“QURU SƏRHƏDLƏR TEZLİKLƏ AÇILACAQ…” - Vahid Əhmədov: “Yoxlamanı sərhəddə tətbiq etmək olar və burada heç bir problem yoxdur”

Fikrət Yusifov: “Sərhədlərin bağlı qalması qıtlığa səbəb ola bilər”
“Aldığım məlumata görə, quru sərhədlərin açılması məsələsinə tezliklə baxılacaq və müsbət həllini tapacaq”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.
Deputat bildirib ki, quru sərhədlər mütləq açılmalıdır, hamının təyyarə ilə gedib-gəlmək imkanı yoxdur:
“Quru sərhədlər koronavirus və “meymunçiçəyi”nin yayılması ilə əlaqədar hələ də bağlı saxlanılır. Amma mən hesab edirəm ki, sərhədlər nə qədər tez açılsa, bir o qədər yaxşıdır. Burada söhbət təkcə turizmin inkişafından da getmir. Xarici ölkələrdə nə qədər soydaşlarımız var ki, hələ də ailəsinin yanına gələ bilmir. Bu problem elə də adi deyil. Quru sərhədlərə tələbat böyükdür.
Bununla bağlı biz də çoxsaylı şikayətlər və müraciətlər alırıq. Fikrimcə, birmənalı olaraq quru sərhədlərin açılmasına qərar verilməlidir. Əlbəttə ki, yoxlamanı sərhəddə tətbiq etmək olar və burada heç bir problem yoxdur”.
Sabiq maliyyə naziri Fikrət Yusifov da quru sərhədlərinin açılmasının vacib olduğunu deyib: "Quru sərhədləri niyə açılmır? Axı, vətəndaşlar, xüsusilə də, sərhəddə yaşayanlar gedib Gürcüstandan, İrandan, Rusiyadan özləri üçün 1 həftəlik-10 günlük ərzaq məhsulları alıb gətirirdilər. Artıq pandemiya bitib. Pandemiya bizdən əl çəkib, ancaq biz pandemiyadan əl çəkmirik. Dünyanın hər yerində sərhədlər açılıb, ancaq biz hələ də gözləyirik”.
Bundan əlavə, Fikrət Yusifov monopoliyanın qarşısını almaq üçün təkliflər irəli sürüb: “Monopoliya ilə bağlı qanun qəbul olunmalıdır. Yəni istənilən şəxs istənilən məhsulu sərbəst şəkildə Azərbaycana gətirə bilməlidir. İnsanların xaricdən gələndə özü ilə nə qədər məhsul gətirə bilməsi ilə bağlı limit artırılmalıdır. Biz bunu deyəndə Avropadan nümunə gətirirlər. Ancaq bu ölkələrdə bizimlə müqayisədə həyat tərzi başqadır. Bu həyat tərzi bizdəki ilə bir tərəziyə qoyulası deyil. Belə müqayisələr aparmaq ağılsızlıqdır.
Hazırda bizim iqtisadiyyatımızda da problem var. 2014-cü illə müqayisədə investisiya qoyuluşu 3 dəfəyə qədər azalıb. Belə şəraitdə sərbəstlik yaradılmalıdır. Qoy, vətəndaş 800 yox, 8000 dollarlıq məhsul gətirsin. Bu bolluq yaradacaq. Bu gün biz özümüz istehsal edə bilmiriksə, istehsal edənə qədər kənardan gələnlərə də dəstək olmalıyıq. O zaman bolluq olar, qiymətlər dəfələrlə aşağı düşər. Lakin quru yolunu bağlı saxlamaq qıtlığa səbəb ola bilər. Monopolistlərin daha münbit formada diqtəsinə gətirib çıxarar. Bu da insanların narazılığını artıracaq. İnsanların narazılığına səbəb olan halların kökü kəsilməlidir. Narazılıq yaradanlar bizneslə məşğul olan məmur tayfasıdır”.
Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.
Qeyd edək ki, bu il martın 6-dan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə karantin rejimi yumşalıb. Sadəcə qadağalardan COVID-19 pasportu və quru sərhədlərin açılması məsələləri qalıb.
Muxalifet.az