Əsgər olmayan marşal, bakılı sənətçinin arvadına girişən baş nazir – generallara tuman öpdürmək istəyən Bulqanin

Baxış sayı:
9301

Nikolay Bulqanin marşal rütbəsi aldıqdan sonra ilk dəfə Georgi Jukova xüsusi rabitə vasitəsi olan “VÇ” telefonu ilə zəng vuranda özündən aşağı ranqlı hərbçidən gözləmədiyi cavabı alıb:

- Jukov eşidir, kiminlə danışıram?

- Marşal Bulqanindir.

- Kİm, kim???

- Marşal Bulqanin.

- Mən belə marşal tanımıram... – deyə Jukov dəstəyi yerə qoyub.

O, siyasi fəaliyyətindən daha çox, şəxsi həyatında baş verən hadisələrlə yadda qalıb. SSRİ-də ən yüksək vəzifələri tutsa da, həmişə kölgədə olub. Elə bu kölgə də onu tez unutdurub.

Nikolay Bulqanin 1895-ci ildə Nijni Novqorodda anadan olub. Realnı məktibini bitirdikdən sonra eleltrotexnik köməkçisi işləyib. 1918-ci ildən Fövqəladə Komissiya (ÇK) orqanlarında xidmətə başlayan Bulqanin vəzifə pillələrini sürətlə qalxıb. O, Moskva şəhər İcraiyyə komitəsinin sədri, SSRİ Dövlət Bankının idarə heyətinin sədri, Rusiya Federasiyası Nazirlər Sovetinin sədri, SSRİ silahlı qüvvələr naziri, SSRİ-nin müdafiə naziri, SSRİ Nazirlər Sovetinin sədri (baş nazir) kimi yüksək vəzifələrdə çalışıb.

Bulqanin ölkənin birinci şəxsləri üçün “sərfəli” kadr sayılıb. İddiası və heç bir təşəbbüskarlığı olmayan Bulqanin Kremldə heç kimin işinə qarışmamağı ilə öz mövqeyini qoruyub. Amma sözsüz ki, hərbi nəzərriyyədən və praktikadan anlayışı olmayan bir kəsin çiyinlərinə marşal rütbəsi taxılanda, bu döyüşən generalların və marşalların qıcığına səbəb olub.

Nikolay Bulqanin həm Stalinin, həm də Xruşovun hakimiyyəti dövründə hər iki rəhbərlə dil tapmağı bacarıb. Moskva şəhər İcraiyyə komitəsinin sədri işləyəndə Bulqanin şəhər təsərrüfatında və sakinlərin mənzil-məişət problemlərinin həllində kifayət qədər müsbət göstəricilərə nail olub ki, bu da Stalinin diqqətindən yayınmayıb. Bu fəallığı nəticəsində Bulqaninin Stalinlə birbaşa əlaqələri yaranıb. Bu əlaqələr gələcəkdə Bulqaninin karyerasında böyük rol oynayıb.

Qeyd edək ki, Bulqanin Moskva şəhər İcraiyyə komitəsinin sədri vəzifəsində olanda Xruşov da Moskva şəhər Partiya Komitəsinin birinci katibi işləyib. Və elə həmin dövrdən də aralarında yaxın münasibət yaranıb.

Nikolay Bulqaninlə bağlı ən maraqlı fakt Stalinin onu təsərrüfat işindən birbaşa hərbi qurumlara rəhbər təyin etməsidir.

Tarixçilərin qənaətinə görə, Stalin müharibədə ad qazanmış, ölkədə çox populyar olan yüksəkçinli hərbçiləri yüksək vəzifəyə təyin etməkdən çəkinib. Bu məqsədlə də o, ətrafında olan ən “sözəbaxan” bir məmuru, Bulqanini ordunun rəhbəliyinə gətirib.

Nikolay Bulqanin ilk dəfə olaraq 1947-ci ildə hərbi paradı atla yox, avtomobildə qəbul edib. Bu ənənə Rusiyada indi də davam etdirilir.

Stalinin ölümündən sonra Xruşovun ətrafında “lövbər” salan Bulqanin köhnə dostluq münasibətlərini işə salıb. Malenkovu SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən uzaqlaşdırmaqda böyük fəallıq göstərib. Bu fəallığı nəticəsində o, baş nazir kürsüsündə əyləşib, Xruşov SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini ona həvalə edib.

1957-ci ildə “antipartiya qrupu” (Malenkov, Kaqonoviç, Molotov) Xruşovu devirmək planını hazırlayanda Bulqanin bu qrupun fəaliyyətini dəstəkləyib. “Əməliyyat” baş tutmayanda Xruşov Bulqanini Kremldən birdəfəlik uzaqlaşdırıb və onu Stavropola xalq təsərrüfatı sovetinin sədri (SSRİ-nin vilayət və diyarlarında bu vəzifəni Xruşov yaradıb) təyin edib. Bu isə Bulqanin üçün sürgün demək idi. Ancaq Xruşovun Bulqanindən qisası bununla bitməyib. O, sabiq baş naziri marşal rütbəsindən məhrum edib.

Bulqanin Stavropolda çox işləməyib. O, 1960-cı ildə öz xahişi ilə bütün vəzifələrindən azad olunaraq təqaüdə çıxıb.
Yuxarıda qeyd etdiyimiz kimi, Nikolay Bulqanin kabinetdən kənarkı həyatında baş verən olaylarla daha çox yadda qalıb.
Bulqanin hədsiz dərəcədə balet həvəskarı olub. Daha dəqiq ifadə etsək, balet aktrisalarının, balerinaların. Və onun “incə belli” sənətçi xanımlarla əyləncələri də az olmayıb. Marşalın səhnədəki növbəti hədəfi isə Qalina Vişnyovskaya olub. Özündən yaşca çox kiçik olan Qalinanı yenicə ailə qurmuş həyat yoldaşından ayırmağa cəhd etsə də, Qalina onun “sevgi”sini rədd edib. Qeyd edək ki, Qalina Vişnyovskayanın həyat yoldaşı bakılı violençelist Mstislav Rostropoviç olub.

Bulqaninlə bağlı arxivlərdən daha “maraqlı” bir sənəd tapılıb, Beriyanın Stalinə “məxfi” poçtla göndərdiyi məktub. Məktub marşal Bulqaninin “Natsional” mehmanxanasında törətdiyi hadisədən bəhs edib. Belə ki, 1948-ci il yanvarın 6-dan 7-nə keçən gecə Bulqanin mehmanxanada sərxoş vəziyyətdə, alt paltarında, əlində döşəməssilən ağaca bağlanmış balerina paltarını bayraq kimi yelləyərək mahmanxananın 3-cü və 4-cü mərtəbəsində ora-bara qaçaraq “SSRİ-nin silahlı qüvvələr naziri, marşal Bulqaninə eşq olsun” deyə qışqıraraq səs-küy salıb. Daha sonra o, mehmanxananın restoranına daxil olaraq orada şam edən generallara əmr edib ki, balerinanın paltarını (“bayrağı”) öpsünlər. “Əmr” icra olunmadığı halda Bulqanin komendaturaya zəng vurub və generalları həbs etdirib.

Yalnız səhərisi gün generallar həbsdən azad olunub. Stalin marşalı cəzanlandırmayıb. Cəza alan yeganə adam Bulqaninin adyutantı olub ki, onu marşalı sərxoş vəziyyətdə təcrid etmədiyinə görə günahlandırıblar.

Ömrünün son illərini Moskvadakı bağ evində keçirən Nikolay Bulqanin 24 fevral 1975-ci ildə 79 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub./musavat