“Qucağına dana da alıb şəkil çəkdirsə, nəticə olmayacaq”

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin Nəcəfov Meliorasiya ve Su Təsərrüfatı ASC-ni kəskin tənqid edib. “Yeni Sabah” xəbər verir ki, o “Yeni Kanal”a müsahibəsində kənd təsərrüfatının problemlərindən danışıb və Kənd Təsərrüfatı Nazirliyini də ittiham edib. O deyib: “Rüşvətxor məmurlar pisxopat kimidirlər. Nə özləri adam kimi yaşayırlar, nə də sənə imkan verirlər sən adam kimi yaşayasan. Şəhərdə yaşayırsan dənizi üzünə bağlayırlar, əkin əkirsən suyunu kəsirlər, dana saxlayırsan örüşünü əlindən alırlar, ölmək istəsən də bir adamlıq qebir yeri bir ailənin yaşayış yerindən baha… Meliorasiya ve Su Təsərrüfatı ASC yarıtmaz fəailiyyəti haqqında növbəti dəfə həyəcanımızı çatdırmaq istədik. Amma bu təşkilatın rəhbərliyinin oturduğu yumşaq və toxunulmaz kreslosunun altına adiyatı qurumlar su buraxmayana kimi çətin ki əkinçinin əkininə vaxtında su gələ”. Sahibkar nazir İnam Kərimovu da tənqid edib: “Kənd təsərrüfatı naziri qucağına quzu alıb şəkil çəkdirir. Əgər mənim əkdiyim sahəyə su vermədinsə, qucağına dana da alıb şəkil çəkdirsə, heç bir nəticə əldə etməyəcək. Yeni texnologiyalar gətirilib, bunlar hamısı vacibdir, amma bütün mərhələlər - əkin, sulama, yığım, bazarlama, gömrük bir zəncir olmalıdır. Biri olmadısa, nəticə olmayacaq. Nazirlər yalnız büdcədən ayrılan vəsaiti ələ keçirməyi düşünürlər, kəndçini düşünən yoxdur. Fakt odur ki, kəndçilər yazda əkinçi, qışda dilənçidir”.