Rusiya üçün cəhənnəm sanksiyaları gəlir: Azərbaycana təsiri

Baxış sayı:
5185

Elxan Şahinoğlu: “Sanksiyalar Rusiya iqtisadiyyatını getdikcə taqətdən salır”

Amerika Birləşmiş Ştatlarının hər iki partiyasını təmsil edən senatorlar Rusiyaya yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıblar. Bu sanksiyalar Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi, Ukraynaya təcavüzünə görə tətbiq olunacaq. Layihə müəlliflərindən biri, respublikaçı senator Lindsey Qraham sənədi “cəhənnəmdən gələn sanksiya layihəsi” adlandırıb.

Rəsmi adı Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qoruma Aktı 2019 (DASKA) olan layihə elə açıqlanan kimi Rusiyanın maliyyə bazarlarında şok yaradıb. Bu layihəni Konqres hələ ki, nəzərdən keçirməyib. Yada salaq ki, ötən il bu layihənin daha  kəskin versiyası qəbul olunmadı.

DASKA şübhəli kiber fəaliyyət, korrupsiya, Rusiyadan kənarda bu ölkənin mayeləşdirilmiş təbii qaz ixracı obyektlərinə, Rusiyadan kənarda enerji layihələrinə investisiyalara görə Prezident Donald Trampa sanksiya tətbiq etmək hüququ verir. Yayılan məlumatlarda bildirilir ki, Rusiyada neft layihələrinə gəlincə, DASKA çərçivəsində Rusiyaya mal, xidmət, texnologiya satan, maliyyə, yaxud digər dəstək göstərən şəxsə sanksiya qoyula bilər. Demokratik proseslərə, yaxud seçkilərə müdaxiləni dəstəkləyən Rusiya maliyyə qurumları sanksiyayla üzləşəcək. Bundan başqa, sosial media şirkətləri platformalarında Rusiya hökuməti, yaxud digər hökumətlərin sponsorluğu ilə dezinformasiya yayılmamasını təmin etməlidirlər.

Bütün bunların fonunda isə Rusiyada “qlobal internet şəbəkəsindən imtina edib, öz şəbəkəmizi yaradaq” kimi fikirlər səslənməyə başlayıb.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Bəs bu kimi sanksiyalardan Azərbaycan da zərər çəkə bilərmi? “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, bundan sonra  əlavə sanksiyaların da olacağı mümkündür: “Birləşmiş ştatlar Rusiyanı sıxışdırmaqda davam edir və hesab edirəm ki, bundan sonra başqa sanksiyalar da ola bilər. Bank hesabları dondurulur, əməkdaşlıq minimuma endirilir. Bütün bu addımlar ona görə atılır ki, Rusiya zəifləsin. Ona görə Rusiya zəiflədilir ki, bu ölkənin xarici siyasəti regionlara çoxlu təhlükələr vəd edir. Bu təhlükələrin qarşısını isə ABŞ bir supergüc olaraq almağa çalışır. 2008-ci il Gürcüstan savaşı, 2013-14-cü illərdə Rusiyanın Ukraynaya müdaxiləsi, Krımın ilhaqı, Donbas separatçılarına verilən dəstək, eləcə də Rusiyanın Suriyadakı fəaliyyəti ABŞ-ı ciddi narahat edir. Sanksiyaların ilk illərində Rusiya rəsmiləri deyirdilər ki, guya bu, Rusiyaya heç bir təsir etmir. Ancaq son zamanlar bəzi rusiyalı rəsmilər də etiraf edirlər ki, sanksiyalar Rusiyaya ciddi təsir göstərir və getdikcə də iqtisadiyyatı taqətdən salır. Amerikanın da məqsədi elə budur ki, iqtisadiyyatı zəiflətməklə Rusiyanı sıradan çıxarsın. Necə ki, vaxtilə SSRİ-ni dağıtdılar,  indi də oxşar siyasət aparırlar ki, Rusiya bölgəyə və dünyaya təhlükə yaratmasın. Bu siyasət hesab edirəm ki, hələ bir müddət də davam edəcək”.

Politoloqa görə, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür və bu kimi hallarda özünü qoruyur, Rusiya, Türkiyə, ABŞ, İranla da yaxşı münasibətləri qurmağa çalışır: “Amma açıq şəkildə demək lazımdır ki, bu siyasəti yürütmək də getdikcə çətinləşir. Böyük dövlətlər bəzən bizdən seçim etməyi tələb edirlər. Aydındır ki, biz seçim edə bilmərik. Amerikaya görə Rusiya ilə, ruslar istəyir deyə Amerika ilə münasibətləri gərginləşdirmərik. Onu da deyim ki, Amerika ilə Rusiyanın Azərbaycana qarşı siyasətində bir fərq də var. Amerika bizim durumumuzu anlayır və bilir ki, biz Rusiya və İranla qonşuyuq. Ona görə də məcburuq ki, təhlükələr olmasına baxmayaraq, hər iki ölkə ilə münasibətləri qoruyaq. Rusiyada  isə biz Amerika ilə münasibətlər quranda hiss olunur ki, müəyyən narazılıqlar yaşanır. Fikir verin ki, son zamanlar Rusiyanın  Ermənistana da hərbi dəstəyi artıb. Aydındır ki, bu siyasətin müəyyən qədər yan təsirləri var. Ancasq yan təsirləri var deyə, xarici siyasətimizdən imtina edə bilmərik”.

Şahinoğlu bildirib ki, Rusiyada hazırda bəzi adamlar absurd fikirlər səsləndirirlər: “İnternetdən imtina etmək, sosial şəbəkə yaratmaq kimi bəzi adamlar ağıllarına gələni danışır. Bunu demək asandır, reallaşdırmaq isə çətin. Çin Rusiyadan daha qüdrətli dövlətdir, ancaq bu məsələni yoluna qoya bilmir. Çünki qlobal sosial şəbəkələr hər zaman ölkələri siyasi daxili vəziyyətə ciddi təsirlər edir. Bunu Rusiyada bir neçə dəfə etməyə çalışıblar. İstəyiblər ki, özlərinin sosial şəbəkələrini yaratsınlar. Lakin alınmadı. Bəllidir ki, bu addımı atmaq çox çətindir. Əgər Rusiya belə bir addım atarsa, bu, yeni bir ”soyuq müharibə"nin başlaması deməkdir. Onsuz da hazırda “soyuq müharibə” gedir. Ancaq əgər qeyd etdiyimiz addım da atılarsa, bütün iplər qopacaq. Əslində Rusiyada belə bir fikir də var ki, Amerika ilə münasibətlər gərgin olmasına rəğmən, Avropa ilə münasibətləri normal saxlamağa çalışsınlar. Lakin Rusiyanın siyasətində heç bu da hər zaman alınmır. Çünki Avropa da Amerikadan müəyyən mənada asılıdır. Nəticədə bu tərəfdən də problem olur".

İnternet sahəsi üzrə mütəxəssislər də bildirdilər ki, Rusiyanın qlobal internet şəbəkəsindən imtina etməsi məsələsi sadəcə olaraq gülüncdür. Ekspertlər bildirdilər ki, bu, indiki dövrdə mümkün deyil. Dünyanı tor kimi saran şəbəkədən kənarda qalmaq dünyadan təcrid olmaq kimi bir şeydir.../musavat