu. ..məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə xidmətdə olduğu dövrün digər illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Cavabdeh isə bildirib ki , 2016-cı ildə məzuniyyət və ezamiyyət ilə bağlı yazışmalar məhv edildiyindən ezamiyyət pulunun verilməsi mümkün olmayıb. Cavabdeh “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992 -ci il tarixli qanunun 15”v” maddəsinə əsasən 300 faizlik və 23”b” maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavəni də özünün cibinə əlavə edib. Buna izah tapa bilməyən cavabdeh xidmət ilimə əlavənin edilməməsini 15 ildir qüvvədən düşən qanunun mənə aidliyi olmayan maddəsi ilə əlaqələndirir .

Nə birinci instansiya, nə apellyasiya instansiyası, nə də kassasiya instansiyası, belə bəlli olur ki, iddiamı, şikayətimi oxumayıb. Eləcə DİN-in səlahiyyətli nümayəndəsi (?) və vəkili Əlirza Həbilovun qeyri-prosessual basqısı altında Şəki İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında saxta qərardadını olduğu kimi köçürüb qərara alıblar ki, Konstitusiya da, Ali Məhkəmə də, qanun da Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarovun köhnə tarixə saxtalaşdırdığı qərardaddan aşağıdır! (?) Ali Məhkəmənin Plenumunun 10.04.2015 tarixli 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 maddəsində yazılıb ki, iddianın mümkün sayılmaması haqqında qərardad, mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə yenidən iddia qaldırılmasını istisna etmir. Bəs Ali Məhkəmə hakimləri niyə bu Qərarı yox, rayon məhkəməsinin qərardadını əsas tutub, iddiaçı Qarabağ qazisini Şəki məhkəməsinin qərardadındakı şərtlərə (?) əməl etməməkdə suçlayır ? Birincisi, Şəki və Bakı İnzibati Məhkəməsinə verilən iddiaların əsasını eyni predmet təşkil etmir. Bunu cavabdeh DİN-in Baş Təşkilat İnspeksiya İdarəsi baş prokurordan daxil olan şikayət əsasında “səlahiyyətli nümayəndəsi və vəkili Əlirza Həbilovun barəsində şikayət etmək hüququmu “ bildirən cavabında göstərib ki , Şəkidəki iddia “pensiyaya əlavənin hesablanması” , Bakıdakı isə “yeni hesablama vərəqinin göndərilməsi, konpensasiya və müavinətin yenidən hesablanaraq ödənilməsi” barədədir. İkincisi, mən Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadındakı “şərtlərə” əməl edib , Ağsu rayon məhkəməsinə “hüquqi faktın müəyyən edilməsi”nə ərizə vermişəm. Bu məhkəmə və Şəki Apellyasiya Məhkəməsi ərizəmi baxılmamış saxlayıb ki , iddia icraatı qaydasında müraciət etməliyəm . Ağsu rayon məhkəməsinin 24.05.2019 tarixli 2 (016)-333/19 saylı və Şəki Apellyasiya Məhkəməsinin 05.08.2019 tarixli 2 (107)-2505/19 saylı qərardadları apellyasiya və kassasiya instansiyalarına təqdim edilsə də, bu yekəlikdə qərardadları 6 məhkəmə hakimindən heç biri görə bilməyib. Gözlərini qeyri-prosessual ilişgi necə tutubsa, heç cavabdehin 1-ci dərəcəli Qarabağ qazisindən Nizami məhkəməsi yolu ilə “ Prezidentə və baş prokurora özbaşınalıqdan şikayətinə görə daxili qoşunlar idarəsinin şərəf və ləyaqətini alçaltmağa görə “ 30 milyon manat tələb etməsi iddiasını da görməzliyə vurublar. Yəqin elə ona görə də, İPM-in 96.4 maddəsinə əsasən işə yazılı icraat qaydasında baxmağı da lazım bilməyiblər. Axı, belədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadını Konstitusiya aktı kimi qəbul edib, olduğu kimi köçürə bilməyəcəkdilər.

Mənim iş üçün əhəmiyyət daşıyan sözügedən sübutlarım yoxa çıxarıldığından , ya əlavə kassasiya qaydasında, ya da yeni açılmış hallar üzrə ərizəmin təmin edilməsi gerçəkləşməlidir. Prosessual qanunvericiliyin tələbi belədir. Haçanacan ali səviyyədə (də) qeyri-prosessual tələblərə üstünlük veriləcək .

Məğrur BƏDƏLOSOY