“ƏSLİNƏ BAXSAQ, ELƏ MƏN DƏ İNQİLAB İSTƏYİRƏM...” – Sərdar Cəlaloğlu: "Azərbaycan inqilabdan sığortalanmayıb"

Baxış sayı:
5953

Sərdar Cəlaloğlu: "Azərbaycan iqtidarında xarici güclərə işləyən qüvvələr var"

"Bu gün məmurların arasında belə, Azərbaycanın sabahı ilə bağlı çox böyük narahatlıq meydana gəlib"

Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələr aralarındakı umu-küsüləri, müxtəlif narazılıqları və qarşılıqlı ittihamları bir kənara qoyub ölkəmizin milli maraqları baxımından ortaq məxrəcə gəlməyi, bizə düşmən mövqedə dayanan, eyni zamanda ikilistandartlara üstünlük verərək az qala hər bir məsələdə Ermənistanın maraqlarının təmin olunmasına çalışan xarici qüvvələrə qarşı vahid mövqedən çıxış etməyi bacarmalıdırlar. Əslində, Ermənistanı dəstəkləyən dövlətlərin niyyəti hamıya bəllidir. Onlar nə yolla olursa-olsun İrəvanın haqlı mövqedə olduğunu sübuta yetirməyə və düşmən ölkəni mövcud iqtisadi blokadadan çıxarmağa can atırlar.
Ümumiyyətlə, hazırda Cənubi Qafqaz regionunda elə bir siyasi situasiya hökm sürür ki, bu vəziyyətdən itkisiz və ya minimum ziyanla çıxmağın yeganə yolu iqtidarla müxalifətin həmrəyliyindən, ölkənin gələcək taleyinə dair məsələlərdə hər iki düşərgənin vahid mövqedən çıxış etməsindən keçir. Bir yandan ən ağrılı-acılı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması, digər tərəfdən xarici qüvvələrin, əsasən də ölkəmizin inkişafında maraqlı olmayan, uzun müddətdir ki, dişini qıcayıb sovet imperiyasını bərpa etməkdən ötrü əlverişli məqamı gözləyən Rusiyanın bəzən açıq, bəzən də məntaltı təhdidləri, mütəmadi olaraq Ermənistana hərtərəfli yardımlar etməsi iqtidar və müxalifət düşərgəsinin həmrəy olmasını zəruri edən əsas səbəblərdəndir. Ola bilər ki, kimlərsə bu fikirlə razılaşmasın, lakin yaxın tariximizə nəzər salsaq görərik ki, əksər hallarda Azərbaycanın taleyi ölkənin daxilində yox, xaricdə nəhəng dövlətlərin məsləhətləşmələrindən sonra həll olunur. Elə buna görə də super güclərin ölkəmizlə bağlı hazırlamış olduqları müxtəlif ssenariləri alt-üst etməkdən, Azərbaycanı mümkün təhlükələrdən sığortalamaqdan ötrü iqtidar müxalifət demədən hamının birgə mübarizə aparmasının vaxtı çatıb. Çünki bu gün dünya siyasi arenasında baş verən olaylar heç də bizim maraqlarımıza cavab vermir. Belə bir vəziyyətdə isə iqtidar-müxalifət dialoqu qaçılmazdır.
 
"Azərbaycan hakimiyyəti xalqla iqtidar arasında vasitəçilik edən qrupların fəaliyyətini sıfra endirib"
 
