Toylarda kütləvi zəhərlənmələr: günahkar kimdir...

Baxış sayı:
7834

Son günlərdə Azərbaycanda keçirilən toylarda kütləvi zəhərlənmə halları yaşanır. Belə ki, ötən gün İsmayıllıda  keçirilən toyda kütləvi zəhərlənmə olub. Hadisə nəticəsində xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib.

Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini rayonun Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

Yuxarıda da qeyd etdiyimiz kimi, son 1 ayda Azərbaycanda toyda bir neçə zəhərlənmə faktı qeydə alınıb. Avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində toya gələn 89 nəfər,  avqustun 26-sı Ağdaşda sünnət toyunda iştirak edən 10 şəxs, ötən gün isə Şəkinin Çeşməli kəndində toy mərasimindən sonra 21 nəfər zəhərlənərək xəstəxanada müalicə alıb.

Azərbaycanda qida sektoruna nəzarət etmək üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bəs bu qurum restoranlar şəbəkəsinə, toy məclislərinə nəzarət edə bilirmi?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva hadisə ilə bağlı “Yeni Müsavat”a bildirib ki, İsmayıllıda həyətyanı sahədə keçirilən kiçik toy məclisində qidadan zəhərlənmə ehtimalı ilə bağlı agentliyin mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub:

AQTA: “Əhalinin kütləvi qidalandığı məkanlarda agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır”

“Hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək”.

Fərziyeva söyləyib ki, bu kimi hadisələr adətən çadır toylarında baş verir. Onun sözlərinə görə, insanlar qidaları düzgün şəraitdə saxlamırlar. Nəticədə bu cür zəhərləmə halları yaşanır: “Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçirir. Əhalinin kütləvi qidalandığı məkanlar, ictimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühüm tərkib hissəsi olduğundan bu kimi yerlərdə də agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Həmçinin konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda növbədənkənar (plandankənar) yoxlamalar həyata keçirilir.

Vətəndaşlar ictimai-iaşə obyektlərində hər hansı nöqsanla rastlaşsalar, həmin müəssisələrdə qidaların tərkibi, keyfiyyəti ilə bağlı hər hansı şübhələri olsa, agentliyin  1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır".

Bundan əlavə, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Şəkidə keçirilən toyda baş verən zəhərlənmə hadisəsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bilidirilir:

“Avqustun 25-i Şəki şəhərində yerləşən ”Firuzə" şadlıq sarayında keçirilmiş toy məclisində iştirak edən təxminən 400 nəfər qonaqdan 57 nəfərinin qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Rayon polis şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Fakta görə polis şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilməklə evə buraxılıb.

Hazırda iş üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək".

Ekspert Eyyub Hüseynov ile ilgili görsel sonucu

Ekspert: “Bu agentlik üzərinə çoxsaylı səlahiyyət götürüb, amma...”

Ekspert Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, AQTA üzərinə həddindən artıq səlahiyyətlər götürüb: “Qida zəncirində iştirak edən bütün subyektlərə AQTA-nın nəzarəti olmalıdır. Onların əsasnamələrində bu barədə ayrıca qeyd var. Ölkə prezidenti bu mükəmməl əsasnaməni təsdiq edən zaman nəzərdə tuturdu ki, bu, Azərbaycan vətəndaşlarının həyatında müsbət izlərini qoyacaq və eyni zamanda ölkənin istehsalında olan məhsulların xarici bazara çıxarılmasına kömək edəcək. Lakin təəssüf ki, hələ biz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılmasını görmürük. Bu agentlik üzərinə çoxsaylı səlahiyyət götürüb. Həm sertifikat verən orqandır, həm də sağlamlığın keşiyində dayanan. Restoranda zəhərlənmə varsa və bu restoran da AQTA-nın reysterinə daxildirsə, o zaman siyahını agentliyin qarşısına qoyub deyəcəklər ki, elə buradakı qidalara nəzarəti də siz edirsiniz. Ona görə də bu kimi məsələlərin kökündən həll olunması üçün AQTA sertifikatlaşdırma işini öz üzərindən atmalıdır. Çox təəssüf ki, AQTA-dan hər bir vətəndaş böyük nəticələr gözləsə də, belə vəziyyət yoxdur. Dəfələrlə Azad İstehlakçılar Birliyi olaraq bu qurumla əməkdaşlıq üçün müraciət etmişik. Lakin bütün addımları ilə görünür ki, bu agentlik şəffaflıq yaratmaq niyyətində deyil. Çox təəssüf ki, bu cür hallar baş verir”.