Qranit Caka: Siyasətdən çox danışdıq, indi futboldan söhbət açmaq istəyirik

Bu görüşdə iştirak edəcəyim üçün xoşbəxtəm. Yunan xalqı məni və “Arsenal”ı dəstəkləyir.
Muxalifet.az xəbər verir ki, bunları İngiltərənin “Arsenal” komandasının futbolçusu Sokratis Papastatopulos UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.
Yunanıstanlı müdafiəçi deyib ki, Bakıya gəlməkdən imtina edən Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanla dostdur:
“Mxitaryanla 4-5 il birgə oynamışıq. Onunla dostuq. Biz həm onun üçün, həm də zədəli futbolçular üçün oynamalıyıq. Bu, həm də onların qələbəsi olacaq. Bakıya gec gəlməyimizin nəticəyə müsbət və ya mənfi təsir edəcəyini deyə bilmərəm. Neqativ düşünmürük. Bura qalib gəlmək üçün gəlmişik”.
Qranit Caka isə bunları deyib:
“Mxitaryanın Bakıda olmamasından məyusuq. Siyasətdən çox danışdıq, indi isə futboldan söhbət açmaq istəyirik”.
İsveçrəli yarımmüdafiəçi bildirib ki, baş məşqçi Unay Emerinin Avropa Liqasında yaxşı təcrübəsi var:
“Unay Emerinin çox böyük təcrübəsi var. Avropa Liqasını 3 dəfə qazanıb. Dördüncü kuboku ona hədiyyə etmək istəyirik. İlk dördlükdə olmağa layiqik. Finala tam hazır olmalyıq. Bakıda və ya başqa yerdə oynamağın fərqi yoxdur”.
Qeyd edək ki, sabah “Arsenal” və “Çelsi” finalda qarşılaşacaq. Final görüşü Bakıda saat 23:00-da başlayacaq.