Mövzu ilə bağlı mövqeyini öyrəndirimiz Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu hesab edir ki, siyasi dialoq cəmiyyətləri inqilablardan, vətəndaş qarşıdurmasından yan keçirmək üçün xüsusi önəm daşıyır. Onun fikrincə, siyasi dialoq davamlı bir proses kimi mövcud olmalıdır: "Nisbetin sosial dəyişilmələr nəzəriyyəsinə görə, sosial dəyişilmələrin 3 komponentindən biri də iqtidarla xalq arasında vasitəçi qrupların mövcud olmasıdır. Bura siyasi partiyalar, həmkarlar təşkilatları, qeyri-hökumət təşkilatları aiddir. Həmin bu vasitəçi təşkilatlar bir tərəfdən xalqın içində olub əhalini narahat edən məsələləri bilməlidir, digər tərəfdən həmin məsələlərin həlli ilə bağlı iqtidarla müəyyən əməkdaşlıq etməlidir. Ancaq Azərbaycan iqtidarı uzun müddət bu faktoru aradan qaldırıb. Yəni hakimiyyət xalqla iqtidar arasında vasitəçilik edən qrupların fəaliyyətini sıfra endirib. Odur ki, hazırda Azərbaycanda müstəqil həmkarlar təşkilatları yoxdur, real, müstəqil qeyri-hökumət təşkilatları sıradan çıxarılıb. Müxalif siyasi partiyalarla iqtidar arasında isə çox böyük uçurum var. Buradan da aydın olur ki, Azərbaycanda Nisbetin dediyi dinc üsullarla sosial dəyişilmələrin yolu bağlanıb. Əslində, siyasi dialoqun yeganə əhəmiyyəti bundan ibarət idi ki, xalqla iqtidar arasında vasitəçilik edən qruplar mütəmadi olaraq iqtidarla siyasi dialoqa getsinlər, xalqı narahat edən problemlər iqtidarla birlikdə müzakirə olunsun və həmin problemlərin həllindən sonra sosial gərginlik azaldılsın. İqtidar uzun müddət bu yanlış yolu tutduğu üçün artıq Azərbaycanda sosial dəyişilmələrin partlayışlı yolu qalıb".
 
"Bir çox hallarda iqtidarların islahat adı altında atdıqları addımlar onları qoruya bilmir"
 
İqtidarın sosial gərginliyin bir qədər yumşaldılması istiqamətində bir sıra addımlar atdığını vurğulayan Sərdar Cəlaloğlunun sözlərinə görə, "Oktyabr İnqilabı"ndan öncə Rusiya çarı da eyni islahatlar aparıb: "Belə ki, torpaqları paylamağa başladı, fəhlələrin hüqüqlarını etiraf etdi, 8 saatlıq iş sisteminə keçildi. Lakin bütün bunlar inqilabın qarşısını ala bilmədi. Bundan başqa, İran inqilabından əvvəl şah da bir çox islahatlar həyata keçirdi. Amma yenə də inqilab oldu. Çünki hakimiyyətlərin islahatları o zaman effektli olur ki, həmin islahatlar inqilablardan daha əvvəl başlansın. Adətən islahatların nəticəsi 2-3 ildən sonra cəmiyyətdə öz təsirini göstərir. Tutaq ki, bu gün iqtidar bir islahat aparırsa, onun cəmiyyətə müsbət yansıması 3 ildən sonra olacaq. Lakin bu 3 ilə qədər indiki gərginlik arta-arta gedəcək və sonda gəlib inqilaba çıxacaq. Ona görə də bir çox hallarda iqtidarların islahat adı altında atdıqları addımlar onları qoruya bilmir. Bu səbəbdən də islahatlar sosial partlayışlardan azı 3-5 il əvvəl həyata keçirilməlidir. Yanlız bu yolla inqilabların qarşısını almaq mümkündür. Düşünürəm ki, Azərbaycan iqtidarı bu məsələdə xeyli gecikib və çox güman ki, atdığı addımlar ölkədəki sosial narazılığın qarşısını almağa yetərli olmayacaq".
 
"Siyasi dialoq dövlət başçısının müxalifət liderləri ilə bir masa ətrafında oturub ölkənin problemlərini müzakirə edib konkret qərarlar qəbul etmək deməkdir"
 
