Su əvəzinə sıradan çıxmış yollar – Milyonlarla dəyəri olan layihə Marneulini "savaş meydanı"na döndərib / FOTOLAR

Baxış sayı:
13840

Dörd il əvvəl, Marneuli bələdiyyəsinin 35 200-ə yaxın sakininə, 24 saat ərzində içməli su veriləcəyini vəd etmişdilər. Hər şey 2018-ci ilin 22 noyabrında başladı. O zaman mərkəzi və yerli hakimiyyət nümayəndələri Mədəniyyət Mərkəzinin zalında toplaşmışdılar. Oradakı onlarla adama stabil, keyfiyyətli su təchizatı və kanalizasiya sistemindən istifadə edəcəkləri vədini vermişdilər. 

Layihənin təqdimatı - 2018-ci il.

 
Layihənin təqdimatı - 2018-ci il.
Marneuli şəhərində və kəndlərdə layihənin həyata keçirilməsinə 2019-cu ildə başlanıldı. Yollar qazıldı, borular çıxarıldı, infrastruktur sıradan çıxdı, sıradan çıxmış yollara görə, ictimai nəqliyyat və yerli sakinlərin avtomobilləri xarab oldu.

Əslində, əhali bunların hamısına 2021-ci ilin mart ayına qədər “dözməli” idi. Həmin dövr layihənin başa çatma tarixi olaraq anons edilmişdi. Ancaq vəziyyət heç 2022-ci ildə də dəyişməyib. Bu günə qədər qalan isə xarab olmuş yollardır. Marneuli şəhərində Jordania, Karkaraşvili, Rəsulzadə, Səməd Vurğun küçələri və Yağlıca məntəqəsində keçmək demək olar mümkün deyil.

Əvvəl işlərin həyata keçirilmə öhdəliyini Azərbaycan şirkəti “Akelik Group” üzərinə götürmüşdü. Layihəni şəhər xidmətinin yaxşılaşdırılma investisiyası proqramı çərçivəsində Asiya İnkişaf Bankı, 55 940 022 dollar dəyərində maliyyələşdirir. Təəccüblü olsa da, milyonlarla larilik büdcə fəhlələrin maaşını təmin edə bilmədi və iş məhkəməyə qədər gedib çıxdı. ”Marneuli” radiosu kanalizasiya sistemlərinin tikinti əməkdaşlarını dəfələrlə işıqlandırıb. Onlar maaş tələbi ilə meriya qarşısında davamlı aksiyalar keçirirdilər.

“Akelik Group”-u işlərdən uzaqlaşdırdılar. İşi onun övladlığı olan “Tera Group” davam etdirdi. Ancaq onlar da əməkdaşların maaşını vermədi. İndiki mərhələdə Marneuli bələdiyyəsində kanalizasiya layihəsi dayandırılıb. Gürcüstan Birləşmiş Su Təchizatı şirkətinin işləri bitirmək üçün daha bir cəhdi var. İndiki mərhələdə tender elan edilib və namizədlər 2022-ci ilin 30 may tarixinə qədər tenderdə iştirak edə bilər. Şirkətdən “Marneuli” radiosuna bildirdilər ki, qeyd olunan layihə barədə təfərrüatlar ayın axırında bilinəcək.