“Traktur” – türklərin iftixarı

Baxış sayı:
17784

Futbol üzrə Azərbaycan Milli Komandasının Lüksemburq Milli Komandasına uduzması azarkeşləri möhkəm qəzəbləndirib. Azərbaycan futboluna qınaq, tənə bir-birinə qarışıb. Ölkənin futboldan birdəfəlik “əl çəkməsini”, şahmatdakı böyük uğurlara görə “dövlət qayğısı”nın şahmata yönəldilməsini tövsiyə edənlər də var. Təkliflərin içərisində ən ilginci milli komandanın yerinə Güney Azərbaycanın “Traktur Azərbaycan” (qısaca “Traktur”) komandasına azarkeşlik etmək təklifidir – “nə fərqi var, “Traktur” da bizimdir” düşüncəsi ilə… Bəlkə kimlər üçünsə bu təklifin emosional çaları çox görünə bilər, amma fakt odur ki, Təbrizin “Taraktur Azərbaycan” komandası Bütöv Azərbaycanın iftixarına çevrilməkdədir.

İranın Məşhəd şəhərində keçirilən oyunda “Tarktur”un İran kubokunun birneçəqat sahibi və rəsmi Tehranın qayğı və diqqətini əsirgəmədiyi “İstiqlal” komandasını yenərək çempionatın qalibi olması, İranı futbol üzrə Asiya Çempionatında təmsil etmək haqqı qazanması, idman hadisəsi olmaqdan daha çox İran türklərinin qələbə əzminə, milli duyğularına misilsiz qatqıdır.
Dünya mediası illərdir “Traktur Azərbaycan”ı ən çox azarkeşi olan komanda adlandırır. 2010-cu ildə komandanın 482 min rəsmi azarkeşi olub. Qələbələr artıqca, “Traktur” milli mücadilə faktoruna çevrildikcə, bu say dəfələrlə çoxalıb. 40 milyon İran türkü ilə yanaşı, 10 milyonluq Azərbaycan Respublikası, Tehranda, İranın müxtəlif şəhərlərində, Türkiyədə, Borçalıda, Rusiyada, ABŞ-da, Avropada, Asiyada yaşayan türklər… ən çağdaş yapon hesablayıcıları da “Traktur”un azarkeşlərini saymaqda çətinlik çəkər. Güneyli qardaşlarımız arasında maraqlı bir deyim var – komandanı qələbəyə aparan oyunundan da çox, azarkeşləridir. Belə bir güclü sevgi, alqış seli, milli davada simgə olmaq qüruru oyunçulara elə bir ruh verir ki, qələbə qazanmamaq mümkün deyil.

Dediyimiz kimi, Təbriz komandasının oyunu çoxdan idman sərhədlərini aşıb. Bu gün Tehranın siyasi qərarlarına türklərin münasibəti “Traktur”un yarışa çıxdığı stadionların tribunalarında verilir. Sloqanlara diqqət edin, hər birində milli kimliyə vurğu, milli mücadilənin tələbləri… “Azərbaycan İran deyil”, “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “ Sən ey İran, Vətənimsən, sən yaşa Azərbaycan”, “Bakı, Təbriz, Ankara, biz hara farslar hara”, “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”,“Nə mutlu türkəm deyənə”, “Turan sevdamızdır”, “Traxtor – tüklərin iftixarı”.
Siyasi leksikonda deyildiyi kimi, İran türkləri bu çağırışlarla eyni zamanda dünyanın diqqətini ölkə içərisində hüquq və azadlıqlarının məhdudlaşdırılmasına çəkir, siyasi mübarizə imkanları mümkün olmadığı üçün siyasət meydanını futbol meydanına transfer etmək məcburiyyətində qaldıqlarını göstərirlər. Tehran bundan məmnundurmu? Birmənalı cavab vermək çətindir.
1970-ci ildə Təbrizin traktor zavodunun bazasında “Traktursazi” adı ilə yaradılan komanda 1979-cu il inqilabından sonra krerikal hakimiyyətin idman oyunlarını yasaqması ilə fəaliyyətini dondurub. Ancaq yeni-yeni oturuşan hökumət dərk edirdi ki, yalnız mədrəsə və məscidlər hər 30-40 ildən bir inqilab havasına köklənən vətəndaşları idarə etməyə yetməyəcək, o səbəbdən idmandan yararlanmaq qərarına gəlindi, bir çox komandalar kimi Təbrizin hər iki komandası – “Traktursazi” və “Maşınsazi” SEPAH-ın nəzarətində canlandırıldı.

Ancaq Təbrizdə milli mücadilənin genişlənməsi və güclənməsi “Trakturu” Tehranın arzuladığı kimi onun siyasətinin təbliğatçısına deyil, tam tərsi, əks-təbliğatçısında çevirib. Dəstəyin miqyası genişləndikcə Tehran məsələni basqı ilə çözməyi gündəmdən çıxarıb. İndi iqtidar etirazçı təbəqəni İranın müxtəlif şəhərlərində spontan yarana biləcək küçə yürüşləri və mitinqlərdən stadionlara toplayaraq, “alovu” lokallaşdırmaq taktikasını seçib. Ancaq asan deyil…

Oyun başlayana qədər Güney Azərbaycan milli azadlıq hərəkatını təmsil edən qurumların bayraqlarını, sloqanlar yazılan posterləri azarkeşlərdən toplamaq üçün hökumət stadionların qarşısına hərbi qüvvə cəlb etmək məcburiyyətində qalır. Çünki sadəcə daxili qoşun hissələri ilə həm duruma nəzarət etmək, həm müsadirəni həyata keçirmək mümkün olmur. Şahidlər deyir ki, Azərbaycan Respublikası bayrağı və onun əsasında yaradılan Güney hərəkatının bayraqlarını məkandan aparılmaq üçün Tehran əraziyə ən azı 30 iri yük maşını gətirmək məcburiyyətində qalır. Buna baxmayaraq, stadiona bayraq keçirilməsinin qarşısını 100 faiz almaq mümkün olmur. Hər oyunda meydanda Azərbaycan Respublikasının üçrəngli bayrağı da dalğalanır, Türkiyə Respublikasının bayrağı da.

