Suriyanın 70 bədəvi tayfası Amerikia və kürdlərə qarşı VURUŞMAQ ÜÇÜN BİRLƏŞİB: səudlar Suriyada yeni oyuna başlayırlar – TƏHLİL

Ərəb tayfalarının başçıları Amerika qoşunlarının Suriyadan çıxarılması uğrunda çıxış edib və Dəməşqin tərəfində vuruşmaq üçün öz könüllü yığmalarını yaratmaq qərarına gəliblər. Birləşmələr kürd milisinə qarşı da döyüşəcəklər. Suriya komandanlığı şiə könüllü yığmasının iri qüvvələrini İŞİD-ə qarşı hərbi əməliyyatlar üçün ölkənin şərqinə göndərib.
Hələb, Ər-Raqqa, Əl-Hasəkə əyalətlərinin 70 bədəvi tayfasının şeyxləri hökumət qüvvələrinin nəzarətindəki Dəyr-Xafər şəhərində görüş keçiriblər. Ərəb ağsaqqalları keçən şənbə baş tutan toplantıda ümumi rəyə gəliblər ki, bütün xarici müdaxiləçilər, birinci növbədə ABŞ Suriya torpağını tərk etməlidir. Tayfa başçıları Suriya ərazisi tam azad edilənədək ərəb hökumət ordusu (ƏHO) tərəfində istənilən xarici müdaxiləçiyə qarşı vuruşacaq xalq könüllülərinin yaradılması haqda razılığa gəliblər. Ərəb KİV-ləri Dəməşqdəki hərbi idarəyə istinadən məlumat verir ki, hərbiləşdirilmiş yeni bədəvi birləşmələri ölkənin şərq bölgələrində Suriya Demokratik Qüvvələri (SDQ) və Amerika hərbçilərinə qarşı hərbi əməliyyatlar aparacaqlar.
Əvvəllər xəbər verilib ki, Səudiyyə Ərəbistanından emissarlar SDQ komandanlığıyla silsilə görüşlər keçiriblər ki, Suriyanın şərq və şimal rayonlarında ərəb əhalinin çox olduğu şəhərlər səudların yardımıyla yerli sakinlərdən yaradılması planlaşdırılan ərəb silahlı birləşmələrinin nəzarətinə verilsin. Məlum olduğu kimi, ər-Riyadın Suriya bədəvilərinə təsiri var. Suriyada səhra köçərilərinin ən böyük tayfaları – Həssənə, Ruvalla, Əceydat, Fədaan, Əl-Bəqqərə, Sbaa – Ərəbistandan çıxıb və qan qohumluğu və mədəniyyətlə təkcə öz aralarında deyil, həm də Ərəbistan yarımadasının başqa bədəvi tayfalarıyla bağlıdırlar. Məsələn, kral əl-Səudun ailəsi Həssənə tayfasından çıxıb və onunla indiyədək sıx, o cümlədən qız alıb verməklə bağlı əlaqələr saxlayır.
Ərəb tayfalarının son zamanlar ABŞ-a və onun dəstəklədiyi SDQ-ə qarşı yaranan mənfi münasibəti Amerika aviasiyasının pinti işiylə ağırlaşıb. Ərəb KİV-lərinin məlumatına görə, koalisiya təyyarələri şənbə günü Xədəc rayonunda (Hasəkə əyalətinin güney hissəsində) İŞİD bandalarının mövqelərinə aviazərbə endirib. Nəticədə 12 mülki, o cümlədən üç uşaq həlak olub. Amerika aviasiyası bu hadisədən bir neçə saat sonra Baquz-Faukani şəhəri rayonunda (Deyr-əz-Zor əyalətinin şərq hissəsində) islamçılara hücum edib, səkkiz dinc sakin, o cümlədən üç uşaq bombardmanın qurbanı olub. Suriyanın şərqində İŞİD-lə mübarizə vaxtı minlərlə dinc sakin Amerika bomba və raketlərindən həlak olub. Bədəvi şeyxlərinin toplantısı Ər-Riyaddan xəbərsiz keçə bilməzdi. Tayfa başçılarının aldığı qərar dolayısıyla işarə edir ki, Səudiyyə Ərəbistanı Suriyada hansısa dərəcədə ABŞ və koalisiyaya qarşı fəaliyyətə başlayır. Düzdür, yeni ərəb könüllülərinin Dəməşqə inam və həqiqətlə qulluq edəcəyinə zamin durmaq da olmaz. Tayfa başçılarının İranyönlü şiə milisinin böyük birləşmələrinin Deyr-əz-Zor əyalətinin qərb rayonlarına göndərilməsinə – bu, şənbə günü Dəməşqdəki hərbi qaynaqlardan məlum olub – necə reaksiya verəcəyi hələ aydın deyil. Təzəcə gələn məlumatlara görə, şiə könüllüləri Suriya Ərəb Ordusuyla birgə Badiyə əl-Şam rayonunda İŞİD birləşmələrinə təzyiqi gücləndirəcək.
Tərcümə Strateq.az-ındır.