​SAAKAŞVİLİ İVANİŞVİLİNİ MƏHKƏMƏYƏ VERİR… - Eks-prezident gürcü milyarderdən 85 milyon dollar təzminat tələb edəcək

Baxış sayı:
865

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvilini məhkəmə ilə hədələyib.
Qafqaz.media bu barədə “Новости Грузия”ya istinadən xəbər verir.
Məlumata görə, 2021-ci ilin oktyabrından həbsdə olan Saakaşvili “Gürcü arzusu”nun sədri İrakli Kobaxidzenin Ukrayna qanunlarına əsasən eks-prezidentin “oliqarx” sayıla biləcəyi ilə bağlı bəyanatını şərh edib. Saakaşvili vurğulayıb ki, o, Ukraynada “deoliqarxizasiya hərəkatının lideridir”. İndi eks-prezident böhtana görə 85 milyon dollar məbləğində məhkəmə iddiası qaldırmaq niyyətindədir. Saakaşvili məhkəmədən aldığı pulu həyat yoldaşı Sandra Rulovsun xeyriyyə fonduna köçürəcəyini vəd edib.
“Mən Ukraynanın deoliqarxizasiya haqqında qanununun iki müəllifindən biri idim. Üstəlik, mən bu qanunun daha sərt variantının tərəfdarı idim. Belə çıxır ki, mənim 85 milyon dollarım var. Bu məbləğə görə mütləq Bidzina İvanişvilini məhkəməyə verəcəyəm, bu məbləği “Credit Suisse”-dən alıb Sandranın xeyriyyə fonduna köçürəcəyəm”, - Saakaşvili yazıb.
Bundan əvvəl Kobaxidze bir neçə müxalifət liderini “oliqarx” hesab etdiyini bildirib. O, bunu Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqına namizəd statusu alması üçün onun qarşısında deoliqarxizasiya şərti qoymasından sonra deyib. Kobaxidze xatırladıb ki, “Ukraynada bu mövzuda deoliqarxizasiya haqqında qanun qəbul edilib və bu qanun Gürcüstanda qüvvədə olsaydı, o zaman iki partiyanın lideri oliqarx kimi qəbul ediləcəkdi. Bunlar Lelo partiyasının lideri olan Xazaradze-Caparidze və Milli Hərəkat Partiyasının liderləri Saakaşvili-Kezeraşvilidir. Odur ki, oliqarxları axtarın və de-oliqarxizasiyaya hazırlaşın”, - Kobaxidze bildirib.
Bundan əvvəl Avropa Parlamenti milyarder Bidzina İvanişviliyə Kremllə əlaqələrinə görə sanksiyalar tətbiq etməyə çağırıb və bir çox Avropa Parlamentinin deputatları İvanişvilinin ölkənin demokratik inkişafına mane olduğunu bildiriblər.