​"Qız çatışmayacaq, kriminogen durum ağırlaşacaq..." - HƏYƏCAN SİQNALI

Baxış sayı:
1279

Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər qalmaqdadır.
Muxalifət.az xəbər verir ki, bunu BMT-ninn Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması xüsusi diqqət tələb edir: "Bu fonemenlə bağlı apardığımız son araşdırmalardan məlum oldu ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər. Kişilərin sayının həddən artıq çoxalması, onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması hallarında ümumi krimonogen durumun daha da ağırlaşması, qız-gəlin qaçırma, erkən nikah, insan alveri və sair mənfi hadisələrə səbəb ola bilər".
Fərid Babayev qeyd edib ki, bu fenomenin qarşısının alınması artıq neçə illərdir BMT-ninn Əhali Fondunun əsas fəaliyyət prioritetlərindəndir: "Bu istiqamətdə Azərbaycan höküməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçiririk".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə deyib ki, son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti bərabərləşib.
Onun sözlərinə görə, hazırda dünyanın bir sıra aktual problemlərindən biri uşaqların cinsə görə nisbətinin pozulmasıdır: "Təəssüf ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49,9 faiz kişilər, 50,1 faizini qadınlar təşkil edir. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır.
Əgər bu disbalans təbii sürətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda süni sürətdə baş verir".
Sədaqət Qəhrəmanova bildirib ki, problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərin geniş şəkildə aparılması, səhiyyə xidmətlərinin inkişafı vacibdir: "Xüsusi ilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə bağlı (ailə planlanması, arzu edilməyən hamiləlikdən qorunmaq, süni mayalanma və s.) maarifləndirmə kampaniyalarının keçirləməsi zəruridir".
Sədr müavini qeyd edib ki, son illər uşaqlar arasında cins nisbətinin balanslaşdırılması üzrə aparılan tədbirlər öz müsbət nəticəsini verməkdədir: "2015-ci ildə hər 100 qıza 117 oğlan düşürdüsə, 2016-ci ildə yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hər 100 doğulan qıza 114 oğlan düşüb. Bioloji normaya görə100 qıza 105-107 oğlan düşməlidir. Hazırda bu nisbət 100-112-dir".