Qətəri çökdürmək istəyən 4 ölkə bir ildə NƏYƏ NAİL OLDU?

Baxış sayı:
4669

Yaxın Şərqdə bir il öncə formalaşan yeni münaqişə ocağı digərləri kimi uzun sürəcək.

Muxalifət.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

“Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Qətərlə diplomatik münasibətləri kəsməsindən bir il keçdi. Faktiki Qətər blokadaya alındı. Bu dövlətlər Qətərə qarşı 13 maddəlik ultimatum irəli sürdülər. Maddələr içərisində İranla əməkdaşlığın dayandırılması, Türkiyə hərbi bazasının çıxarılması və məşhur “Əl-Cəzirə” televiziya kanalının yayımının dayandırılması var idi. Faktiki bu, Qətərə “müstəqillikdən əl çək” demək idi. Bu işi başladan Səudiyyə Ərəbistanı düşünürdü ki, müttəfiqi ABŞ-dan dəstək alacaq. Ancaq Vaşinqton qovğaya qarışmadı. Donald Trampın antiiran ritorikasına rəğmən, Ağ Ev Səudiyyə ilə yanaşı, Qətərlə də strateji tərəfdaşlığını davam etdirir”, - siyasi şərhçi bildirib.

Politoloq qeyd edib ki, Ağ Evin Qətərlə strateji tərəfdaşlığı davam etdirməsində ABŞ-ın Qətərdə hərbi bazasının varlığı da rol oynayır:

“Blokadanın ilk günlərində Qətərdə bir az panika yarandı, dükanlar boşaldıldı və s. Məsələ burasındadır ki, Qətər qaz nəql edən varlı dövlət olsa da, ərzağın tamamını xarici ölkələrdən alırdı. Qətərin köməyinə Türkiyə və İran yetdi, daha sonra Oman və Hindistan da bu ölkə üçün limanlarından geniş istifadəyə icazə verdi. Bir sözlə, Qətər təslim olmadı, əksinə, özü ərzaq istehsalına başladı. Buna baxmayaraq, Qətər üçün böyük qonşusu Səudiyyə Ərəbistanı ilə düşmənçilik şəraitində yaşamaq təhlükəsizlik problemi yaradır. Ayrıca, qətərlilər müqəddəs Məkkə və Mədinə şəhərlərini ziyarət edə bilmirlər. Səudiyyə Ərəbistanı geri addım atmaq istəmir. Bu isə o deməkdir ki, Yaxın Şərqdə bir il öncə formalaşan yeni münaqişə ocağı digərləri kimi uzun sürəcək”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn kimi ölkələr Qətərə qarşı blokada tətbiq edib.