Azərbaycanda iqtidarla əməkdaşlıq etməyin xəyanət kimi başa düşüldüyünü deyən prezidentliyə keçmiş namizəd bildirdi ki, ADP bununla bağlı hələ 2005-ci ildə qərar qəbul edib: "Bu gün xalqla iqtidar arasındakı vasitəçilik missiyasını yerinə yetirən qruplara qarşı münasibət elə bir vəziyyətə salınıb ki, adamlar öz vəzifələrini yerinə yetirərkən xəyanətkar adlandırılırlar. Məsələn, biz iqtidarla siyasi dialoqa getməyi, əməkdaşlıq etməyi təklif etdikdə bunu xəyanət kimi qələmə verməyə çalışırlar. Əslində, əməkdaşlığı xalqa yanlış başa salırlar. Elə başa düşürlər ki, əməkdaşlıq etməklə sən iqtidara xidmət edəcəksən. Halbuki bu, kökündən yanlışdır. Çünki əməkdaşlıq hər hansı bir problemi birlikdə həll etmək deməkdir. Azərbaycanda isə bunu düzgün başa düşmədiklərindən iqtidarla əməkdaşlığı satqınlıq, xəyanətkarlıq kimi təqdim edirlər. Bu isə iqtidarın apardığı siyasətin nəticəsidir. Ona görə ki, biz iqtidarla dəfələrlə siyasi dialoqa getmişik və onların cəmiyyətdə heç birinin müsbət nəticəsi olmayıb. Hökumət siyasi dialoqlara ictimai rəyi aldatmaq kimi baxıb. Halbuki biz siyasi dialoqlara cəmiyyəti inqilablardan, sosial partlayışlardan yan keçirmək yolu kimi baxmışıq. Ona görə də 2005-ci ildə ilk dəfə rəsmi şəkildə Azərbaycan Demokrat Partiyası ölkədə gedən ictimai-siyasi prosesləri təhlil edərək qərara alıb ki, bu yol bizi vətəndaş qarşıdurmasına aparır və bunun yeganə çıxış yolu siyasi dialoq müstəvisində fəaliyyətin genişləndirilməsidir. Həmin qərarın üzərindən 14 il keçməsinə baxmayaraq, hələ də iqtidarla müxalifət arasında heç bir ciddi dialoq baş tutmayıb. Görünür, biz dialoq dedikdə, iqtidar elə başa düşür ki, Prezident Administrasiyasında bir nəfərə tapşırmaq lazmdır ki, getsin müxalifəti yığsın, onlarla bir-iki dəfə söhbət etdikdən sonra "çıxın gedin" desin. Bu, siyasi dialoq deyil. Siyasi dialoq dövlət başçısının müxalifətin aparıcı siyasi qüvvələrinin rəhbərliyi ilə bir masa ətrafında oturub ölkənin problemlərini müzakirə etmək və bu zaman problemlərin həlli istiqamətində konkret qərarlar qəbul etmək deməkdir. Yalnız bu halda, yəni problemlərin həllindən sonra xalq siyasi dialoqa inanar və bütün qüvvələr siyasi dialoq yolunu seçər, narazılığı küçəyə daşımağa lüzum qalmaz".
 
"İqtidarın apardığı yanlış və təhlükəli siyasətlərdən biri də bu oldu ki, xalqla müxalifət arasında böyük bir sədd çəkdi"
 
ADP sədrinin qənaətincə, Azərbaycan iqtidarının apardığı seçki siyasəti parlamentdaxili müxalifətin aradan qalxmasına gətirib çıxarıb: "Hətta parlamentə həqiqi müxalifətin 3-4 namizədi buraxıldıqda belə, küçə mübarizəsinin effekti 50-60 faiz azalırdı. Çünki bu gün küçədə deyilənləri o vaxt parlamentdə deyirdilər. Lakin Azərbaycan iqtidarı 2000-ci ildən sonra müxalifətin birdəfəlik parlamentə buraxılmaması ilə bağlı siyasət həyata keçirməyə başladı və bununla da küçə müxalifətinin sıraları genişləndi. Yəni sistemxarici müxalifət oldu. Halbuki sistemdaxili müxalifətlər inqilabın qarşısını alır, sistemxarici müxalifətlər isə inqilaba xidmət edir. Məsələn, bu gün parlamentdə deyiləm və mənim ən yumşaq bəyanatlarım belə, inqilablara xidmət edir, sosial partlayışa aparır. Amma sistemdaxili müxalifət küçə mübarizəsinin effektinin ciddi şəkildə azalmasına gətirib çıxarır. Bundan başqa, iqtidarın apardığı yanlış və təhlükəli siyasətlərdən biri də bu oldu ki, xalqla müxalifət arasında böyük bir sədd çəkdi. Məsələn, bizim yerlərə gedib əhali ilə görüşlərimizin qarşısı alındı, müxalifətin ölkənin rəsmi televiziyasına, o cümlədən qəzetlərə və özəl telekanallara çıxışı yasaqlandı, iqtidarla müxalifət arasında hər hansı bir ünsiyyət aradan qaldırıldı. Bundan başqa, müxalif mətbuat sıradan çıxarıldı, qalan media qurumlarına isə ümumiyyətlə müxalifətin bəyanatlarını, çıxışlarını vermək qadağan olundu. Nəticədə, bütün qapıları müxalifətin üzünə bağladılar, xalqın danışan dilini kəsdilər".
 