“Traxtur”un İran çempionu olması məsələsinin arxasında iqtisadi səbəblər də var. 2018-ci ildən İranın ən zəngin iş adamlarından Məhəmməd Rza Zunuzi komandanı rəsmi sahibidir. Təbrizli, təbii ki, əslən türk olan Zunuzi İranın 10 zəngin iş adamından biri sayılır. O, idmanda korrupsiya faktlarını ən çox səsləndirən şəxslərdəndir. Zunuzi bir müddət öncə İran idmanı ilə bağlı problemlərdən danışarkən zəngin məmur övladlarının idmandan böyük pullar əldə etdiyini bildirmiş, bununla da faktiki ölkəni idarə edənlərin övladlarını İranda qadağan edilərək haram sayıla qumarla məşğul olduğunu dilə gətirmişdi. Sitat: “Komandaların xərclərini klublar qarşılayır, amma gəlirlər başqa insanların cibinə gedir. Bir sıra rəsmilərn övladları başqa insanların adına şirkətlər açıblar. Ancaq biz bilirik ki, o şirkətlərin əsl sahibləri kimdir və onlar necə pul qazanırlar”.
Zunuzunun belə cəsarətli açıqlamalarını onun hakimiyyət içərisində ciddi dayaqlarının olmasına bağlayanlar da var. Bu ehtimal doğru da ola bilər. İran çox ciddi iqtisadi böhran yaşayır. Sosial etirazların ardı-arası kəsilmir. Real sudan ucuzdur… Pandemiya İrana bir ağır zərbə də vurub. Belə bir durumda ölkə iqtisadiyyatında bəlli payı olan rəsmi milyarderlə hansısa şərtlər daxilində işbirliyi təbii, Tehranın marağındadır. Ancaq səbəbi nə olursa olsun, bu gün Zunuzinin maliyyəsi ilə ayaqda duran “Traxtur” ölkədə milli düşüncənin simvoluna çevrilir, türklərin təşkilatlanmasına ciddi qatqı göstrməklə yanaşı Zunuzinin də mövqelərini möhkəmləndirir.

Son qələbə haqqında danışarkən oyunun Məşhəd şəhərində keçirilməsi və Məhərrəm ayında baş tutması da diqqətdən kənarda qalmamalıdır. Məşhəd İranın, ümumiyyətlə şiə dünyasının əsas şəhərlərindəndir. Məhərrəm isə şiələr üçün İmam Hüseyn əzadarlığının ayıdır. Belə bir dönəmdə türk-fars qarşıdurmasını Məşhədə salıb qələbəni türklərə vermək Tehranın Təbrizə jesti sayıla bilər. Böyük ehtimalla, bu, türkləri yaxın aylarda iqtisadi səbəbdən meydana gələcək etirazlardan uzaqlaşdırmaq, neytrallıqlarını təmin etmək üçün atılan addımdır.

Məşhəddə qazanılan qələbəni türklər Təbrizdə, Urmiyədə, Zəncanda, Tehranda qeyd ediblər. Məhərrəm ayına görə ölkənin matəm libasına geyinməsinə baxmayaraq şəhərlər “Traxtur”un qırmızı bayraqlarına bürünüb, küçələrdə böyük coşqu yaşanıb, şadyanalıq edilib. Məhərrəm ayında bu, İran üçün nonsensdir.

Güneyin bu havası sosial şəbəkə üzərindən Quzeyə də keçib. “Traxtur”un Bakıdakı azarkeşləri komandalarına əsasən sosial şəbəkələrdə dəstək verib, Təbrizdən, Urmiyədən çəkilən görüntüləri yayıb, təbriklər yazıblar. Təəssüf doğuran məqam Azərbaycanın siyasi müstəvidə Güneyin böyük qələbəsinə dəstək verməməsidir. Azərbaycan rəsmilərinin, eləcə də siyasi partiya yetkililərinin təbrikləri gözə dəyməyib. Hətta zaman-zaman millərin qanına millətçilik damarından nüfuz edənlər belə susqunluqlarını qoruyublar. Quzeyin rəsmi səviyyədə susqunluğu Güney hərəkatının tələfdarları tərəfindən sərt tənqid edilib. Haqlıdırlar… “Traxtur”un qələbəsindən dərhal sonra meydanlara axışan Güney Azərbaycanın “Qarabağ bizimdir, bizim olacaq” şüarının qarşılığında bu, Quzeyin ən azı vəfa borcu idi. Belə bir birlik və bərabərlik mesaj hər zaman torpaqlarımızda təfriqə yaratmaq istəyən rəsmi Tehrana da layiqli cavab olardı.
Güneyin Azərbaycandan yüksələn türk birliyi çağırışlarına cavabı Türkiyə siyasətçiləri üzərlərinə götürüblər. İyi Pariya başqanı Meral Akşener Tvitterdə “türklərin İrandakı qüruru qızıl qurdlarımız “Traktur Azərbaycan”ı İran kubokunu qazanmaları münasibətilə təbrik edirəm. Başarılarınız daimi olsun” yazdıqdan sonra bir çox siyasətçilər, ictimai xadimlər, sənətçilər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Qızıl Qurdları sosial şəbəkə üzərindən təbrik ediblər.

Qızıl Qurdlar indi Asiya Çempionatına hazırlaşırlar. Qızıl top onların olsun!

Aygün MURADXANLI