SAATLIDA “UĞURLU PEŞƏ SEÇİMİ” SEMİNARI KEÇİRİLİB – DATÜB və ATVİB-in təşkilatçılığı ilə / Fotolar

Baxış sayı:
952

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Gənclər Təşkilatı və Azərbaycanda fəaliyyət göstərən Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) birgə həyata keçirdiyi “Uğurlu Peşə Seçimi” layihəsinin ilk seminarı keçirilib. Muxalifet.az xəbər verir ki, seminar yanvarın 16-da Saatlı rayonunun Orta Muğan kəndinin tam orta məktəbində baş tutub.

Proqramda Saatlı və Sabirabad rayonlarının Şirinbəy, Nəsimikənd, Sımada, Fətəlikənd, Əhmədabad və Orta Muğan kəndlərindən olan 60-dan çox şagird iştirak edib.

Azərbaycanda fəaliyyət göstərən Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavinləri Rüstəm Xəlilov, Mövlud Işık, Nesimikənd tam orta məktəbinin müəllimi Əli Bayraktar, Orta Muğan kəndi tam orta məktəbinin direktor müavini İslam Xəlilov, Şirinbəy kəndi tam orta məktəbinin müəllimi Ənvər Koçəliyev və digər qonaqlar seminara qatılıblar.

Tədbirin açılış nitqi ilə Orta Muğan kəndinin tam orta məktəbinin müəllimi Məhəmməd Ələddinov çıxış edib. O, layihəyə görə DATÜB Gənclər Təşkilatına və “Vətən” İctimai Birliyinə təşəkkürünü bildirib. M.Ələddinov DATÜB Gənclər Təşkilatının təhsilə verdiyi önəmindən danışaraq, son illər Türkiyədə təhsil alan tələbələrin sayının artmasına böyük töhfə verdiyini bildirib.

Daha sonra çıxış edən Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini Mövlud Işık bildirib: “Koronavirus epidemiyası dövründə, bir çox sahədə olduğu kimi, təhsil sahəsində də çətinliklər yaşadıq. Bu gün sizinlə burada üz-üzə görüşmək çox xoş oldu. Sizə DATÜB prezidenti Ziyəddin Kassanovun, ATVİB prezidenti Xalid Xəlilovun və DATÜB Gənclər Təşkilatının rəhbəri İsmixan Kassanovun salamlarını çatdırıram. Gənclər bizim gələcəyimizdir. Ona görə də biz gənclərimizin daha savadlı olması üçün əlimizdən gələni edəcəyik. DATÜB sədri Ziyəddin Kassanov dünyanın harasında olur-olsun, Axısxa türklərinin daim yanındadır”. Mövlud Işık sonda gənclərimizin təhsilə önəm verməli olduğunu vurğulayaraq, hər kəsi həmrəyliyə dəvət edib.

DATÜB Gənclər Təşilatının Azərbaycan üzrə nümayəndəsi Kənan İbrahimli çıxışında təşkilatın fəaliyyətindən danışıb. O, DATÜB Gənclər Təşkilatının şüarının “Gələcək üçün güclü gənclik” olduğunu vurğulayaraq, tələbələrin universitet qazanmaq arzularının gerçəkləşməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirib. O, hazırda davam edən Türkiyə Təqaüdü müraciətləri, YÖS və daha sonra başlayacaq universitet məzunu müraciətləri üçün tələbələrə pulsuz dəstək veriləcəyini bildirib.

Seminarda çıxış edən S.Məmmədova peşə seçməyin nə qədər çətin və vacib olduğunu bildirib və seçimlərdə nələrə diqqət etməli olduqları barədə geniş təqdimatla çıxış edib.

Proqramın sual-cavab hissəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb. Seminarın sonunda fəal iştirakçılara sertifikatlar təqdim olunub.

Sonda tədbirin təşkilatçıları tərəfindən seminarın həyata keçirilməsində köməklik göstərən Orta Muğan kənd orta məktəbinin direktoru Əfqan Cəfərova, müəllimlər, şagirdlərə və əməyi keçən hər kəsə təşəkkür olunub.