"Artıq həm məmurlar arasında gələcəklə bağlı narazılıq var, həm də real narazı qüvvələr arasında əvvəlki illərdən fərqli olaraq çox radikal ideyalar meydana çıxır"
 
Məhz bu səbəbdən də müxalifətçiliyin ölkə daxilindən ölkə xaricinə transfer olunduğunu vurğulayan Sərdar Cəlaloğlu hesab edir ki, bu gün hətta məmurların arasında belə, Azərbaycanın sabahı ilə bağlı çox böyük narahatlıq meydana gəlib: "Etiraf etmək lazımdır ki, biz Azərbaycan ictimai rəyinə yalnız xarici televiziyalar vasitəsiylə dolayısıyla nüfuz edə bilirik. Çünki daxildə elə bir imkanlarımız yoxdur. Ona görə də müxalifət liderləri xaricdəki bloqqerlərin fəaliyyətinin genişlənməsində, artmasında maraqlıdır. Orda isə nəzarət olunmayan iş getdiyi üçün cəmiyyətə hətta xalqın maraqlarına zidd ideyalar belə, çatdırılır. Beləliklə də iqtidarın müxalifəti sistemdən xaric etməsi, xalqla müxalifət arasında baryer yaratması və siyasi sialoq yolunun bağlanması ona gətirib çıxarır ki, bu gün cəmiyyətdə, hətta məmurların arasında belə, Azərbaycanın sabahı ilə bağlı çox böyük narahatlıq meydana gəlib. Qeyd edim ki, üsyanlar, xalq hərəkatları kiminsə fikri, ideyası ilə meydana gəlmir. Elmi şəkildə də sübut olunub ki, bu cür hadisələr şüuraltı hazırlanan bir şeydir. Bizim hər birimizin iradəmizdən asılı olaraq bir düşüncəmiz var. Bir də özümüzdən asılı olmadan düşüncəmizə gələn ideyalar var. Psixologiya belə izah edir ki, həmin ideyalar şüuraltından gəlir və şüuraltı hamı üçün eynidir. Ona bəzən kollektiv şüur da deyilir. Əslinə baxsaq, xalq hərəkatları, inqilablar, ciddi sosial dəyişilmələrə gətirən ideyalar şüuraltında yetişir və hamıda eyni vaxtda göyərməyə başlayır. Ona görə də bu gün işi olmayan adam nə qədər narazıdırsa, işi olan, pul qazanan məmur da o qədər narazı və narahatdır. Ən təhlükəlisi budur ki, artıq həm məmurlar arasında gələcəklə bağlı narazılıq var, həm də real narazı qüvvələr arasında əvvəlki illərdən fərqli olaraq çox radikal ideyalar meydana çıxır. Məsələn, artıq məmurlar belə, deyirlər ki, belə getməyəcək, partlayacaq. Kasıblar isə deyir ki, partlamalıdır. Görünən odur ki, artıq məmurlar özləri sosial narazılığın olacağına hazırlaşırlar. Xalq isə iqtidarın bütün yolları bağladığına görə, bir yol görür ki, o da inqilabdır. Bu baxımdan, Azərbaycanın gələcəyi ilə bağlı həddən artıq narahatam. Hər bir ölkədə iqtidar da var, müxalifət də. Və hər bir ölkədə onların hər ikisi səhv addım ata bilər. Lakin bizdə çox ciddi təhlükəli bir vəziyyət hökm sürür ki, bu da Azərbaycanda iqtidar və müxalifət içərisində xarici güclərə işləyən qüvvələrin olmasıdır. Onlar iqtidar-müxalifət münasibətində olsalar belə, ümumi xarici gücün maraqları baxımından həmrəydirlər və eyni nöqtəyə vururlar. Onların əsas məqsədi Azərbaycanı yenidən Rusiyanın təsir dairəsinə salmaq, rus qoşunlarının ölkəmizə gəlməsinə və burada yerləşdirilməsinə nail olmaq, Dağlıq Qarabağ konfliktinin genişlənməsi ilə Azərbaycan xalqının ümidlərini qırmaqdır".
 
Qarabağın işğalının Azərbaycan xalqında məğlubiyyət kompleksi yaratdığını bildirən prezidentliyə keçmiş namizədin fikrincə, bu, insanların həyatının bütün sferalarına bu və digər formada təsir göstərir: "Hər bir insan ərazilərin işğal altında olmasına görə, şüuraltı olaraq məğlubiyyət hissi yaşayır. Əslinə baxsaq, bu məğlubiyyət hissi daxili siyasətdə də xalqın aktiv şəkildə mübarizə aparmasına mane olur. Yəni məğlubiyyət kompleksi olduğu üçün adamlar deyir ki, bu hökumətə qalib gələ bilməyəcəyik. Çünki Qarabağda üzləşdiyimiz məğlubiyyət insanların həyatının bütün sferalarına da bu və digər formada təsir göstərir. Lakin 2016-cı il aprel döyüşlərindən sonra xalqda belə bir fikir yarandığı ki, sən demə, Qarabağdakı məğlubiyyətin səbəbi bizdən qaynaqlanmır. Sən demə, bizi məğlub edən qüvvə var ki, bu da Rusiya, Avropa və ABŞ-dır. Onlar bizə Qarabağı azad etməyə imkan vermir, ermənilərin arxasında məhz bunlar dayanır. Yəni artıq xalq əmin oldu ki, sən demə, biz dünyanın super geclərinin əlində əsir-yesir qalmışıq. Bundan başqa, Qarabağ savaşında Azərbaycana heç bir dövlət kömək etmədiyindən, bizdə həm də tənhalıq kompleksi formalaşmışdı. Bu gün isə həm Türkiyə, həm də Pakistan açıq şəkildə bəyan edir ki, əgər üçüncü dövlət Dağlıq Qarabağ münaqişəsinə qoşularsa, onda biz də qoşulacağıq. Yəni son 10 ildə İslam həmrəyliyi elə yeni bir mərhələyə gəlib ki, artıq biz həmin komplekslərdən yaxa qurtarmışıq. Odur ki, bu gün istənilən azərbaycanlı deyir ki, müharibə zamanı ermənilərin havadarları ilə birgə yaratdığı gücün qarşısına Türkiyə və Pakistanla birlikdə real güc birliyi qoyarıq. Doğrudan da əgər Dağlıq Qarabağ məsələsində Rusiya aktiv şəkildə Ermənistanın yanında olacaqsa, o zaman Türkiyə, Pakistan və İran bizim yanımızda olacaq".

"Gələn il ölkədə çox ciddi hadisələr gözlənilir"

Bu gün dünyanın qlobal siyasətində mədəniyyətlərarası cəbhələşmənin hökm sürdüyünü deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu bildirdi ki, cəbhə xəttinin bir tərəfində xristianlar, digər tərəfində isə müsəlmanlar dayanır. Onun fikrincə, iqtidarın müxalifəti sistemdən xaric etməsi, xalqla müxalifət arasında baryer yaratması və siyasi sialoq yolunun bağlanması artıq əhalinin ciddi şəkildə aktivləşməsinə səbəb olub: "Necə ki, xristianlar birləşib bir xristian dövlətinin maraqlarını müdafiə edir, eləcə də artıq müsəlmanlar da başa düşür ki, birləşib müsəlman dünyasının maraqlarına xidmət etməlidirlər. Odur ki, artıq Qarabağ, Kəşmir və Qəzza məsələsi, o cümlədən digər müsəlman ölkələrində yaşanan konfliktlərlə bağlı mədəniyyətlərarası cəbhə formalaşır. Bununla yanaşı, artıq əksər müsəlman ölkələrində ciddi bir oyanış, İslama qayıdış başlayır. Təbii ki, bu da bizim cəbhənin güclənməsinə ciddi təkan verən amildir. Məhz bütün bunlar Azərbaycan xalqında yaranan məğlubiyyət və tənhalıq kompleksini aradan qaldırıb. Xalq dünənə qədər iqtidara qarşı ona görə mübarizə aparmırdı ki, onda həm məğlubiyyət, həm də tənhalıq kompleksi vardı. Bu gün isə bu komplekslər aradan qalxıb. Digər tərəfdən, iqtidarın müxalifəti sistemdən xaric etməsi, xalqla müxalifət arasında baryer yaratması və siyasi sialoq yolunun bağlanması artıq əhalinin ciddi şəkildə aktivləşməsinə səbəb olub. Təbii ki, bu zaman düşmənlərimiz sakit durmayacaq. Onların məqsədi, əsas proyektlərindən biri odur ki, əgər Azərbaycan bu vəziyyətdə saxlanılmazsa, rus qoşunlarını ölkəyə gətirməklə ya hakimiyyətin ömrü uzadılsın, ya da iqtidar getməyə məcburdursa, o zaman Rusiya ssenarisi ilə Ermənistandakı kimi Paşinyan variantı işə salınsın. Əslinə baxsaq, Paşinyan da Kremlin layihəsidir. Lakin bu dəfə müxalifətdən gələn layihədir. Bir neçə ildən sonra görəcəksiniz ki, Ermənistan Koçaryan və Sarkisyanın dövründəkindən fərqlənməyəcək. Bu gün Rusiya Ermənistana deyir ki, bizim dediyimiz xarici siyasət aparacaqsan. Yalnız daxili siyasətdə xalqın narazılığını müəyyən miqdarda aradan qaldırmaq üçün cüzi sərbəstlik verib. Yəni burda heç bir demokratiyadan söhbət getmir".
 
"Qəfləti inqilablarda dəyişilmələr dağıdıcılıqla bir yerdə getdiyi üçün inqilabın verdiyi acılar nailiyyətlərdən daha çox olur"
 
ADP sədri bu qənaətdədir ki, Rusiya Azərbaycanda da Ermənistan variantını işə sala bilər: "Yəni mövcud iqtidarın yerinə müxalifəti gətirə bilər. Lakin hansı müxalifəti? Rusiya ilə əlaqəli olan müxalifət hakimiyyətə gələ bilər. O müxalifətin hakimiyyətə gəlməsi, həm də rus qoşunlarının Azərbaycana gəlməsinə gətirib çıxara bilər. Bizim qorxduğumuz, ölkədə hadisələrin inqilabi yolla getməsini sürətləndirən qüvvələrin fəaliyyəti ilə bağlı narahatlığımız bundan ibarətdir. Əgər bu gün Azərbaycan iqtidarı müraciət etsə ki, mən artıq ciddi və real islahatlara razıyam, telekanalları xalqın üzünə açıram, parlament seçkiləri obyektiv keçəcək və müxalifət qalib gələcəyi təqdirdə Milli Məclisdə otura bilər, o zaman baxın görün bu yolu dəstəkləyən olacaqmı? Yox. Çünki bu yol xarici güclərin Azərbaycana müdaxiləsinin qarşısını alır. Rusiyanın Azərbaycanda təsirini artırmaq istəyən, Kremlin maraqlarına xidmət edən qüvvələr dediyimiz məxməri inqilabın baş verməsinə imkan verməyəcək. Onlar çalışacaqlar ki, qanlı inqilab baş versin. Əslinə baxsaq, elə mən də inqilab istəyirəm. Lakin Trotskinin dediyi kimi, məxməri, tədrici inqilab istəyirəm. Çünki tədrici inqilabda inqilab enerjisi bölündüyünə görə, o, dağıdıcılıq qabiliyyətini itirir. Yəni dəyişilmələr olsa da, bu zaman dağıdıcılıq müşahidə olunmur. Amma qəfləti inqilablarda dəyişilmələr dağıdıcılıqla bir yerdə getdiyi üçün inqilabın verdiyi acılar nailiyyətlərdən daha çox olur. Bu isə xalqa böyük ziyan vurur. Bu gün bizim müxalifətin bəzi kəsimi ilə ən ciddi fikir ayrılığımız məhz bununla bağlıdır. Biz deyirik ki, tədrici inqilab olmalıdır, digərləri isə Rusiyanın diqtəsi altında qanlı inqilabı dəstəkləyirlər".
 
"Rusiyanın B variantını işə salıb Azərbaycan müxalifətindəki adamlarını iqtidara gətirəcəyindən narahatam"

 
Müxalifətdəki və iqtidardakı bəzi şəxslərin ardıcıl olaraq Rusiyanın planlarına uyğun addımlar atdığını vurğulayan prezidentliyə keçmiş namizədin sözlərinə görə, iqtidarın getməsi hələ o demək deyil ki, onun yerinə mütləq xalqın arzuladığı insan gələcək: "Yəni A variant gedər, yerinə B variant gələr. Xalqa elə gələr ki, B variant qruluşca tamam yenidir, lakin bir müddət sonra görəcək ki, A variantdan heç nə ilə fərqlənmir. Məsələn, bu gün Azərbaycanda rus qoşunu yoxdur, kənardan Rusiya iqtidarı dəstəkləyir. Bu bir cür dəstəkdir, bir də var ki, rus qoşunu burda ola və Ermənistandakı kimi dəstəkləyər. Bu halda xalq həm iqtidar, həm də rus qoşunları ilə vuruşmalıdır. Sovet hökuməti vaxtı məhz bu cür mənzərə hökm sürdüyündən xalq kommunistlərin əleyhinə qalxa bilmirdi. Çünki eyni vaxtda həm iqtidarla, həm də rus qoşunları ilə mübarizə apara bilməz. Bu səbəbədən də mən Rusiyanın B variantını işə salıb Azərbaycan müxalifətindəki adamlarını iqtidara gətirəcəyindən narahatam".
Sərdar Cəlaloğlu hesab edir ki, dəyişilmələrin dinc və tədricən olmasını qəbul etməyən, yalnız radikal şüurlarla xalqın qarşısına çıxan qüvvələr Rusiyanın B variantının oyunçularıdır: "Dünya təcrübəsi göstərir ki, radikallıq heç bir xalqa xeyir gətirməyib. Hətta məzlumların radikallığı zalımları aradan qaldırmaq əvəzinə, onların məzlumluğunu bir qədər də artırıb. Mahatma Qandi deyir ki, zorakılıq zülmü artırmağa, onun əlinin güclənməsinə xidmət edir. Ümumiyyətlə, demokratik mübarizənin fəlsəfəsi bundan ibarətdir ki, zorakı mübarizə ümumi şəkildə zokarı gücə xidmət edir. Ona görə də kim Azərbaycanda zorakılıqla dəyişilmələr istəyirsə, onlar əksinə iqtidara, Rusiyaya xidmət edir. Bu səbəbdən də Mahatma Qandi deyirdi ki, mən zorakı qüvvələrlə Hindistanı azad etməkdənsə, ingilis işğalçılarının yanında durmağa üstünlük verirəm. Görün, zorakı yolla dəyişilmələr nə qədər təhlükəlidir".
 
"İqtidardan tələb edirik ki, təcili olaraq qeyd etdiyimiz 3 məsələni aradan qaldırsın"
 
Zorakı mübarizənin Azərbaycan xalqına xoşbəxtlik vəd etməyini deyən ADP sədri bildirdi ki, ölkəmizin qanlı inqilab yolu ilə bir addım belə, irəli getmək şansı yoxdur: "Məhz bu səbəbdən biz iqtidardan tələb edirik ki, təcili olaraq qeyd etdiyimiz 3 məsələni - müxalifəti sistemdən xaric etməyi, xalqla müxalifət arasında yaradılan baryeri və siyasi sialoq yolunun bağlanmasını aradan qaldırsın. Bunun üçün isə təcili növbədənkənar parlament seçkiləri keçirilməli, Azərbaycan müxalifəti aldığı səslərə uyğun olaraq Milli Məclisdə təmsil olunmalı, küçə müxalifəti artıq aradan qalxmalı və sistem daxili müxalifət meydana gəlməlidir. Eyni zamanda, Heydər Əliyevin dövründə olduğu kimi, Azərbaycan telekanalları müxalifətin üzünə açılmalı, küçələrdə, meydanlarda, xarici televiziyalarda aparılan debatlar bu dəfə iqtidar nümayəndələrinin iştirakı ilə daxildə aparılmalıdır. Bu zaman söyüşlər, qarayaxmalar, böhtanlar aradan qalxacaq. Və nəhayət, Azərbaycan müxalifətinin xalqla iqtidar arasındakı əməkdaşlıq missiyasını düzgün aparmasına şərait yaradılmalıdır. Yəni müxalifətlə xalq arasındakı baryer aradan qaldırılmalı, o cümlədən iqtidar həmin müxalifətlə dialoqa getməlidir ki, ölkədə normal dəyişikliklər olsun. Əks halda, Azərbaycan inqilabdan sığortalanmayıb. Ən geci gələn Azərbaycanda çox ciddi hadisələr gözlənilir. Çünki apardığım müşahidə və təhlillər onu göstərir ki, artıq iqtidar nümayəndələrinin belə, şüurunda inqilaba hazırlıq gedir. Küçədə kiminsə inqilab etməsi ilə inqilab qalib gəlməz. İqtidardakı da özünə qarşı inqilabın olacağına inandığı təqdirdə inqilab qalib gəlir. Biz görürük ki, artıq iqtidar nümayəndələri, orta təbəqə məmurlar da inqilabın olacağını deməyə başlayıblar. Əslində, bu, çox təhlükəli bir sindromdur".
 
"Bu gün iqtidar özü-özünü aldatmaqla məşğuldur"
 
Azərbaycan xalqını yalnız iqtidarın idarə etmədiyini, müxalifətin də bu və digər formada əhalinin idarə olunmasında iştirak etdiyini qeyd edən Sərdar Cəlaloğlunun fikrincə, hakimiyyət tamamilə ictimai rəyi idarəetmədən məhrum olub: "Biz xalqı qeyri-rəsmi idarə edirik, bəyanat veririk, adamlarımız vasitəsi ilə işlər görürük. Onsuzda Azərbaycan xalqının beynində iki idarəetmə sistemi var ki, onlardan biri rəsmi idarəetmə olan iqtidar, digəri isə müxalifətdir. Ümumiyyətlə, əhalinin 90 faizi müxalifətin nə dediyini axtarır. İqtidar isə Azərbaycan televiziyalarını müxalifətin üzünə bağlamaqla bizi fikirlərimizi xalqa çatdırmaqdan məhrum edir. Buradan da xalqa elə gəlir ki, ya müxalifət yoxdur, ya da xalq ümumiyyətlə Azərbaycan telekanallarından imtina edib. İqtidar bir şeyi başa düşmür ki, hətta öz siyasətlərinin şüurlara işləməsi üçün ən azı müxalifəti efirlərə buraxmalıdır ki, camaat Azərbaycan televiziyasına baxsın. Bu gün isə ölkə vətəndaşlarının böyük əksəriyyəti yerli telekanallara baxmır. Ya internet telekanallara, ya türk, ya da rus televiziyalarına baxırlar. Buna görə də hazırda ictimai rəyin istiqamətlənməsində iqtidarın heç bir rolu yoxdur. Yəni hakimiyyət tamamilə ictimai rəyi idarəetmədən məhrum olub. Bundan sonra da məhrum olacaq. Çünki iqtidar heç vaxt monoloqla ictimai rəyə təsir edə bilməyəcək. Bunun üçün mütləq dialoq olmalıdır. İqtidar yalnız dialoqda üstünlüyünü nümayiş etdirəcəyi təqdirdə ictimai rəyə müsbət təsir edə bilər. Təəssüf ki, iqtidar dialoq yolunu bağlayıb. Bu gün iqtidar özü-özünü aldatmaqla məşğuldur. Bilməlidirlər ki, yalnız milli həmrəylik fonunda aparılan real islahatlar xalqa xeyir verəcək. Ümumiyyətlə, elə bir islahat həyata keçirmək lazımdır ki, əhalinin 90 faizinin marağına xidmət etsin. İqtidar isə bu cür addımlar ata bilmir. Bunun üçün mütləq müxalifətlə dialoqa getmək, mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq lazımdır. Əks halda, inqilab qaçılmaz ola bilər".
 
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org