QARABAĞDA ETİRAZ: Güc strukturları rəhbərlərinin istefası tələb olunur

Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində mərkəzi prospekti bağlayan insanlar güc strukturları rəhbərlərinin istefasına çağırıblar.
Sakinləri hiddətləndirən cümə axşamı günü "milli təhlükəsizlik xidmətinin" xüsusi dəstə üzvləri tərəfindən iki sakinin döyülməsi olub, Yerevan müxbirimiz yerli mənbələrə istinadən xəbər verir.
İddia olunur ki, hadisə yerində olan polislər nəinki laqeydlik göstərib, hətta zərər çəkənləri polis idarəsinə aparıblar. Bu barədə öz Facebook səhifəsində qarabağlı təhlilçi Tiqran Qriqoryan yazır.
Bəzi etiraz iştirakçıları bunun MTX əməkdaşları tərəfindən sakinlərə qarşı ilk "zorakılıq və təxribatçılıq" hərəkəti olmadığını bildirirlər.
"Düşünürəm ki, sadəcə MTX-ni ləğv etmək, yaxud bu xidməti ordunun tabeliyinə vermək, polis və MTX rəhbərliyini isə vəzifələrindən kənar etmək lazımdır", - təhlilçi Tiqran Qriqoryan bildirir.
Hadisə yerinə gələn rəsmilər, polis və hərbiyyə nümayəndələri etirazçılarla görüşüb.
Tanınmamış DQR prezidentinin mətbuat katibi deyib ki, qanunu pozanlar, vəzifədən asılı olmayaraq, məsuliyyətə cəlb olunacaq.
"Yəqin ki, insanlar obyektiv araşdırma istəyirlər, bu həyata keçiriləcək", - David Babayanın sözləri armeniasputnik.am saytında iqtibas olunur.
"Günahkarların" həbs ediləcəyi barədə vəddən sonra nəqliyyat hərəkəti bərpa olunub.
Dağlıq Qarabağdan alınan məlumata görə, iyunun 2-də 15 nəfər MTX əməkdaşı saxlanılıb.
"Döyülən şəxslərin" yerli xəstəxanaya aparıldığı bildirilir.
Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub, istintaq aparılır(BBC).