Trampın qərarı ilə bağlı mövqeyimiz dəyişməyib - Aİ

Baxış sayı:
10291

Avropa İttifaqı İsrailin Suriyanın işğal olunmuş ərazisi - Qolan təpələri üzərində suverenliyini tanımaq niyyətində olmadığını təsdiq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin martın 27-də dərc olunan bəyanatında deyilir.
“Avropa İttifaqının Qolan təpələrinin statusu barədə mövqeyi dəyişməyib. Beynəlxalq normalara və BMT-nin Təhlükəsizlik Şurasının 242 və 497-ci qətnamələrinə uyğun olaraq Avropa İttifaqı İsrailin işğal olunmuş Qolan təpələri üzərində suverenliyini tanımır”, - deyə sənəddə bildirilir.
Avropa Şurasının sədri Donald Tusk hələ Birləşmiş Ştatların İsrailin Qolan təpələri üzərində suverenliyini rəsmən tanımasından öncə, Avropa İttifaqının martın 21-22-də keçirilən sammitinin nəticələrini şərh edərkən Aİ-nin bu region barədə mövqeyinin dəyişməzliyini bəyan etmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb.