Rusiyadan qorunmaq üçün NATO-ya üz tutdu: “Daha çox hərbi gəmi göndərin”

Ukrayna prezidenti Pyotr Poroşenko NATO-ya müraciət edərək, “Rusiyanın hücum ehtimalına qarşı” Qara dənizə hərbi gəmilər göndərmək çağırışı edib.
Poroşenko ABŞ-ın “Foks Nyus” kanalına müsahibəsində deyib: “Qara dənizə NATO gəmilərinin sayını artırmalıyıq. Krımın işğal edilməsindən sonra Qara dənizdəki güc balansı tamamilə pozulub”.
“Rusiyanın Qara dənizdəki aqressiv addımlarını davam etdirə biləcəyini söyləyən ukraynalı lider deyib: “Ukrayana gəmilərinə daha əvvəl hücum elədilər. Buna görə də NATO gəmilərinin varlığı sabitliyi təmin edəcəkdir.
Rusiyanın Krımda hərbi varlığını getdikcə gücləndirdiyini deyən Poroşenko daha sonra söyləyib: “Putin raketlərini yerləşdirmək üçün Krımdan istifadə edir. Krımda Rusiya dəniz qüvvələrinin varlığı ciddi şəkildə artırılıb. Bu vəziyyət çox byük təhlükə yaradır və bölgədə qeyri-sabitliyə səbəb olur”.
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinə qarşı “təhdidedici” mövqe tutmağın lazım gəldiyini söyləyərək deyib: “Əgər beynəlxalq koalisiya kifayət qədər güclü olarsa, əgər güclü sanksiyalar davam edərsə, sahib olduğumuz bütün bu təzyiq vasitələri işə yarayar, Putinlə bu şəkildə danışmaq nəticə verər”.
NATO-nun baş katibi Yens Stoltenberq, “Rusiyanın beynəlxalq normaları pozduğu" üçün NATO-nun Qara dənizdəki varlığını artırmağa hazırlaşdığını bildirmişdi./Hurriyyet