“Regionların büdcənin formalaşmasında payı hələ də 5%-ə çatmayıb” - NATİQ CƏFƏRLİ

Baxış sayı:
4075

“Rəsmi məlumat açıqlanıb ki, 2018-ci il yanvarın 1-nə əsasən, ölkə əhalisinin sayı 10 milyon nəfərə yaxın olub, əhalinin təxminən 23 faizi Bakıda yaşayır. Bakıda olan əhalinin statistik göstəricisinin real deyil, ancaq rəsmi qeydiyyatda olanları Bakı sakini kimi qeyd edirlər, başqa regionlarda qeydiyyatda olub Bakıda yaşayanların sayı, az qala elə rəsmi qeydiyyatda olanlar qədərdir. Məsələn, 2013-ci il prezident, 2015-ci ildə parlament seçkilərində imzatoplama zamanı gördük ki, regionlarda qeydiyyatda olan insanların sayı daha çoxdur”.
Muxalifət.az xəbər verir ki, bu barədə REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib.
 
“Bakı büdcənin formalaşmasında 95 faiz iştirak edirsə, əhalinin sayı bura cəmləşəcək”
 
Cəfərli qeyd edib ki, son illərdə Bakının “yükü”nün artdığını deyirlər: “Bunun da obyektiv səbəbləri var. Əsas səbəb odur ki, iqtisadi aktivlik əsasən Bakı və Abşeron rayonunda cəmləşib. Əgər ölkə iqtisadiyyatının formalaşmasının 90-92 faizi bu bölgələrə təsadüf edirsə, Bakı büdcənin formalaşmasında azı 95 faiz iştirak edirsə, təbii ki, əhalinin sayı bura cəmləşəcək. Bu da disbalans yaradır. Təəssüf ki, müstəqillik illərində iqtisadi gücün ölkə boyu yayılması mümkün olmadı. Azərbaycan kimi ölkənin indi ikinci (hətta üçüncü) milyonluq şəhəri olmalı idi. Məsələn, Gəncənin, Şəkinin, Lənkaranın milyonluq şəhər olması üçün potensialı var, lakin bu, baş vermədi. Əksinə, Bakı və Sumqayıt az qala birləşdi, eybəcər, çox böyük “meqapolis” yarandı”.
 
“İnzibati qaydada Bakının “yükünün” azaldılması mümkündür”
 
Cəfərlinin fikrincə, Bakının “yükünün” azaldılmasının müxtəlif yolları var: “Əsas yollardan biri budur ki, Bakıdan kənarda, ölkənin müxtəlif şəhərlərində böyük xarici universitetlərin nümayəndəlikləri açıla bilər. Bu həm də iqtisadiyyat yaradan bir addım olardı. Həmçinin əhalinin həmin bölgələrdə qalmasına səbəb olardı. İkinci bir inzibati addım ondan ibarət olardı ki, ölkənin rəsmi dövlət və idarələri bölgələrə köçürülə bilər. Hansı ki, bu üsul artıq Gürcüstanda həyata keçirilib. Bildiyiniz kimi, 2013-cü ilə qədər paytaxt Tiflisdə yerləşən Gürcüstan parlamentinin binası artıq 3 ildir ki, paytaxtdan 230 km uzağa - Kutaisi şəhərinə köçürülüb. Nədən bu üsul bizim ölkəmizdə təcrübə olunmasın, nədən bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi regionlara köçürülməsin?! Yəni inzibati qaydada Bakının “yükünün” azaldılması mümkündür”.
 
“Bölgələrin iqtisadi cəlbediciliyi yox səviyyəsindədir”
 
“Təbii qaydada isə regionların iqtisadi gücünü artırmaq lazımdır. İnsanların yerlərdə işləməsi üçün şərait yaradılmalıdır, bölgələrə geri axın baş tutsun. Bölgələrin iqtisadi cəlbediciliyi yox səviyyəsindədir, bu indiki hökumətin ən böyük uğursuzluqlarından biridir. Regionların inkişafı ilə bağlı 3 proqram qəbul edilib, milyardlarla manat xərclənib, nəticədə isə regionların büdcənin formalaşmasında payı hələ də 5%-ə çatmayıb. Regionların inkişafı ancaq hər rayonda mərkəzi küçələrin təmiri, parkların salınması ilə nəticələndi. Yəni əlavə dəyər yaradan ciddi layihələr baş tutmadı, camaata iqtisadi sərbəstlik verilmədi, icra başçıları yerli xancıqlara çevrildilər, bu da əhalinin Bakıya axınının əsas səbəblərədn biri oldu. Çünki Bakının rayonlarının icra başçılarının, lap elə Bakı şəhər İcra başçısının belə siyasi-içtimai-iqtisadi həyatda rolları çox kiçikdir. Məsələn, istənilən regionda, istənilən rayonun sakini öz icra başçısının adını əzbərdən bilir, üzdən tanıyır. Amma, məsələn, Bakının Nəsimi rayonunun sakinlərinin əksəriyyəti öz rayonlarının icra başçısını heç tanımırlar da, küçədə üzbəüz gəlsələr, bilməzlər ki, bu içrabaşçısıdır”, - deyə iqtisadçı əlavə edib./Hurriyyet.org