Qorxunc avtobus qəzaları: iki gündə 46 nəfər yaralı, 1 ölü...

Ekspert: “Bütün bunlara nəzarət etmək və son qoymaq üçün lazımi addımlar atılmalıdır”
İki gün ərzində Azərbaycanda baş verən avtobus qəzaları nəticəsində 46 nəfər yaralanıb, 1 nəfər isə dünyasını dəyişib. Belə ki, fevralın 21-də Sumqayıt şəhərində Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Nəticədə 42 nəfər yaralanıb, onlardan 19 nəfəri xəstəxanaya yerləşdirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstərilən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.
Fevralın 22-də isə Sabirabad rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb. Hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.
Belə ki, “Ford” markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.
Ekspertlər bu məsələdə bildirirlər ki, əsas problem avtobus sürücülərinin məsuliyyətsizliyi və lazımi qədər təcrübəyə sahib olmamalarıdır.
“Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirib:
“Bu məsələyə qədər avtobusların vəziyyəti ilə bağlı xeyli şərhlər vermişik. Lakin təəssüf ki, ölkədə bununla bağlı mövcud problemlər dəyişməz olaraq qalır. Təkliflər vermişik ki, avtobus sürücüləri xüsusi katerqoriyaya sahib olan sürücülər olmalıdır. Eyni zamanda sürücülər vaxtaşırı olaraq təlimlərə cəlb olunmalıdır. Məsələ bununla da bitmir. Həmin sürücülərin etik davranışları ilə bağlı kodeks hazırlanmalıdır. Bu davranış kodeksində sürücülərin və şirkətlərin üzərinə götürdükləri öhdəliklər aydın olmalıdır, məsuliyyət artırılmalıdır. Təəssüf ki, bu gün ictimai nəqliyyatda sürücülüyə cəlb edilən şəxslərin böyük əksəriyyəti kiçiktutumlu avtomobilləri idarə etmək üçün nəzərdə tutulan sürücülük hüququna malikdirlər. Onların böyük əksəriyyətində müvafiq kateqoriya mövcud deyil. Eyni zamanda sərnişindaşıma xidmətini həyata keçirən şirkətlər də, demək olar ki, məhdud mühitdə fəaliyyət göstərirlər. Həmçinin onlara lazım olan sanksiya və cərimələr də tətbiq olunmur. Bütün bunların fonunda Bakı Nəqliyyat Agentliyi də hazırda bu məsələlərdən daha çox, fəaliyyətlərini yol kənarlarında nəqliyyatların qeyri-düzgün park edilməsinə yönəldib, cərimələrin tətbiqi ilə məşğuldurlar. Düşünürəm ki, agentlik bu məsələlərdə gərəkən iradəni ortaya qoymur. Nəticədə marşrutlar üzrə hərəkət edən sürücülərə cəza sanksiyaları tətbiq edilmir. Eyni zamanda təkliflərimiz sırasında bu da var ki, Bakı Nəqliyyat Agentliyinə daxil olan sərnişindaşımanı həyata keçirən şirkətlər, özlərinin kadr bazalarını formalaşdırmalıdır. Həmin kadr bazasında isə kifayət qədər təcrübəyə malik olan sürücülərin işə cəlbi ilə bağlı axtarışlar olmalıdır. İşə cəlblə bağlı tenderlər də həyata keçirilməlidir. Doğrudan da nəzərdə tutulan tələblərə cavab verənlər işə götürülməlidir. Bu cür məsuliyyətsizliklərdən başqa hadisələrə səbəb kimi fərqli məqamların üzərində dayana bilmirik. Əslində bu cür hadisələri törədən avtobusların daxil olduğu daşıma şirkətləri də məsuliyyətə cəlb olunmalıdır. Onlar yaralıların sağalması ilə bağlı bütün məsrəfləri öz üzərilərinə götürməlidirlər. Həmçinin baş verən hadisə ilə bağlı böyük təzminatlar tətbiq olunmalıdır. Belə olarsa bəlkə də həmin şirkətlər öz üzərilərinə çalışıb, daha da məsuliyyətli olarlar”.
Ekspert deyib ki, qəzaların əksəriyyəti daha çox sərnişin götürmək üçün qaydaların pozulması nəticəsində baş verir:
“Bir-biri ilə yarışıb, təhlükəli manevr edib, sürət həddini aşırlar. Dayanacaqlara daha tez daxil olub, sərnişinləri götürmək uğrunda sanki böyük yarış gedir. Hər bir avtobus sürücüsü sürətli şəkildə dayanacağa girib, sərnişinləri yığmağa çalışır. Nəticədə isə qəza qaçılmaz olur. Diqqət edək ki, bu cür qəzalar daha çox şəhərin mərkəzində deyil, kənarlarda baş verir. Yada salaq ki, Lökbatanda da çox ağır qəza baş vermişdi. Çünki bu nəqliyyat vasitələri həm də Nəqliyyatın İntellektual İdarəetmə Sisteminə qoşulmayıblar. Marşrut üzrə hərəkət edən sürücülər buna görə də gərəkən intervalı gözləmirlər. Nəzərdə tutulan intervalda hərəkətlərini qurmayıb, daha çox dövr etməyə çalışırlar. İstəyirlər ki, gün ərzində normadan artıq pul qazansınlar. Bunun nəticəsidir ki, yoldan çıxıb divara çırpılırlar, qəza edirlər. Avtobus sürücüləri özləri ilə bərabər sərnişinlərin də həyatına biganədir. Bütün bunlara nəzarət etmək və son qoymaq üçün lazımi addımlar atılmalıdır”.